İsrailin Azərbaycandakı səfiri: Hər bir insan ölümü bizim üçün faciədir - MÜSAHİBƏ

post-img

İsrailin Azərbaycandakı səfiri Corc Dik AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik:

- Cənab səfir, sizcə, HƏMAS-ın İsrailə hücumunun arxasında hansı səbəblər dayanır?

- Oktyabrın 7-də HƏMAS ölkəmizə hücum etdi və insanlarımızı qətlə yetirdi. İnsanları diri-diri yandırdılar. Onlar yatan insanlara qarşı belə qırğın törətdilər. Onlar qızlarımızı zorladılar, körpələrimizi öldürdülər, qocaları, hətta uşaqları və körpələri valideynlərinin əllərindən alıb oğurladılar. Burada sizə bir neçə şəkil göstərə bilərəm. Məsələn, bu ailə sağ-salamat idi. Ana, ata və üç gözəl gənc yeniyetmədən ibarət xoşbəxt bir ailə idi. Mən sizə bu körpənin də şəklini göstərə bilərəm. Bu gün isə onların heç biri həyatda yoxdur. Təsəvvür edin ki, bu sizin oğlunuzdur, yaxud da qızınızın yataq otağıdır. Təsəvvür edin ki, onun öz yataq otağında sağ qalması barədə narahatsınız. Heç bir insan, heç bir ailə, heç bir uşaq bunu yaşamamalıdır. İnsanlar şokdadır. Soruşurlar ki, HƏMAS bunu niyə etdi? Səbəb nədir? Amma insanların niyə şoka düşdüyünü anlamıram. Çünki HƏMAS son üç onillikdə hər ayın hər həftəsinin hər günü dəfələrlə bildirib ki, onların məqsədi hər bir yəhudini və hər bir israillini öldürməkdən ibarətdir. Onların məqsədi İsrail dövlətini məhv etmək və yəhudilərə qarşı soyqırımı törətməkdir. İndi etmələrinin səbəbi sadəcə bunu indi bacarmaları ilə bağlıdır. Biz hazırlıqsız olduğumuz bir vaxtda fürsət tapdılar.

Həmin gün Sukkot bayramı idi, şənbə günü idi. Əsgərlərimizin çoxu evlərində, ailələri ilə birlikdə bayramı qeyd edirdilər. Onlar (qarşı tərəf – red.) sadəcə olaraq sərhəd istiqamətindəki ərazilərə soxularaq hasardan keçib İsrailin 20-dən çox kəndinə basqın etdilər və evlərində yatan insanlara qarşı qətliam törətdilər. Ona görə də bu gün biz müharibə şəraitindəyik. Bu müharibə siyasətlə bağlı deyil. Məsələ ərazi ilə bağlı deyil. Məsələ bunların heç birinə aid deyil. Bu, şərə qarşı mübarizədir. Prezident Bayden İsrailə səfəri zamanı Baş nazir Netanyahu ilə görüşündə bildirib ki, HƏMAS-ın etdikləri hətta İŞİD-i də bundan rasional göstərir. Beləliklə, qarşımızda duran şey budur və məqsədimiz sadədir: HƏMAS-ı məğlub etmək, onun Qəzza üzərindəki hakimiyyətinə son qoymaq, girovlarımızı azad etmək. Məqsədlərimiz bunlardır. Hazırda bizim Qəzzada 200 nəfər girovda saxlanılan insanımız var, onların arasında hətta Holokostdan sağ çıxanlar da var. Heç bir humanist təşkilat, heç bir rasional insan və ya təşkilat belə bir şey etməz və biz o terror təşkilatını məğlub etməyincə dayanmayacağıq.

- Cənab səfir, dediyiniz kimi ABŞ Prezidenti Cozef Bayden də İsrailə səfər edib. Beynəlxalq ictimaiyyətin İsrailə dəstəyi və müharibəyə münasibəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Əvvəla, bu müharibə təkcə İsrailə qarşı başlamayıb. Bu, beynəlxalq birliyə qarşı başladılan müharibədir. Sizə deyə bilərəm ki, HƏMAS tərəfindən öldürülən və ya qaçırılanlar arasında 41-dən çox ölkənin vətəndaşı var. Məndə vətəndaşları öldürülmüş və ya qaçırılmış ölkələrin siyahısı var. Onların adlarını görə bilərsiniz. Mən sizə göstərəcəyəm ki, siyahıda olanların arasında azərbaycanlılar da var. Üç azərbaycanlı HƏMAS tərəfindən qətlə yetirilib və bir azərbaycanlı itkin düşüb, çox güman ki, Qəzzaya qaçırılıb. Deməli, bu təkcə İsrailin müharibəsi deyil. Bu, terrorizmə, İŞİD və onun bənzərlərinə qarşı beynəlxalq müharibədir. Ona görə də biz terrora qarşı birgə mübarizə aparmalıyıq. Dünyanın hər yerindən liderlər HƏMAS-ın ağlasığmaz vəhşiliklərini pisləyib və İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyiblər. Mən sizə hətta burada - Azərbaycanda, səfirliyimizin önünə gül dəstələri qoymağa gələn insanlardan aldığımız sevgini, dəstəyi və başsağlığı mesajları barədə deyə bilərəm. İnsanlar zənglər edir, SMS göndərirlər. Burada aldığımız dəstək həqiqətən bizi çox təsirləndirdi. Düşünürəm ki, bu, çox simvolikdir. Bu, mən Gəncəyə gedəndən düz üç il sonra oldu. Gəncədə də vətəndaşlar heç nəyə fərq qoyulmadan hücuma məruz qalıblar. Mən orada Gəncədə yaşayış məntəqələrinin xarabalıqlarına gül dəstələri qoymuşam. Bu gün Azərbaycan vətəndaşları buraya - səfirliyin qarşısına gül dəstələri qoymaq üçün gəlirlər. Hazırda beynəlxalq ictimaiyyətdən gözləntimiz əsasən Prezident Bayden, Böyük Britaniyanın, Fransanın, İtaliyanın rəhbərləri və dünyanın bir çox digər liderləri kimi davranmaq, İsrailin öz xalqını qorumaq hüququnu dəstəkləmək və HƏMAS terror təşkilatını məğlub etmək üçün əlindən gələni etməkdir. Biz, həmçinin beynəlxalq ictimaiyyətin girovların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış etməsini gözləyirik. Onların bir çoxu, gördüyünüz kimi, digər ölkələrinin vətəndaşlarıdır. Biz beynəlxalq ictimaiyyətdən HƏMAS-ı Qəzzadakı əhalisini canlı qalxan kimi istifadə etməyi dayandırmağa çağırmasını gözləyirik.

Biz bunu hər zaman görürük ki, onlar öz qərargahlarını, əməliyyatçılarını yaşayış məntəqələrində, günahsız mülki vətəndaşlar arasında, evlərdə, məktəblərdə, hətta xəstəxanalarda yerləşdirirlər və bu yerlərdən İsrailə qarşı atəş nöqtəsi kimi istifadə edirlər. Bununla da öz mülki vətəndaşlarını hücuma məruz qalma təhlükəsi ilə üz-üzə qoyurlar.

- Hər iki tərəf oktyabrın 17-də Qəzzada xəstəxananın hücuma məruz qalmasına görə bir-birini ittiham edir. Bununla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, İsrail zərərsizləşdirəcəyi hədəfləri hansı meyarlara əsasən müəyyənləşdirir? Qarşı tərəf digər mülki binaların da atəşə tutulması ilə bağlı da iddialar səsləndirib.

- Əvvəla, onu demək istəyirəm ki, hər kəs kimi mən də Qəzzadakı Baptist xəstəxanası ilə bağlı dəhşətli şəkilləri görmüşəm və heç bir ləyaqətli insan buna biganə qala bilməz. Bu hadisədə həlak olan günahsız insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu xəstəxana Qəzzada terrorçular tərəfindən səhv atılan raketlə vurulub. Onlar bunu bilirdilər, HƏMAS, “İslami Cihad” bunu bilirdi. Biz hətta iki nəfər HƏMAS fəalı arasında telefon danışığının səs yazısını ələ keçirmişik və bu telefon danışığı zamanı onlar bunun Qəzzadakı terrorçular tərəfindən atılan raket olması barədə danışırdılar. Biz bu söhbətin bütün səs yazısını mediaya yaydıq. Biz adətən Qəzzada terrorçuların telefonlarını necə dinləmək üsullarımızı açıqlamırıq. Amma media buna görə qəzəbləndiyi üçün biz bu ehtiyacı hiss etdik. Bunu etdikləri üsul sadədir. Onlar xəstəxanaya atılan və bu faciəyə səbəb olan raketin səhv atıldığını bilirdilər. Bunu dərhal başa düşdülər və ona görə də İsraili ittiham etməyə başladılar ki, günahı öz üzərlərinə götürməkdən yayınsınlar və insanları İsrailə qarşı qəzəbləndirmək üçün bundan təbliğat aləti kimi istifadə etsinlər. Reaksiyamız bir neçə saat sonra gəldi. Bunun bir neçə saat çəkməsinin səbəbi isə onlardan fərqli olaraq, bizim nə baş verdiyini dəqiq bildiyimiz faktlarımızdan 100 faiz əmin olmağımızla bağlı idi. Bir neçə saatdan sonra İsrail Müdafiə Qüvvələri baş verənləri tam şəkildə göstərən mediaya açıqlanmış sübutlarla çıxdı. Raketlər xəstəxananın yaxınlığında Qəzzada HƏMAS ilə əməkdaşlıq edən terror qruplarından biri olan Fələstin İslami Cihad tərəfindən atılıb və həmin raketlərdən biri səhv atılaraq havada partlayıb, sonra yerə - xəstəxananın üzərinə düşüb.

Bu gün əlimizdə bunun necə baş verdiyini göstərən kadrlar var. Əslində, ən yaxşı görüntülər HƏMAS-ın ruporu olan “Əl-Cəzirə” kanalından gəlir. Burada raketin necə yuxarı qalxıb xəstəxanaya düşdüyünü görmək olur. İndi mən sizə burada bir xəritə göstərə bilərəm.

Yalnız son 10 gündə gördüyünüz bütün bu qırmızı nöqtələr Qəzza zolağının içərisində, təkrar edirəm, HƏMAS və İslami Cihad tərəfindən atılan raketlərin Qəzza zolağında öz insanlarının üzərinə düşdüyü yerlərdir.

Oktyabrın 7-dən indiyədək - son 10 gündə Qəzza zolağının daxilinə 406-dan çox raket düşüb. Terrorçular tərəfindən Qəzzada öz insanlarının üzərinə raketlər atılıb. Raketlərdən gündə neçəsinin səhv atıldığını bu qrafikdən görə bilərik.

Beləliklə, biz görə bilərik ki, dünən (oktyabrın 17-də - red.) İsrail istiqamətində atılan raketlərin 12 faizi Qəzza zolağına düşüb. Xəritədə bu qədər çox qırmızı nöqtənin mövcudluğu təəccüblü deyil. Vəziyyət əslində belədir. Bizim savaşdığımız bu terror təşkilatları nəinki bizim həyatımıza hörmət etmir, hətta Qəzzadakı günahsız insanların həyatına da əhəmiyyət vermir. Qəzzadakı günahsız insanlar onlardan canlı sipər kimi istifadə edən bu terrorçu rejimdən əziyyət çəkir. Həmin terror təşkilatı onların canlarından təbliğat vasitəsi kimi istifadə edir.

Hər bir insan ölümü bizim üçün faciədir. Onlar üçün isə hər insan itkisi İsrailə qarşı mesaj vermək vasitəsi və digərlərini İsrail əleyhinə emosional reaksiya verməyə yönəltmək üçün siyasi alətdir.

Mənim beynəlxalq mediaya da sözüm var. BBC, Sky News, CNN və digər beynəlxalq media qurumlarının da İsrailin xəstəxanaya hücum etdiyini iddia edən məlumatlar dərc etməsi bizi çox məyus etdi. Bu gün artıq hər kəsə aydındır ki, həmin hava hücumu İsrailə aid deyil.

Hətta Prezident Bayden də mətbuat konfransında açıqladı ki, o bu hücumun Qəzzadakı terrorçuların atdığı raket nəticəsində baş verdiyini qəbul edir. Buradan bir dərs almalıyıq ki, heç kimə inanmaq lazım deyil. İsrail tərəfinə də inanmayın. Bir jurnalist olaraq hər məlumatı yoxlamaq lazımdır. Faktların doğruluğuna əmin olmaq lazımdır. Lakin məlumatı heç yoxlamadan, sırf HƏMAS belə bir iddia ilə çıxış etdiyi üçün həmin iddiaya inanmaq düzgün deyil. “İsrail tərəfindən qəsdən hava hücumu” kimi məlumatı dərhal dərc etmək düzgün deyil. İndi artıq heç bir şübhə yoxdur ki, raket Qəzza sektorundan səhvən atılıb. Bu səbəbdən, lütfən, bütün media və hətta insanlar olaraq faktlara nəzər yetirməkdə diqqətli olaq ki, insanları dezinformasiyaya məruz qoyaraq çaşdırmayaq.

- Hazırda Qəzzadakı humanitar vəziyyət nə yerdədir? Ora yardım göndərmək üçün hər hansı bir yol mövcuddurmu?

- Hazırda biz HƏMAS ilə müharibədəyik. Hədəfimiz onlara qalib gələrək İsraili HƏMAS-ın hücumlarının təhlükəsi altında yaşamaqdan azad etməkdir. Qəzzadakı insanları da bu terrorçu rejimin əsarətindən azad etmək bizim hədəfimizdir. Bizim Qəzzadakı insanlar üçün edə biləcəyimiz ən humanist hərəkət onları HƏMAS-dan azad etmək ola bilər. Hazırda ən əsas narahatlığımız Qəzzadakı 200 əsirimizi azad etməkdir. Daha öncə də bildirdiyimiz kimi, onlar İsrail və digər ölkələrin vətəndaşlarıdır. Biz həm İsrail sərhədindəki xalqımızı, həm də Qəzza daxilindəki xalqımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Bizim digər məqsədimiz isə HƏMAS-a qarşı müharibədə beynəlxalq hüququn normalarına hörmətlə yanaşmaqdır. Həmin prinsiplərə əsasən biz əlimizdən gələn hər şeyi edirik ki, mülki vətəndaşların həyatı üzərindəki bütün riskləri azaldaq. Lakin biz elə bir rejimlə savaşdayıq ki, onlar sıravi vətəndaşların da zərər çəkməsini istəyirlər. Çünki bu onların təbliğatlarına və məqsədlərinə xidmət edir. Biz onları insanlardan canlı sipər kimi istifadə etməməyə çağırırıq. Onlar öz uşaqlarının, qadınlarının, ailələrinin həyatlarını risk altında qoyurlar. Əlimizdə sübutlar var, hətta biz insanlara bu və ya digər əraziyə hücum olunacağı ilə bağlı öncədən xəbərdarlıq edəndə HƏMAS oradakı insanların həmin yerləri tərk etməsinin qarşısını alır. Məsələn, biz hər hansı binaya hücum etmək istəyirik, çünki bilirik ki, orada terrorçular var və ya orada onların silahları, resursları yerləşir. Bu zaman biz onlara SMS göndəririk. Biz hətta havadan xəbərdarlıq kağızları da atırıq. Biz onlara zəng vurur və həmin binaları tərk etməyi xahiş edirik. Deyirik ki, sizin içində olduğunuz binaya hücum olunacaq. Lakin, həmin insanlar getməyə çalışanda, bəziləri buna nail olsa da digərlərinin yolları HƏMAS tərəfindən kəsilir.

Burada peyk fotosundan görə bilərsiniz ki, konvoy bizim istədiyimiz kimi, Qəzzanın şimalından cənuba doğru hərəkət edir. Şəkildə görə bilərsiniz ki, HƏMAS-a məxsus iki hərbi avtomobil yolu kəsib, ərazini tərk edənlərin qarşısında dayanıb. Onlar insanlara deyirlər ki, evdə qalın və lazımdırsa şəhid olun, özünüzü qurban verin. Onlar insanlardan HƏMAS-ın siyasi gündəliyi üçün öz həyatlarını qurban verməyi tələb edirlər. Bu, bütün dünyanın qınamalı olduğu bir hadisədir. Bu bizim qarşılaşdığımız ən böyük humanitar problemdir. Biz Qəzzadakı mülki vətəndaşları qorumaq istəyərkən, HƏMAS onların həyatını risk altında qoyur.

- Sizin fikrinizcə, bu münaqişənin qaynar fazası nə qədər davam edəcək və müharibəni dayandırmaq üçün hansı addımlar atılmalıdır?

- Bu müharibənin yalnız bir məqsədi var. O da HƏMAS-ın hərbi imkanlarının aradan qaldırılması, HƏMAS-ın və onların Qəzzadakı hökumətinin devrilməsi. Sizə bunu deyə bilərəm ki, bu müharibə elə bu gün də bitə bilər. Bunun baş verməsi üçün iki addım atılmalıdır. Birincisi, HƏMAS bütün hərbi sursatlarını təhvil verməli, ikincisi isə israilli əsirlərin hamısını azad etməlidir. Onlar indi Qəzzada girov götürülmüş hələ cəmi 9 aylıq Fir, dörd yaşlı Ariel və digər uşaqları azad etməlidirlər. Onlar yaşlıları azad etməlidirlər. Həmin yaşlılar arasında Holokostdan xilas olanlar da var. Həmin şəxslər 70-80 il öncə nasistlərin zülmündən qurtulmuşlar. Qəzzada Marqaret Moses, Kain kimi girov götürülmüş insanlar var. Nə vaxt ki, bizim bütün vətəndaşlarımız və bütün xarici vətəndaşlar, - hətta bəlkə də bunların arasında Azərbaycan vətəndaşı da var, - azad olunarsa və HƏMAS öz hərbi qüvvələrini təslim edib silahlarını bizə verərsə, hər şey bitəcək. Heç kim ölməli deyil. Heç kim savaşmalı deyil. Məsələ elə bu gün də bitə bilər. Əgər onlar bunu etməsə - silahlarını bizə verməsə və girovları azad etməsə geri çəkilməyəcəyik. Biz HƏMAS-a tam qalib gələnədək dayanmayacağıq.

Sonda bir məsələni də demək istəyirəm. Biz bu gün bu müharibəni ona görə edirik ki, heç bir israilli uşaq bir daha HƏMAS terrorçularının onların yataq otaqlarına girərək onlara hücum edəcəyi qorxusu ilə yaşamasın. Bizim məqsədimiz budur.

Siyasət