Seçkidə Prezident İlham Əliyevlə ciddi rəqabət apara biləcək siyasi xadim yoxdur – AÇIQLAMA

post-img

“Hazırda ölkədə Prezident İlham Əliyevlə seçkilərdə ciddi rəqabət apara biləcək siyasi xadim yoxdur. Azərbaycan 30 illik işğaldan sonra torpaqlarını azad edib. İlham Əliyevin qalib dövlətin Ali Baş Komandanı kimi yüksək reytinqi var. Təbii ki, seçkilərdə bir neçə namizəd olacaq, lakin onların qalib gəlmək şansları xeyli azdır”.

Bu fikirləri STM-in sektor müdiri, politoloq İlyas Hüseynov növbədənkənar prezident seçkilərini şərh edərkən dedi. 

İlyas Hüseynov bildirdi ki, ictimaiyyət arasında növbədənkənar parlament seçkiləri və ya Konstitusiya dəyişikliklərinə dair məlumatlar yayılsa da, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı addım atıldı. Seçkilərin qəfil və gözlənilmədən elan edilməsi 2020-ci il parlament seçkilərini xatırladır. 2019-cu ilin dekabrında Prezident İlham Əliyev gözlənilmədən növbədənkənar parlament seçkilərinin 2020-ci ilin fevralında, yəni nəzərdə tutulduğundan 9 ay tez keçiriləcəyini elan etdi.

“Növbədənkənar prezident seçkilərinin regional proseslərlə əlaqəsinin olub-olmadığını indi dəqiq proqnozlaşdırmaq çətindir. Qarşıdan gələn illərin regionda və bütün dünyada daha stresli və çətin olacağını qeyd edə bilərik. Yəqin ki, İlham Əliyev bu addımı 2025-ci ildə iki mürəkkəb tədbir - eyni ildə prezident və parlament seçkiləri keçirməmək üçün atıb. Nəzərə alaq ki, gələn il həm də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Böyük ehtimalla, gələn ilin payızında parlament seçkiləri də elan oluna bilər”, - deyə STM-in sector müdiri qeyd etdi.

Politoloq vurğuladı ki, Azərbaycanda 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, prezident seçkiləri 7 ildən bir keçirilir. Bu dəyişiklikdən sonra hazırkı dövlət başçısı İlham Əliyev 2018-ci ilin aprelində Prezident seçilib. Azərbaycan Konstitusiyasında prezident seçkilərində iştirakla bağlı heç bir məhdudiyyət yoxdur, ona görə də cənab Prezident İlham Əliyev yenidən respublika prezidenti postuna namizədliyini irəli sürə bilər.

İ.Hüseynov diqqətə çatdırdı ki, qarşıda bizi 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri gözləyir: “Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2018-ci ildə Azərbaycan prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemi həll etdi və "Qarabağ Azərbaycandır!" şüarı dillər əzbəri oldu”.

Politoloqun fikrincə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət