Milli Məclis Ermənistan parlamenti spikerini ifşa etdi

post-img

Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Milli Məclis A.Simonyanın müsahibəsinin yalan üzərində qurulduğunu faktlara sübut edib. 

Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktı­nı yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusunu” gələcəyə baxış adı altında pərdələməyə çalışır. Milli Məclisin cava­bında qeyd olunduğu kimi, yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmiz­ləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaq­larından qaçqın və məcburi köçkün düş­məsinə, Xocalı soyqırımının törədilmə­sinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın.

İşğal olunmuş torpaqlarda və Er­mənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənis­tanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi,əslin­də, onun həqiqi simasını ifşa edir. 

Simonyanın Qazax rayonunun 7 kən­dinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalış­ması, əksinə, Azərbaycanı işğalda itti­ham etməsi isə xəstə təfəkkürün təzahü­ründən başqa bir şey deyil.

Ermənistan rəhbərliyinin “Azərbay­canın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi bey­nəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alış­dığı artıq bir faktdır. Milli Məclis Simon­yana bir daha xatırladıb ki, məhz Azər­baycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsi­nin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəl­ləməyə çalışıb. Hazırda regionda uzun­müddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suveren­liyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbay­canın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzat­mağa çalışır.

Ona görə də, Milli Məclis Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkin­məyə və sülhə töhfə verməyə çağırır.

Ə.BƏDƏLOV
XQ

Siyasət