Menendez əleyhinə sokedici ittihamlar

post-img

ABŞ Senatının Demokratlar Partiyasından olan 15 üzvü partiyadaşları Robert Menendezi adının korrupsiya qalmaqalında hallanması ilə əlaqədar tutduğu vəzifədən getməyə çağırıblar. Bu barədə “İnterfaks.ru” “Associated Press”ə istinadən məlumat yayıb. 

Menendezin bu addımı atması ilə bağlı ilk çağırışı keçən həftənin sonlarında senator Keri Buker edib. O, bununla bağlı bəyanatında bildirib ki, Menendezin əleyhinə “korrupsiya ilə bağlı şokedici ittihamlar və konkret, təhlükəli pozuntular” toplanılıb.

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senator Menendez özü isə hələ ki, Senatda tutduğu vəzifədən istefa vermək fikrində deyil. Üstəlik, son günlərdə onun müdafiəçisi də tapılıb. Bu, Respublikaçılar Partiyasından senator Tom Kottondur. O, bəyan edib ki, həmkarına qarşı irəli sürülən ittihamlardan narahatdır, amma günahsızlıq prezumpsiyasını nəzərə alaraq məhkəmənin nəticəsini gözləmək lazımdır. 

Kotton özünün sosial şəbəkə hesabında yazıb: “İstənilən insan kimi, Menendezin də ittihamın arqumentlərini məhkəmədə mübahisələndirmək hüququ var. Onun əməllərinə qiyməti demokrat-siyasətçilər deyil, məhkəmədə ittihamçılar, eləcə də Nyu-Cerci ştatının seçiciləri verə bilər. İndi demokratlar onun bundan sonra hakimiyyətdə qalmasını təhlükə hesab edirlər”.

Qeyd edək ki, keçən həftə ABŞ-ın Ədliyyə Nazirliyi Menendezi və həyat yoldaşını  korrupsiyada və öz nüfuzlarından Misirə gizli kömək üçün istifadədə ittiham edib. İttiham aktında təsdiq edilir ki, Menendezin dəstəsi biznesmenlərin müdafiəsi məqsədilə senatorun mövqeyindən istifadəyə icazə vermək, eləcə də Misir hökumətinin maraqlarına xidmət üçün onlardan yüz minlərlə dollar rüşvət alıb. Bu gün Menendez və həyat yoldaşının məhkəmə qarşısında dayanacağı gözlənilir. Ancaq ABŞ KİV-in məlumatına görə, Menendezin cinayət işi ilə bağlı məhkəmə istintaqı aylarla davam edə bilər. 

Xatırladaq ki, ermənipərəst mövqeyi ilə tanınan Robert Menendez Amerika hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən korrupsiya ittihamı ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib. Bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer açıqlama verib. O bildirib ki, Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred

Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bankın ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir.

Hələ 2012-ci ildə Robert Menendez ABŞ Senatına yenidən seçilməzdən əvvəl nalayiq davranışda da ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.

ABŞ Konqresində anti-Azərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyən Menendez 2015-ci ildə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Senator o vaxt korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunurdu.

Paşa ƏMİRCANOV
XQ 

Siyasət