Səfir: Qarabağın erməni sakinləri Azərbaycan tərəfindən davamlı olaraq humanitar yardımlar alırlar

post-img

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra regionda vəziyyət yaxşılaşır. Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh sazişi üzərində iş aparılır. Qarabağ məsələsi Azərbaycanın daxili işidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “LaPresse” informasiya agentliyinə müsahibəsində deyib.

Qarabağ həqiqətlərindən danışan diplomat vurğulayıb ki, münaqişə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra başa çatıb. Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirlərindən sonra regionda vəziyyət yaxşılaşır. Antiterror tədbirləri bu ərazilərdə separatçıların və xeyli sayda hərbi silah-sursatın olduğunu göstərdi. Bu, həmçinin bizim antiterror tədbirlərinə başlamaqda haqlı olduğumuzu sübut etdi. Çünki dünyanın heç bir ölkəsi öz ərazisində başqa dövlətlərin qeyri-qanuni silahlı qüvvələrinin yerləşdiyi “boz zona”nın olmasını qəbul etməz. Sərhəddə eskalasiya olacağını düşünmürəm, çünki hazırda demilitarizasiya prosesi gedir.

“Qarabağda yaşayan erməni sakinlər bizim vətəndaşlarımızdır, onların vətəndaşlığı olmalıdır, Azərbaycan bayrağı altında yaşamalıdırlar. Azərbaycan vətəndaşlığına sahib olmaq istəməyənlərin isə harada yaşayacağını seçmək hüququ və seçimi var. Biz həmin insanları zorla saxlaya bilmərik. Bu, onların hərəkət azadlığının pozulması olar”, - deyə R.Aslanov bildirib.

Səfir əlavə edib ki, Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüşlər davam edir. Qarabağdakı erməni sakinlər davamlı olaraq humanitar yardımlar alırlar və onlar bütün narahatlıqlarını Azərbaycanın mərkəzi orqanlarına bildirirlər.

“Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində beynəlxalq ictimaiyyətin istənilən dəstəyini qəbul etməyə hazırdır. Lakin bu məsələdə gərginliyi müstəqil şəkildə azaltmaq yalnız suveren Azərbaycan dövlətinin daxili işidir. Hazırda iki ölkə arasında münasibətlərin normallaşması üçün sülh sazişi üzərində iş aparılır. Qarabağ isə Azərbaycanın daxilində olan bir məsələdir. İtaliya Azərbaycanla dost ölkədir və biz İtaliyanın ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üçün təklif etdiyi vasitəçilik təşəbbüsünü xoş niyyət kimi alqışlayırıq. Lakin Qarabağ məsələsi Azərbaycanın daxili işidir”, - deyə diplomat vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Siyasət