Azərbaycan dünyaya Günəş kimi doğub

post-img

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin bu arzusunu tarixi gerçəyə çevirib

Müstəqil dövlətimizin banisi Ümummilli lider Heydər Əliyev ölkəmizi əsaslı islahatlarla inkişaf yoluna çıxaranda demişdi ki, Azərbaycan tezliklə dünyaya Günəş kimi doğacaq. Ulu öndərin yarımçıq qalmış arzu və əməllərini böyük inam və əmanət etdiyi Prezident İlham Əliyevin 20 illik müdrik və qətiyyətli siyasəti ilə Azərbaycan artıq dünyaya Günəş kimi nur saçır.

Ölkəmizin son 20 ildə qazandığı uğur­lardan bugünlərdə bütün dünya sürətli və əhatəli tərəqqi nümunəsi kimi danışır. Bu nailiyyətlər Heydər Əliyev siyasi məktəbi­nin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin siyasi iradəsinin, səmərəli fəaliyyətinin, düzgün, məqsədyönlü sosi­al-iqtisadi strategiyasının məntiqi nəticə­sidir.

Dövlət başçısı prezidentliyinin ötən dövründə elə vaxtlar olub ki, heç kimin öncədən düşünə bilmədiyi bir səviyyədə qətiyyət nümayiş etdirib. Ölkə rəhbəri at­dığı addımlarla Azərbaycanı tək Cənubi Qafqazda deyil, Qərblə Şərqin, Şimalla Cənubun qovuşduğu böyük bir regionda ən nüfuzlu bir dövlətə çevirib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə Azərbaycanın iqtisadiy­yatı 4 dəfədən çox böyüyüb, qeyri-neft sektorunda istehsal olunan ümumi daxili məhsulun nominal həcmi 16, dövlət bü­dcəsinin gəlirləri 30 dəfəyə qədər, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 67 dəfədən çox artıb. Əgər 2003-cü ildə dövlətimizin xarici borcunun ÜDM-də payı 21,6 faiz idisə, 2022-ci ildə həmin rəqəm 9,5 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan dünyanın ən az borcla­nan ölkələri siyahısında qərarlaşıb. Bütün bunlar Azərbaycan Prezidentinin rəhbərli­yi ilə sözügedən dövrdə əldə olunan iq­tisadi uğurların ümumi mənzərəsini əks etdirir. Bu müddətdə iqtisadiyyatın digər sahələrində, ölkənin sosial həyatında və maliyyə sektorunda da inkişaf dinamikası yüksələn xətlə nəzərə çarpıb. 

Azərbaycanın qısa zamanda bu qə­dər qüdrətli bir dövlət kimi tanınması respublikamızı özündən asılı vəziyyətə salmaq istəyənlərin arzularını gözündə qoyub. Bu gün dövlətimiz güclü iqtisadiy­yatı, kifayət qədər dayanıqlı sosial duru­mu, yetərincə güclü ordusu ilə vaxtilə bir məkanda birləşdiyimiz respublikaların hamısına nümunədir. Beynəlxalq təşki­latların müəyyənləşdirdikləri bir çox rey­tinqlərdə Azərbaycan bugünkü uğurlar ilə nəinki MDB ölkələrini qabaqlayır, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini də geridə qoyur. 

Azərbaycan Prezidentinin müdrik si­yasəti, dövlətimizin güc-qüdrəti ilə 30 il iş­ğalda saxlanılan ərazilərimiz düşməndən geri alındı. Eyni zamanda, bütün dünyaya separatizmin kökünü necə kəsməyin in­diyə qədər mövcud olmayan nümunəsi də sərgiləndi. Dünyanın aparıcı ölkələri­nin hərb məktəblərinin 44 günlük Vətən savaşında ordumuzun döyüş təcrübəsini öyrənməsi Azərbaycanın bir dövlət, bir millət olaraq dünya miqyasında möh­təşəm uğurunun daha bir təsdiqi oldu və respublikamızın nüfuzundan xəbər verdi. 

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə son 20 ildə aparılan islahatlar ölkə həyatının bütün sahəsini əhatə edib. Paytaxtımızın, şəhər və rayonlarımızın siması müasirləşib. Respublikamız bütün dünyaya nümunə ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilib. Elə buna görə də Bakı şəhəri müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin ke­çirildiyi bir məkan kimi tanınıb. 

Əlbəttə, belə bir ab-havanın, sağlam mühitin yaranması üçün güclü iqtisa­diyyatın olması zəruri idi. Cənab İlham Əliyev 2003-cü il oktyabr ayında ölkə Pre­zidenti seçildiyi ilk gündən bunun önəmli olduğunu hər kəsdən daha yaxşı dəyər­ləndirə bildi. Dövlət başçısı iqtisadiyyatı neftlə bağlı olan Azərbaycanda bu ası­lılığının aradan qaldırılmasının strategi­yasını müəyyənləşdirdi. Hakimiyyətinin ilk vaxtlarından “biz bundan sonra elə yaşamalıyıq ki, sanki, bir neft ölkəsi de­yilik və neftimiz yoxdur” deyən Prezident “qara qızıl”a bağlı iqtisadiyyatın gələcəyi­ni layiqincə qiymətləndirərək daha uzaq perspektivə diqqət yetirməyi bacardı. “Neft pulları”nın həmişəlik olmayacağını söyləyən Prezident İlham Əliyev iqtisa­diyyatın köklü şəkildə yenidən qurulması işlərinə start verdi. 

Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafı bu sahəyə münbit fəaliyyət meydanı yaradılacağı halda mümkün idi. Bunun vacibliyini qiymətləndirən dövlət başçısı 2004-cü ildən başlayaraq regi­onların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına qərar ver­di. Ötən dövr ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi və yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nə­ticələrə gətirib çıxaran layihələr həyata keçirildi. 

2014-cü ilin ikinci yarısından etibarən heç kimin gözləmədiyi halda dünya ba­zarlarında neftin qiymətləri kəskin şəkildə aşağı düşməyə başladı. Neft gəlirlərinin qısa zaman kəsiyində azalması ölkə iq­tisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna davamlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Neftin qiymətləri ət­rafında gedən siyasi oyunlar vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.

Neft qiymətləri ətrafında baş verən bu proseslərin nə qədər davam edəcə­yini müəyyənləşdirmək çətin olduğun­dan Prezident İlham Əliyev gözləmə mövqeyi tutmadı, ölkədə post-neft döv­rünün başlandığını rəsmi şəkildə bildirdi. Yeni dövr düşünülmüş iqtisadi siyasətlə, praktik olaraq yeni iqtisadi modellə idarə olunmağa başlandı. 2015-ci ilin son ay­larından ölkədə azad sahibkarlığın inki­şafını gerçəkləşdirən və ona hər yerdə “yaşıl işıq” yandıran mühüm qərarlar qəbul edildi. Azərbaycan iqtisadiyyatının bütün istiqamətlər üzrə hərtərəfli tərəqqi­sini nəzərdə tutan strateji yol xəritələri təsdiqləndi. Bu sənədlərin işlənib hazır­lanmasında yerli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq təcrübədən geniş istifadə edildi və bu işə dünyanın aparıcı mütəxəssisləri cəlb olundu.

Bu gün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcək­də Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçı­sına çevirəcək. Bu istiqamətdə artıq ciddi uğurlar əldə olunmağa başlayıb. 

Azərbaycanda ənənəvi sahə olan aq­rar sektor öz inkişafının yeni mərhələsini yaşayır. İndi Azərbaycan hökuməti qey­ri-neft sənayesi və kənd təsərrüfatında istehsal ediləcək məhsulların “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində ciddi layihələr həyata keçirir. Dünyanın aparıcı ölkələrində respublikamızın ticarət evləri yaradılır və Azərbaycan brendi olan məh­sulların yeni bazarları müəyyənləşdirilir.

Azərbaycan həm də turizm dövlətinə çevrilməkdədir. Bunun üçün hər cür şərai­ti olan ölkəmizdə cənab İlham Əliyevin bi­lavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. 

Azərbaycanın dünyaya daha yaxın­dan tanıdılması istiqamətində ilk addım kimi Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi dünyanın diqqətini ölkəmizə cəlb etdi. Bunun ardınca respublikamız­da bir-birindən əhəmiyyətli beynəlxalq tədbirlərin– 2015-ci ildə beynəlxalq aləmi heyran edən birinci Avropa Oyunlarının, 2016-cı ildən etibarən “Formula 1” yarış­larının, 2017-ci ildə isə IV İslam Həmrəy­liyi Oyunlarının yüksək səviyyədə təşkili dünyanın diqqətini iri planda respublika­mıza yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər, eyni zamanda, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz önün­dədir. İndi ölkəmizin hər yerində, xüsusilə də Bakı şəhərində əcnəbi turistlərin sayı­nın nə qədər artdığı aydın görünür. 

Cənab İlham Əliyevin rəhbərliyi ilə iq­tisadiyyata böyük töhfə verən istiqamət­lərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etmək­lə onu tranzit yükdaşımalar sahəsində nəhəng logistik haba çevirmək oldu. Son bir neçə il ərzində bununla bağlı görülən işlərə diqqət yetirməklə, demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Şimalla Cənub arasında tranzit yükdaşımaların lokomotivinə çevrilib. Tarixi İpək yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolunun, Cə­nub–Şərqi Asiya ölkələrindən, eləcə də Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən Şimala və Qərbə daşınmasını hədəfləyən Şimal–Cənub Dəhlizinin və Ələt zonasında Xəzər hövzəsinin ən bö­yük Beynəlxalq Ticarət Limanının tikintisi, əslində, bu sahədə yeni eranın təməlini qoydu. Bütün bu layihələr və respublikada tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Prezident İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir. 

Bu layihələrin icrası Azərbaycanı regi­onun ən böyük tranzit yükdaşımalar dəh­lizinə çevirməklə ölkəmiz üzərindən mil­yonlarla ton yüklərin daşınmasına şərait yaratdı. Bu nəhəng yük axını Azərbayca­na böyük həcmdə valyuta gətirdi. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin açılması və onun hazırda İran üzərindən Naxçıva­na və oradan Türkiyə və Avropaya uzan­ması istiqamətində atılan real addımlar isə ölkəmizə böyük iqtisadi və siyasi di­videndlər gətirməklə dünya ticarət məka­nında ciddi yenilik yaratdı. 

Ölkə rəhbərinin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkə­zində olan ən böyük transmilli layihələr­dən biri də Cənub Qaz Dəhlizidir. Bu layihə Prezident İlham Əliyevin daha bir şahanə əsəridir və onun reallaşması bila­vasitə dövlət başçısının iradəsi və qətiy­yəti nəticəsində mümkün oldu. Layihənin gerçəkləşməsi ilə bağlı yaradılan çətin­liklərə və təzyiqlərə baxmayaraq cənab İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 beynəlxalq şirkətin, 7 hö­kumətin və 11 qaz alıcısının sıx əmək­daşlığını təmin edə bildi. Uzun illər ər­zində qaz təchizatının şaxələndirilməsini arzulayan Avropa dövlətlərinin bu istəyini məhz Prezident İlham Əliyev reallaşdır­dı. ABŞ-nin də böyük dəstəyi ilə ərsəyə gələn XXI əsrin bu nəhəng enerji layihəsi Azərbaycana iqtisadi səmərə ilə yanaşı, siyasi uğur da qazandırdı. Azərbaycan Avropanın strateji tərəfdaşına çevrildi.

Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbay­can həm Qərb, həm də Şərq üçün, sö­zün əsl mənasında, ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi bu uğurlar, şüb-həsiz ki, Prezident İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir. 

Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanan və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilən Azərbaycan illərdən bəri iqtisadi tənəzzül içərisində çapalayan, 35 il ərzində “Qarabağ Ermənistandır” mifi ilə xumarlanan və ordumuz tərəfindən 44 gündə darmadağın edilən işğalçı ölkəyə gələcək mövcudluğu böyük şübhə doğu­ran bir dövlət kimi baxır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Siyasət