Güclü ordu – qüdrətli Türkiyə

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan bu il sentyabrın 4-də Soçidə rusiyalı həmkarı Vladimir Putin ilə görüşərək onunla bir çox aktual problemləri geniş müzakirə edib. Gündəmdə “Taxıl sazişi”nin bərpası, Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunmağın vacibliyi, Suriyada və Cənubi Qafqazdakı mövcud durum və digər aktual məsələlər yer alıb. 

Bu, çoxlarının səbirsizliklə gözlə­diyi və böyük ümidlər bəslədiyi görüş idi. Bir çox təhlilçilər Soçi sammitində müzakirələrin kifayət qədər məhsuldar olduğunu qeyd edir, bir başqaları isə liderlərin konkret bir razılığa gəlmədik­lərini iddia edirlər. Çağdaş dünyanın qalaq-qalaq toplanan problemlərinin həllini Soçidəki görüşdən umanlar da vardı. 

Bəzi dairələr hətta NATO üzvü olan Türkiyə dövlətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qo­şulmadığını, üstəlik iki liderin bir çox mühüm məsələlərdə yaxın mövqe sər­gilədiklərini dilə gətirir, Türkiyə liderini Rusiya ilə yaxınlaşmaqda ittiham edir­lər. Fikrimcə, bunlar qərəzli və əsassız mühakimələrdir. 

Görünən budur ki, Qərb siyasətçilə­ri Prezident Ərdoğanın öz dövlətinin və xalqının milli maraqlarına xidmət edən səriştəli, qətiyyətli və prinsipial siyasə­tinə qısqanc yanaşır, çağdaş zəmanə­nin görkəmli dövlət xadimini hər vəchlə gözdən salmağa cəhd edirlər. Səbəb isə budur ki, Ərdoğan Türkiyəsi 20 il bundan əvvəlkindən qat-qat güclüdür, regionda və bütün dünyada söz sahi­bidir. 

Bəli, güclü və qüdrətli Türkiyə bu gün dünyada haqqın və ədalətin ya­nında durmağı bacaran dövlətdir. Bu bir həqiqətdir, qardaş ölkə sabah isə daha güclü və möhtəşəm olacaq. Axı, Ankara qarşısına qoyduğu hədəfləri fəth etməyi bacarıb və bacarır. 

Prezident Ərdoğan Ankarada 30 Avqust – Zəfər Günü münasibətilə təş­kil olunan möhtəşəm mitinqdəki nitqin­də bildirib ki, Türkiyənin özünün mü­dafiə qüdrətini gücləndirməsi sadəcə seçim imkanlarından biri kimi deyil, hə­yati əhəmiyyət kəsb edən zərurət kimi dəyərləndirilməlidir. Belə ki, güclü ordu­su olmadan güclü Türkiyə ola bilməz. 

Dövlət başçısının sözlərinə görə, son illərin təcrübəsi göstərir ki, Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsinin alternativi yoxdur. Danılmaz həqiqət budur ki, Türkiyə bu gün özünü və müt­təfiqlərini qorumaq üçün birmənalı ola­raq güclü, modern və yüksək peşəkar və intizamlı orduya malikdir. 

Prezident qeyd edib ki, bu is­tiqamətdə bütün zəruri addımlar atılıb və tarixi uğurlar əldə edilib. Hazırda Türkiyə müdafiə qüdrətinə görə dün­yanın ən güclü dövlətlərinin ön sırala­rındadır. İndi ölkə elə bir nöqtəyə çatıb ki, bu səviyyə çoxları üçün əlçatmazdır. Belə ki, dünən ona havadan müdafiə sistemləri verməyən ölkələr, bu gün Ankaradan bu sistemləri satın almalı olurlar. 

Türkiyənin kütləvi istehsalına hazır­laşdığı KAAN qırıcı təyyarələri barədə danışarkən Prezident ümid etdiyini vur­ğulayıb ki, bu sahədə işlər ilin sonuna qədər uğurla başa çatacaq. Türkiyə Kosmik Sənayesinin rəhbəri Təməl Kotil bildirmişdi ki, milli istehsal olan KAAN beşinci nəsil qırıcı təyyarələri dekabrda uçmağa başlayacaq. 

Xatırladaq ki, yerli mühərriklərlə təchiz olunacaq bu qırıcıların ilkin mər­hələdə 2028-ci ildə kütləvi istehsalına başlanılması nəzərdə tutulmuşdu. La­kin proses sürətləndirilib. Yeri gəlmiş­kən, qardaş ölkədə KAAN layihəsinə 2016-cı ildə başlanılıb. 

Bir çox siyasi təhlilçilər vurğulayır­lar ki, Türkiyənin hərbi sahədə parlaq uğurları İraq və Suriyanın şimalında, xüsusilə də İdlibdə aparılan gərgin an­titerror əməliyyatlarında özünü yüksək səviyyədə göstərib. Liviyada Anka­ra qiyamçı general Həftara qarşı ağır mücadilədə beynəlxalq qurumların tanıdığı qanuni hökuməti dəstəkləyib. Türkiyə Ordusunun hərbi təlimçilərinin yardımı ilə yaraqlılara sarsıdıcı zər­bələr endirilib. 

Türkiyə Ordusu vaxtaşırı İraqın şi­malında və Suriyanın terrorçulardan azad edilən ərazilərində PKK-YPG terrorçularına qarşı uğurlu hərbi hava əməliyyatları həyata keçirir. Məqsəd terorrçuları yerindəcə məhv etmək, onların Türkiyə ərazisinə keçərək bəd əməllər törətməsinə imkan verməmək­dir. 

Türkiyə bu gün planetimizdə təkcə hərbi qüdrəti ilə deyil, həm də mədəni, mənəvi dəyərləri ilə cəlbedici bir döv­lətə çevrilən “yumşaq güc” mərkəzidir. Bu, günümüzün reallığıdır və bunu in­kar etmək qeyri-mümkündür. 

İbrahim RÜSTƏMLİ, 
ehtiyatda olan polkovnik, hərbi ekspert:

– Türkiyə əsas üzvlərindən biri olduğu NATO-nun hərbi qüdrətinə görə ikinci böyük dövlətidir. Alyansın cənub cinahını qoruyan Türkiyənin qitədə və bütün dünyada təhlükəsiz­liyin qorunmasında rolu böyükdür. 

Qeyd etmək lazımdır ki, or­du-millət anlayışının sahibi olan türk milləti Mete Han, Sultan Alparslan, Fatih Sultan Mehmet, Qazi Mustafa Kamal kimi dahi sərkərdələr yetişdi­rib. Türk ordusu həm də dost və qar­daş xalqlar üçün bir ümid məşəlidir. Türkiyə Silahlı Qüvvələri öz yurdu­nu qorumaqla yanaşı, BMT xəttilə müxtəlif sülhməramlı əməliyyatlarda da iştirak edir.

Türkiyə bir çox beynəlxalq missi­yalarda iştirak edib. Cənubi Koreya­dan Əfqanıstana qədər bir sıra yer­lərdə türk əsgər və zabitləri hünər yazıblar, şəhidlər veribdir. 

Türkiyə Ordusu NATO-nun ən güclü silahlı qüvvələri sırasındadır. Mən deyərdim ki, NATO-nun nüfu­zu, ilk növbədə, Türkiyə Silahlı Qüv­vələrinin yenilməz gücü ilə bağlıdır. Türkiyə istər müasir hərb elminin tətbiqi, istərsə də cəbbəxanasının günün müasir tələbləri səviyyəsində qurulması baxımından silahlı qüv­vələrində çox ciddi islahatlar apar­mış dövlətdir. 

Onun Silahlı Qüvvələri kadr isla­hatları, silah-sursatın yenilənməsi, rəhbər vəzifələrin ştat strukturları, əməliyyat islahatları yönündən dün­yada hərb elminin brendidir. 

Bu mənada Azərbaycan Ordu­sunun Türkiyə Silahlı Qüvvələrinin modeli şəklində identifikasiya olun­ması Silahlı Qüvvələrimizin gələcək perspektivi üçün böyük əhəmiyyət daşıyacaq. 

Belə ki, kadr potensialımız və müdafiə qabiliyyətimiz güclənəcək. Azərbaycan–Türkiyə həmrəyliyi türk dünyasının və onu sevən insanların birliyidir. Ona görə də xalqımız bu birliyi təqdir edir və bundan fəxarət duyur.

Məsaim ABDULLAYEV
XQ



Siyasət