Azərbaycan və Ermənistan arasında sülhün zəmanətləri

post-img

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh müqaviləsindən gözləntiləri ilə bağlı çıxışında qeyd edib: “Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”.

Beləliklə, Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra ötən üç il ərzində gündəmdə olan bir mövzuya aydınlıq gətirib. Bu mövzu gələcəkdə daxili işlərə qarışmamaq öhdəliyi şəklində sülh müqaviləsinin prinsiplərindən birində öz əksini tapıb. Lakin bütün danışıqlar prosesi boyu erməni tərəfi sözdə sülh müqaviləsinin prinsiplərini qəbul edərək, faktiki olaraq Azərbaycanın daxili işlərinə qarışıb - Qarabağ ermənilərini maliyyələşdirib, öz silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmaqdan imtina edib, həmçinin, Qarabağ məsələsini beynəlxalq təşkilatlarda və məhkəmələrdə qaldırıb.

Hətta sentyabrın 19-20-də bir günlük antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan qaçması və erməni əhalisini də özləri ilə aparması belə Paşinyan hökumətini Azərbaycanın daxili işlərinə qarışmaq fikrindən çəkindirməyib. İşə Fransanın və digər aktorların timsalında Ermənistanın himayədarları qoşulub və Azərbycan Prezidenti ilə danışıqlarda Qarabağ mövzusunu gündəmə gətirməyə çalışıb, lakin danışıqlar baş tutmayıb. Beynəlxalq Cinayət Məhkəməsi də Ermənistanın Azərbaycana qarşı iddiasının Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan bəndlərini rədd edib.

Əslində Paşinyan və ətrafı heç də “ağ qanadlı sülh mələkləri” deyillər. Onlar belə davranmağa məcbur olublar. Azərbaycan Prezidenti və Silahlı Qüvvələri onlara başqa seçim qoymayıb!!!

Azərbaycanın Ermənistan tərəfdən revanş cəhdinin mümkünlüyünə əsaslı şübhələri var. Bu şübhələr tarixin saxtalaşdırılması təcrübəsi (1918-ci ildən ermənilərin Qarabağ mövzusunu qaldırmadığı on illik olmayıb) və Ermənistan qanunvericiliyinə əsaslanır.

Azərbaycan səmimi qəlbdən Ermənistanla uzunmüddətli və sarsılmaz sülh arzulayır. Odur ki, gələcəkdə qisas almağın mümkün olmadığına zəmanət lazımdır.

Bu zəmanətlər nə ilə ifadə oluna bilər?

Təbii ki, ilk növbədə bu, Qarabağın Ermənistanın tərkib hissəsi hesab edildiyi Ermənistanın müstəqillik aktı, Konstitusiyası və qanunvericiliyidir. Bu kontekstdə təkcə Paşinyanın təminatları və imzalanmış sülh müqaviləsi kifayət etməyəcək. Paşinyan bu gün var, sabah isə gedəcək. Bəs onda necə olacaq?! Yenə müharibə?!

Sülh müqaviləsi və onun ratifikasiyası prosesi bütün digər qanunvericilik aktlarının sülh müqaviləsinin müddəalarına uyğunlaşdırılması üçün əsas ola bilər. Ancaq bunun üçün hələ inanılması vacib olan razılaşmalar və təminatlar lazımdır. Bəs müstəqilik aktı?! Bütün bunlar uzunmüddətli həllərin müzakirəsi və işlənib hazırlanması üçün vaxt tələb edir.

Məsələn, Ermənistan ərazisində özünü ləğv etmiş “DQR”in nümayəndəliyi var ki, onun “parlamenti” artıq “həyat siqnalları” verməyə başlayıb. Təbii ki, Paşinyanın partiyasının nümayəndələri deyirlər ki, Ermənistan ərazisindəki bu fəaliyyət bu ölkənin özü üçün də təhlükəsizlik riskləri yaradır. Amma bunlar sadəcə bəyanatlardır.

Yanvarın 1-i yaxınlaşır, ondan sonra formal olaraq “DQR” mövcud olmayacaq. Lakin bu tarixə qədər Ermənistan ərazisində sülh prosesinə xələl gətirə biləcək addımlar atıla bilər. Ermənistanda üzərində qondarma qurumun rəmzləri əks olunan bina ola bilməz və olmamalıdır. Fərdi mülki təşəbbüslər ayrı məsələdir, lakin nümayəndəlik dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir.

Erməni hökuməti nəzərə almalıdır ki, atılan addımlar ardıcıl və prinsipial olmalı, sülh gündəmini dərinləşdirmək üçün etimad mühiti yaratmalıdır. Paşinyan hökumətinin bundan əvvəlki bəyanatları və hərəkətləri prosesə ancaq ziyan vurub.

ABŞ, Fransa, Aİ institutlarının simasında Ermənistanın himayədarları da “Qarabağ qovluğunu” bağlamalıdırlar, əks halda Ermənistan Azərbaycanla sülhə nail ola bilməz. Əgər Ermənistan Respublikası və ermənilər onlar üçün bu qədər əzizdirsə, o zaman sülh prosesinin məntiqinə əməl etməlidirlər.

 

Fərhad MƏMMƏDOV, 

politoloq

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri

 

Siyasət