“Hayastanın dağılması qaçılmazdır”

post-img

Erməni politoloq xalqının dəfələrlə üzləşdiyi fəlakətlərdən ibrət götürmədiyini yazıb

“Bizim problemlərimizin, demək olar ki, mütləq əksəriyyətinin bir səbəbi var: Bu, özünütənqidin yerli-dibli olmaması, saxta milli şöhrətpərəstliklə, şovinistliklə müşayiət olunan eqoizm”.

Ermənistanın məhz bu milli naqislik­lər ucbatından məhvə məhkum olması qənaətinə gələn və bunu özünün “Face­book” səhifəsində yazan erməni politoloq Ayk Martirosyan Hayastanın tarix boyu üzləşdiyi məğlubiyyət və fəlakətlərdən, uğursuzluq və səhvlərdən heç vaxt ibrət götürməməsini də yarımçıqlıq kompleksi ilə bağlayır:

“Millətin vahid kollektiv təmayülünə çevrilmiş belə naqis və ikrah doğuran xarakterik cəhəti bir toplum olaraq onu məhvə məhkum edir. Bu, son deməkdir. Ona görə sondur ki, biz bacarıqsız olma­ğımızla yanaşı, dəfələrlə təkrarlanan eyni fəlakətlərdən nəticə çıxarmaq, dürüst olmaq istəmədik. Özünütənqidin bütün təzahürlərini rədd elədik. Bunun da nə­ticəsində özümüzün dünyagörüşümüzdə baş verə biləcək keyfiyyət dəyişikliyindən məhrum olduq”.

Daha sonra ermənilərin “vətəni” itir­mək təhlükəsi ilə üz-üzə qaldığını yazan Martirosyan ölkəsinin hətta tarix səhnə­sindən silinəcəyinə işarə edir: 

“Bütün bu səbəblərə görə, Hayastan adlı ölkənin dağılması qaçılmaz, vətənin itirilməsi isə lap yaxındadır. Bu ölkənin tarixinin sonuncu səhifəsi də artıq çevril­mək üzrədir”. 

* * * 

Nəhayət, həqiqətin gözünə dik bax­mağı bacaran, milli qüsur və naqisliklə­rini özününkülərin üzünə çırpan haylar tapılır. Haqq etdikləri məğlubiyyətin ya­ratdığı bu acı etirafların onları Şər yolun­dan döndərəcəyinə inanmasaq da, hər halda bu, ağlı başında olan, problemlərə soyuq məntiqlə yanaşmağı bacaran bir erməninin qənaətidir. Deyəsən, daha bizə şər atmaqdan yorulublar. Yəqin onu da gözəl anlayırlar ki, əgər iki əsr bun­dan əvvəl Bakının, indiki kimi, Moskvaya (Sankt-Peterburq) əli yetsəydi, onların Qafqazda izi-tozu da qalmazdı. 

İndi başları əhləd daşına dəyib ayıl­mış və həqiqəti dillərinə gətirən marti­rosyanların bir nömrəli vəzifəsi milləti daşnak-şovinist tiryəki ilə zəhərləyib, onu uçurumun kənarına sürükləyən koçar­yanların, sarkisyanların, ohanyanların la­yiqli dərslərini verməkdir. Məhz bu halda gənc haylar milli yarımçıqlıq kompleksinə yoluxmaz, tarixdən və bu gün üzləşdikləri fəlakətdən ibrət dərsi götürərlər. 

İ.HƏSƏNQALA
XQ

Siyasət