8 Noyabr - Zəfər Günündə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın Rayon Şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.
Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə baxıblar. Daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli şəraitlə yaxından tanış olublar.
Belə bir inzibati binanın istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb, Xidmətin şəxsi heyəti adından dövlətimizin başçısına minnətdarlıq ifadə edilib.