Şuşa – qeyrət və qürur qalası

post-img

Şuşa xalqımızın tarixində və taleyində xüsusi yeri olan bir şəhərdir. Halallığı, ləyaqəti hər şeydən üstün tutan bir millətin mənəviyyat tacıdır Şuşa! Onun 27 il düşmən əsarətində qalması hər birimizin ürəyini sızladırdı. İlahi ədalət öz yerini tapmalı idi və tapdı da!

Bu, xoşbəxt gün 2020-ci ilin noyab­rın 8-də baş verdi. Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yüksək qəhrəman­lıq nümayiş etdirərək coğrafi mövqeyinə görə alınmaz qala sayılan Şuşanı düş­məndən azad etdi. 

Bu, müqəddəs döyüş idi. Bu, millətin şərəf və namus savaşı idi! Bu, qəlbimi­zi əbədi qürur hissi ilə dolduracaq tarixi hadisə idi. Bu, Çanaqqala (1915), Bakı­nın azad edilməsi (1918) savaşları qədər taleyüklü qələbə idi. Bu, millətin Tarixi Zəfəri idi! 

Prezident İlham Əliyev Şuşanın azad edilməsi ilə bağlı müjdəni Azərbaycan xalqına hər bir soydaşımız üçün müqəd­dəs məkan olan Şəhidlər Xiyabanından verdi:

– Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Ön­dərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar sonsuz bir coşqu ilə küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc dolu hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Prezident İlham Əliyevin dilindən səslənən bu sözlər bu gün də ürəklərdə böyük əks-səda doğurur. Bəli, 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı! 

Qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Milli Ordunun əsgər və zabitləri mümkünsüz görünəni mümkün etdilər. Dünyanın ən ünlü siyasətçiləri ordumu­zun hünərinə heyran qalmışdılar. Dünya­nın hərbi strateqləri Şuşa döyüşü ilə bağlı heyrətlərini indi də gizlədə bilmirlər! 

Bu gün Şuşanın bayramıdır. Azər­baycan Prezidentinin 31 iyul 2023-cü il sərəncamına əsasən 8 noyabr Şuşa şəhəri günü elan edilib. Şuşanın ad günü həm də Zəfər günümüzdür! Bayramın mübarək, əziz Şuşam! 

Şuşa bütün türk dünyası üçün müqəddəs bir məkandır. Şuşa bütün türk xalqları üçün əsl dostluq və qardaşlıq rəmzinə çevrilib. 

2020-ci il iyunun 15-də Şuşada Azər­baycan Prezidenti İlham Əliyev və Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik müna­sibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıb.

Türkiyə Prezidenti deyibdir: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azad­dır və daha gözəl açacaqdır. Köndələn­çay artıq daha coşqun axacaq. Araz nəğ­məsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.

Xatırladaq ki, təməli 1752-ci ildə Qa­rabağ xanı Pənahəli xan tərəfindən qoyu­lan və 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və icti­mai-siyasi həyatında müstəsna rol oyna­mışdır.

Bənzərsiz tarixi görkəmini və forma­laşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi bö­yük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərin­də sürətli inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin in­kişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadim­lərimizin xatirəsinin əbədiləşdirilməsi is­tiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə baş­lamış Ermənistanın silahlı qüvvələri tərə­findən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüz­lərlə tarix və mədəniyyət yadigarı vanda­lizm aktları nəticəsində dağıdılmışdır.

Nəhayət, yazının əvvəlində qeyd et­diyimiz kimi, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşa­dətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. 

Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrə­manlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə Zəfər günü elan edildi.

Şuşa Zəfərindən dərhal sonra şəhər­də infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bər­pasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün dövlət idarəetməsinə bö­yük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüd­rətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-mu­zeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prose­si ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məq­bərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Şuşanın qeyri-adi bir aurası var. Bu­raya bir dəfə gələn insan onun saflığına, gözəlliyinə qəlbən elə vurulur ki, bir daha onu ziyarət etmək istəyir. Şuşa millətin qəlbində əbədi yaşayan böyük bayram­dır. Bayramın mübarək, Azərbaycan! 

Şuşa dünyanın ən gözəl şəhərlərin­dən birinə çevriləcək. Xalqımız əzəli yurd yerlərimizdə əbədi yaşayacaq. Şuşa bi­zimdir! Qarabağ Azərbaycandır!

Məsaim ABDULLAYEV
XQ



Siyasət