Qarabağda “antiterror tədbirləri”ndən sonra silahı yerə qoyan Ermənistan silahlı qüvvələri, eləcə də bəzi revanşist qüvvələr bölgədə yeni təxribatlara və hücum cəhdlərinə əl atmaqdadır. Artıq erməni terror təşkilatı VOMA Qarabağda silahlı partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb.
Politoloq Tofiq Abbasov XQ-yə açıqlamasında bildirdi ki, əgər belə bir partizan mübarizəsi başlayarsa, qısa zamanda zərərsizləşdiriləcək: “Erməni silahlı dəstələri, qrupları və hətta ordusu 30 ildən artıqdır ki, Azərbaycana qarşı sistemli müharibə aparırdılar. İstər partizan, istər mina, istərsə də digər müharibə üsulları böyük terrorun parçalarıdır. Ermənilərin partizan mübarizəsinə qoşulmaqları təəccüb yaratmır. Məqsəd guya Qarabağda yaşayanlara təzyiq göstərmək, Azərbaycan əsgərini hədəf almaqdır. Bu, odu söndürüb külü ilə oynamağa bənzəyir. Belə bir partizan mübarizəsi başlayarsa, qısa zamanda zərərsizləşdiriləcək. Azərbaycan buna imkan verməyəcək. Bu, dəqiqdir”.
Qeyd edək ki, İtaliya və Fransanın “Gucci” moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan terror təşkilatı VOMA sıralarına qoşulub və əlində tapança ilə atışma məşqi zamanı görüntülənib.
VOMA-nı erməni əsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklərini bildiriblər.
Rizvan FİKRƏTOĞLU
XQ