DİN şəxsi heyəti ölkənin bütün ərazisində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

post-img

Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dörd əməkdaşı terrora məruz qalıb. Bu da ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, konstitusiya quruluşunun bərpa edilməsi məsələsini zəruri edib.

Bunu DİN Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenantı Elşad Hacıyev deyib.

Bu gün Azərbaycan Respublikasında başlayan lokal xarakterli antiterror tədbirləri davam etdirildiyini deyən E.Hacıyev bildirib ki, bu tədbirlər nəzərə alınaraq ölkənin bütün ərazisində DİN şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Respublikada mümkün təxribat, təhdid, hər hansı hüquqazidd tədbirlərin qarşısının alınması ilə bağlı DİN şəxsi heyətinə göstərişlər verilib. Azərbaycan cəmiyyətinə antiterror tədbirləri çərçivəsində dezinformasiya xarakterli məlumatlardan çəkinmələrini tövsiyə edirik. Bu hallara qarşı cəmiyyətin hər bir üzvü diqqətli və məsuliyyətli olmalıdır. Azərbaycanda bəzi sosial şəbəkə seqmentləri məhdudlaşdırılıb. Bu da ondan irəli gəlir ki, təhdidlər, dezinformasiyalar var idi. Qarşı tərəf təkcə Azərbaycana silahlı formada müqavimət göstərmir, həm də informasiya cəbhəsində ölkəmizlə müharibə əhval ruhiyyəsinə köklənmiş şəkildə sosial şəbəkə seqmentlərini idarə edir . Azərbaycan cəmiyyətinə çağırışımız ondan ibarətdir ki, diqqətli və məsuliyyətli olsun, yalnız rəsmi dövlət qurumlarının verdiyi məlumatlara inansın, bunun əsasında paylaşım etsinlər.

Azərbaycan Respublikasının ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələrinin birləşmələrinə qarşı tədbirlər davam edir. Buna paralel olaraq ictimai təhlükəsizlik tədbirləri birgə aparılır ki, Azərbaycan cəmiyyətində hər hansı xoşagəlməz hallar baş verməsin. Bütün cəmiyyəti birgə olmağa, qayda və tələblərə əməl etməyə çağırıq".

Siyasət