“Dünya kəsişməsi” və sülhün Azərbaycan diktəsinə ehtiyacı

post-img

İrəvanın 1975-ci il xəritəsinə istinadı və Qərbin Rusiyasız Cənubi Qafqaza “erməni ərməğanı” 

“Dünya kəsişməsi” və ya “Dünya qovşağı”. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti belə bir başlıqlı layihə irəli sürüb. Bu layihə Azərbaycanın Zəngəzur dəhlizi ideyasına alternativ kimi görünməkdədir. 

Görəsən, məqsəd nədir? Əlbəttə, ilk baxış­dan olan məqsədi – alternativliyi diqqətə çatdır­dıq. Yəni, nəyin bahasına olursa-olsun, Azər­baycana qarşı çıxmaq əzmi aktualdır. Başlıca məqam haqqında söz açdığımız alternativliyin nədən qaynaqlanması ilə bağlıdır. Deməli, söh­bət yalnız Azərbaycana qarşı inaddan getmir. Bəlkə, Rusiyaya da qarşı inad məsələsidir? Bəli, bu da var. Suallar çoxdur. Mövzu isə göründü­yündən də mürəkkəbdir. Mürəkkəblik özünü bir neçə formada göstərir. Yazımızda bu və digər məqamlara aydınlıq gətirməyə çalışacağıq. 

Əvvəla, görək “Dünya kəsişməsi” nədir və o, nə üçün Zəngəzur dəhlizi ilə bir araya gəl­mir. Qeyd edək ki, Ermənistan rəhbərliyinin irə­li sürdüyü layihə ölkəni Fars körfəzindən Qara dənizə, Türkiyədən Xəzər dənizinə, oradan da Orta Asiyaya gedən yolların qovşağına çevirir. Bu mənada Naxçıvana gedən yolun da İrəvan üçün əhəmiyyəti böyükdür. Onsuz “Dünyanın kəsişməsi”, sadəcə, mümkün deyil. Görünür, elə buna görə də İrəvanın Qərbdəki tərəf­daşları Azərbaycana mövcud xüsusda təzyiq göstərməyə çalışırlar. İstəyirlər ki, layihə məhz Ermənistanın dediyi formada reallaşsın. Daha doğrusu, Azərbaycanın Naxçıvana gedən yolun İran ərazisindən keçməsinə dair təşəbbüsü real­laşmasın. Bu təşəbbüs nə üçün meydandadır? Çünki İrəvan üzərinə düşən öhdəliyi yerinə yetir­mir. Hansı öhdəliyi, bu barədə də söz açacağıq.

Bəli, “Dünyanın kəsişməsi”nin real­laşması Ermənistanı fundamental tranzit məmləkət durumuna gətirir, müvafiq ola­raq, onun iqtisadi imkanlarını genişlən­dirir və güclənməsini təmin edir. Üstəlik, ölkə mövcud qovşaqda söz sahibi olur. Təbiidir ki, məsələ strateji baxımdan nə Azərbaycana, nə də Türkiyəyə sərfəlidir. Elə Rusiyanın özü və İran üçün də eyni sözü demək mümkündür. İş ondadır ki, Ermənistan hakimiyyəti Qərbyönüm­lüdür. Həmin Qərb isə əsasən Rusiya və İrana zidd mövqedədir. Hələ bəzi məqamlarda Türkiyəyə də təzyiq göstər­məyə çalışır. 

“Dünya kəsişməsi” adları çəkilən ölkələrin yanında heç bir inama və eti­mada sahib olmayan Ermənistanı söz sahibinə, başqa sözlə, quzunu qurda çevirir. Bu layihə Qərbin partonajlığını əsas tutur. O Qərbin ki, Çinlə də müna­sibətləri rəvan deyil. Axı, nəqliyyat daşı­malarında başlıca pay Çinə məxsusdur. Məhz onun mallarının Qərb bazarlarına daha sərfəli şəkildə, yəni vaxt itkisinə yol vermədən çatdırılması başlıca amil kimi çıxış etməkdədir. 

***

Gələk, Ermənistanın öhdəliyi məsələsinə. Məlumdur ki, Azərbayca­nın siyasi leksikona gətirdiyi Zəngəzur dəhlizi ideyası İkinci Qarabağ müharibə­sinin nəticələrini əks etdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gəlməkdədir. O bəyanatdan ki, orada Prezident İlham Əliyevin, Rusiya Prezi­denti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaları var. Bu imzalar Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun olmasını təsdiqləməkdədir. Bu imzalar, eyni za­manda, həmin yol üçün Ermənistanın təminat verməli, Rusiyanın isə bilavasitə təhlükəsizliyi təmin etməli olduğunun göstəricisidir. İndiki halda Azərbaycan tələb edən, Rusiya öhdəliyi yerinə yetir­məyə hazır tərəfdir, Ermənistan isə öh­dəlikdən yayınan. 

Ermənistan niyə, hansı səbəbə öh­dəliyin icrasından yayınır və nəyi əsas tutaraq bunu edir? Əlbəttə, 1991-ci ilin Alma-Ata Bəyannaməsini. O sənədi ki, orada keçmiş Sovet İttifaqı respublika­ları bir-birinin ərazi bütövlüyünü həmin vaxtadək mövcud olmuş sərhədlər çər­çivəsində tanıyırdılar. Bu, nə deməkdir? Məsələnin üzərində bir qədər geniş da­yanaq. 

***

SSRİ 1923-cü ildə formalaşdı. Döv­lət yarananda, onun tərkibinə daxil olmuş Azərbaycan Respublikasının sərhədləri indikindən geniş idi. Lakin o dövrdə də erməni məkri öz sözünü de­miş və nəticədə digər ərazilərimizin Nax­çıvanla yolu, həmin yoldakı torpaqların Ermənistan SSR-ə verilməsi hesabına bağlanmışdı. Beləcə, Azərbaycanın türk dünyası ilə əlaqəsi kəsilmişdi... 

Diqqət yetirək, hazırda 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzərində daya­nan və həmin sənədə görə dövlətlərin bir-birinin ərazi bütövlüklərini tanımala­rının vacibliyini vurğulayan Ermənistan hakimiyyəti ərazinin necə müəyyən­ləşməsi faktorunu qabardır. Bu zaman 1975-1978-ci illərin xəritələrini əsas gö­türür. Söhbət SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının xəritələrindən gedir. İrəvan rəsmiləri bildirirlər ki, bəs, bu, ən son xəritələrdir. Sual doğur: Sözügedən xəritələr son xəritələr olduqları üçün qə­bul edilməlidirlər? Belə baxış nə dərə­cədə düzgündür? Əslində, bu yanaşma Alma-Ata Bəyannaməsi ilə də uzlaşmır. Axı, həmin sənəddə ərazi konkretliyi an­layışı yoxdur. O zaman yenə sual yara­nır: Əvvəlki illərin xəritələrində nə var? Olmazmı ki, həmin xəritələrə istinad olunsun? 

Məsələ burasındadır ki, vaxtilə Er­mənistana Azərbaycanın Naxçıvana quru yolunun bağlanmasını doğuran hissənin verilməsi qeyri-qanuni xarakter daşıyıb. Ona görə də məsələ yalnız heç bir ciddi əhəmiyyəti olmayan kağız par­çası üzərində əksini tapıb. Qeyri-ciddilik özünü həm də onda göstərib ki, SSRİ rəhbərliyi düz 1974-cü ilədək əvvəlki xəritələrə də əl gəzdirməyi düşünməyib. Çox güman, ölkənin rəhbərliyi SSRİ-ni 15 müttəfiq respublikanın, o cümlədən Azərbaycanla, Ermənistanın da daxil olduğu vahid məmləkət hesab edib. O nəhənglikdə dövlətin müqabilində ki­çik ərazinin böyük anlamı diqqətə alın­mayıb. Digər tərəfdən, türk dünyasını bir-birindən ayırmaq məqsədi o qədər güclü olub ki, sadəcə “torpağı Ermənis­tana verdik, getdi” kimi primitiv məntiq işə salınıb. Nəhayət, 1975-ci ildən son­rakı xəritələrdə dəyişiklik əksini tapmağa başlayıb. Daha doğrusu, qanunsuzluq. 

***

Belədə, 1975-ci il xəritəsinin əsas götürülməsi ilə bağlı yolverilməzliyin üzərinə gələk. Bir halda ki, Alma–Ata Bəyannaməsi SSRİ-nin süqutundan sonra müttəfiq respublikaların ərazi bü­tövlüyünün tanınması prinsipini əsas götürürdü. Deməli, Sovetlər Birliyinin yarandığı dövrdə həmin respublikala­rın ona hansı ərazilərlə qoşulmalarına diqqət yetirmək də şərtdir. Azərbaycan Sovet İttifaqından nə üçün torpaq itkisi ilə ayrılmalıdır? Yaxud Ermənistan nəyə görə ərazi qazancı ilə çıxmalıdır? Ona görə ki, erməni millətçiləri SSRİ rəhbər­liyində kimisə öz tərəflərinə çəkərək, hansısa saxta sənədə imza atdırıblar? Həmin vaxt Azərbaycan SSR rəhbərli­yindən bu barədə nə isə soruşulmuşdu­mu, razılıq alınmışdımı? Xeyr! 

Haşiyə çıxaq ki, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin ilk dövründə Azərbaycanın Naxçıvana gedən quru yolun əlimizdən alınması­nı hədəfləyən mənfur plan, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin tim­salında da özünü göstərmişdi. Erməni millətçiləri 1969-cu ildən 1987-ci illədək olan müddətin ayrı-ayrı mərhələlərində, hətta ondan əvvəl də Qarabağı Azər­baycandan qoparıb Ermənistana bir­ləşdirməyə səy göstərmişdilər. 1969-cu ildən sonra Heydər Əliyev düşünülmüş addımlarla Qarabağı Azərbaycan kimi vurğulamağa yönəlmiş tədbirlər reallaş­dırmışdı. Erməni məkrinə yaxşı bələd olan Ümummilli liderin məqsədyönlü fəaliyyəti nəticəsində separatçı baxış­lar boğulmuşdu. Elə ki, Heydər Əliyev 1987-ci ildə SSRİ-dəki vəzifə olimpindən uzaqlaşdırıldı, Ermənistanın və hava­darlarının Qarabağ avantürası yenidən qızışmağa başladı. Sonrakı proseslər, o cümlədən, torpaqlarımızın 20 faizinin iş­ğalı, otuz ilədək davam etmiş işğal dövrü isə hamımızın yaxşı yadındadır. 

***

Qayıdaq bilavasitə mövzumuza. Bəli, əzəli Azərbaycan torpaqları Azər­baycandan alınıb Ermənistana veriləndə və həmin ərazidə Meğri rayonu forma­laşdırılanda bizim fikrimiz nəzərə alın­mamışdı. 44 günlük müharibədəki qali­biyyətimiz isə imkan yaratdı ki, fikrimizi diktə edək. Diktə etdik və Ermənistan onun üçün kapitulyasiya aktına çevrilmiş sənədə imza atmaq məcburiyyətində qaldı. Ancaq...

Ermənistanın baş naziri Nikol Paşin­yan tez-tez beynəlxalq tribunalarda bil­dirir ki, rəsmi İrəvan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanıyır, Azərbaycan da Er­mənistanın 29,8 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanıdığını bəyan etməlidir. Ortaya belə bir məsələ çıxır: Ermənistan BMT-yə, Avropa Şura­sına, ATƏT-ə və digər strukturlara üzv qəbul edilib. Bu strukturlardan hansısa biri ölkənin suverenliyini 29,8 min kvad­ratkilometr ərazidə tanıyıbmı? Yaxud hansısa ölkə bunu edibmi? Hamısı, ümumi qaydada Ermənistanın ərazi bü­tövlüyünü tanıyıb. Yəni, burada konkret rəqəmlər əsas götürülməyib. Elə ərazilər də. Deməli, Ermənistan ərazisinin hara­dan başlayıb harada bitdiyi də müba­hisələndirilə bilər. 

Yeri gəlmişkən, bir müddət öncə bu məqama ölkənin baş naziri N.Paşinyan da toxunmuşdu. Onun sözlərindən belə çıxmışdı ki, hazırda bütün çalışması ölkəyə şəhadətnamə almaq üzərindədir. Hətta, məsələni gələcək nəsillərə miras kimi qiymətləndirmişdi. Deməli, Ermə­nistanın ərazi bütövlüyündən danışılan­da, tərəddüdlü düşüncələr Paşinyanın özünə də hakim kəsilib. Axı, tarix və faktlar var. Özü də o tarix heç də uzaqda deyil. 

Bəli, Ermənistan hakimiyyəti “Dün­ya kəsişməsi” ideyasını sadaladığımız məqamları düşünərək irəli sürməkdədir. Ona görə də N.Paşinyan, eləcə də onun komandasındakılar bütün beynəlxalq toplantılarda, qəbullarda əllərində xəritə məsələ barədə söz açırlar. Mövcud xü­susda anti-Azərbaycan ritorikasını təbliğ etmək, ölkəmizin, guya, işğalçı olduğu­nu vurğulamaq lazımdır ki, dünya birliyi əsl həqiqətlərdən yayınsın. 

***

Yekunda belə nəticəyə gəlirik ki, “Dün­ya kəsişməsi” təşəbbüsü ilə Azərbaycan­la sülh üçün Alma-Ata Bəyannaməsinin irəli sürülməsi, o cümlədən, kommunika­siyaların suveren yurisdiksiyalar əsasın­da açılması məsələləri arasında bağlılıq var. Belə bir “bağlılığın” yaradılması isə rəsmi İrəvanın və onun xaricdəki hava­darlarının planıdır. Bu plan qurama döv­lət olan Ermənistanın gələcək mövcud­luq faktoru olaraq çıxış edir, mövcudluğa leqallıq libası geydirməyi hədəf seçir. Bu plan, eyni zamanda, Rusiyadan asılı olmayan qlobal və güclü erməni fakto­ru formalaşdırmağa hesablanıb. Elə bir faktor ki, Cənubi Qafqazın, belə demək mümkünsə, Rusiyasızlığı şəraitində həm Azərbaycanı və Türkiyəni, həm də İranı asılı hala salsın. “Dünya kəsişməsi” möv­cud istiqamətdəki mexanizmdir. İndiki halda şirnikləndirici tələ. 

Bəli, Qərbin bəzi dairələri var gücləri ilə çalışırlar ki, indiyədək Kremlin patro­najlığında olan erməni amili pərakəndə­likdən real və sistemli məcraya qədəm qoysun. Əslində, Cənubi Qafqaza əsl “erməni pazı” məhz indi yeridilməyə çalı­şılır. Əlbəttə, bu, yalnız çalışmadır. Daha doğrusu, cəhddir. Cəhdi edənlər yaxşı anlayırlar ki, istəklərini reallaşdırmaq naminə seçdikləri zaman heç də uğurlu deyil. İlk növbədə ona görə uğurlu deyil ki, Azərbaycan onların niyyətlərini yaxşı oxuyur və ölkəmizin rəhbərliyi tarixdən dərs götürdüyü üçün hazırkı imkanlarını ermənipərəst niyyətlərin qarşısını kəs­məyə cəmləşdirib. 

Azərbaycanın növbəti erməni avan­turizmini beşiyindəcə boğmaq imkanla­rı son dərəcə genişdir. Genişlik Cənubi Qafqaza sülhün Bakının diktəsi və şərt­ləri ilə gəlməsini prinsipial əhəmiyyətli strateji vəzifə kimi müəyyənləşdirmək­dədir. Başqa sülh bizə lazım deyil. Çünki başqa sülh, əslində, sülh də deyil. 

 

Əvəz CAHANGİROĞLU
XQ





Siyasət