Bəs “dənizdən–dənizə Hayastan” necə oldu?

post-img

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Moskva vaxtı ilə saat 23:30, Bakı vaxtı ilə isə saat 00:30-da Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi rəsmi şəkildə təsdiqləndi

“Məğlubedilməz” Ermənistan ordusu barədə miflər cəmi 44 gündə darmadağın oldu və Ermənistan kapitulyasiyaya məcbur edildi. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan 9 bəndlik üçtərəfli Bəyanat ilə Ermənistan atəşkəsdən sonra Azərbaycanın 3 rayonunu döyüşsüz boşaltmağı öhdəsinə götürdü. Bundan başqa Azərbaycan Prezidentinin tələbinə uyğun olaraq İrəvana təqvim planı verildi. Ali Baş Komandanımızın efirdə, bütün dünyanın gözü qarşısında qalib ölkənin lideri kimi imzaladığı sənədi diz çökdürülmüş Ermənistanın məğlub baş naziri Nikol Paşinyan kameralardan uzaq bir yerdə qorxaqcasına təsdiqlədi. O, bunu öz xoşu ilə deyil, “dəmir yumruğ”un sayəsində etməli oldu! Əslində, rəsmi İrəvan özünün məğlubiyyətini noyabrın 8-də qəhrəman xüsusi təyinatlılarımız Şuşanı düşməndən təmizlədiyi gün qəbul etmişdi.

Bəli, 10 noyabr Bəyanatının imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bu bəyanat otuz ilə yaxın davam edən daşnak işğalına son qoydu. Beləliklə, münaqişənin hərbi mərhələsi başa çatmış oldu, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. “Keçilməz sədləri” ilə öyünən Ermənistan ordusu tamamilə darmadağın edildi.

                                                        * * * 

2020-ci 10 noabr Bəyanatı həm də Xalq-Ordu-Hakimiyyət birliyinin təntənəsidir.  Bu birliyin nəyə qadir olduğunu bütün dünya gördü. Təkcə Qarabağın deyil, bütövlükdə Cənubi Qafqazın hərbi-siyasi status-kvosunu dəyişən Azərbaycanın Qarabağ iqtisadi rayonunda “dqr”, yaxud  “DQMV” adlı qurum, ərazi vahidi  yoxdur. Artıq Qarabağın, eləcə də Şərqi Zəngəzurun  bütün rayonları digər bölgələrimiz kimi, suveren Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ölkəmizin ərazi bütövlüyü tam və birdəfləlik təmin edildi. Döyüş meydanında qazanılan qələbələr Azərbaycanın siyasi müstəvidə də qəti və güzəştsiz mövqeyini şərtləndirdi. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan 44 günlük müharibədə olduğu kimi, sülh danışıqları masası arxasında da istədiyinə nail olub. 

İkinci Qarabağ savaşında qazanılan Zəfərdə qardaş Türkiyənin qəti mövqeyi, mənəvi-siyasi dəstəyi mütləq qeyd ediməlidir. Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyənin Azərbaycana açıq dəstəyi bu münaqişəyə kənardan müdaxilə cəhdlərinin qarşısını aldı. Bu dəstək və həmrəylik ordumuzu və xalqımızı Qələbəyə daha da ruhlandırdı.  2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. 

* * * 

2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Dövlət başçısı müraciətində imzalanan sənədin tarixi əhəmiyyətini bu cür dəyərləndirdi: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.  Bununla hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.                                                                                                

Prezident İlham Əliyev möhtəşəm qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin böyük rolunu xüsusi olaraq vurğuladı: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. ...Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.

Azərbaycan xalqına qələbə müjdəli müraciətinin sonunda cənab Prezident Qarabağın statusu məsələsi ilə bağlı dedi: “Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! ...Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var”.

Otuz il ərzində bizə gözdağı verməkdə davam edən, tanklarını Gəncənin, Bakının küçələrində sürə biləcəkləri ilə öyünən Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin düşdüyü acınacaqlı, amma layiq olduqları durmu təsəvvürünizə gətirin. “Dənizdən–dənizə Böyük Ermənistan” xülyalarının puç olduğunu görən “miatsum” diaqnozlu haylar nəinki Qarabağdan, hazırda İrəvandan rədd olub getmək barədə düşünürlər. Bu aqibəti onlar öz boyunlarına özləri biçdilər. Biz sadəcə üç il bundan əvvəl həmin tarixi hökmə möhürümüzü vurduq.      

İ.HƏSƏNQALA, XQ

Siyasət