Macarıstan Aİ-nin Qarabağla bağlı qərəzli bəyanatını bloklayıb

post-img

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə sənədi kimi yayılmalı idi, lakin Macarıstan buna veto qoydu. Məlumatı “Caliber” verib.

Qeyd edək ki, Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə cəlb olunmuş dövlət qulluqçularının və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, o cümlədən Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirləri həyata keçirib.

Cəbhə xəttində və dərinlikdə yüksək dəqiqlikli silahlardan istifadə etməklə keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin Qarabağdakı bölmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, həmçinin, döyüş vasitələri və hərbi obyektləri yararsız hala salınıb. Mülki əhali və mülki infrastruktur heç bir zərər görməyib, istisnasız olaraq yalnız qanuni hərbi mövqelər hədəfə alınıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət