Ermənistan–Rusiya münasibətləri: Uçurum getdikcə dərinləşir

post-img

Roma statutunun ratifikasiyası İrəvana Azərbaycan qarşısında heç bir üstünlük qazandırmayacaq

Nikol Paşinyanın beş il öncə Hayastanda hakimiyyətə gəlişindən sonra Ermənistan-Rusiya münasibətlərində soyuq küləklər əsməyə başladı, – desək, yəqin ki, səhv etmərik. Bu küləklər bəzən güclənir, bəzən səngiyir, amma heç kəsilmir. Məsələ ondadır ki, Ermənistan-Rusiya münasibətlərində ziddiyyət yaradan bir sıra ciddi səbəblər də var və rəsmi İrəvan bu səbəbləri aradan qaldırmaqda heç də maraqlı görünmür. Əksinə, son vaxtlar onların sırasına biri də əlavə olunub. Söhbət Ermənistan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il iyulun 17-də imzalanmış Roma statutuna qoşulmaqda israrlı olmasından gedir.

Sonuncu dəfə bu barədə Rusiya Xa­rici İşlər Nazirliyinin rəsmi nümayəndə­si Mariya Zaxarova açıqlama verib. O, sentyabrın 5-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib: “Biz artıq Ermənistan tərə­findən bu məsələyə aydınlıq gətirilməsini istəmişik və növbəti addımlarımızı İrəva­nın cavabının məzmunu əsasında müəy­yən edəcəyik”.

Qeyd edək ki, Ermənistan hökumə­ti Roma statutuna qoşulmaqla bağlı 2022-ci ildə Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi. Konstitusiya Məh­kəməsi bu ilin martın 24-də Roma statu­tunda təsbit edilmiş öhdəliklərin konstitu­siyaya uyğunluğunu tanıyan qərar qəbul etmişdi. Bundan bir həftə əvvəl – martın 17-də isə Beynəlxalq Cinayət Məhkəmə­si Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında Uşaq hüquq­ları üzrə müvəkkil Mariya Lvova-Belova­nın həbsinə order vermişdi.

Yeri gəlmişkən, qeyd edək ki, 2023-cü ilin mart ayına olan məlumata görə, Roma statutunu 137 dövlət imza­layıb, onlardan 123-ü sənədi ratifikasiya edib. Bu isə Rusiya Prezidentinin statutu ratifikasiya etmiş ölkələrdən hansısa biri­nin ərazisinə daxil olacağı təqdirdə həbs olunaraq, Beynəlxalq Cinayət Məhkəmə­sinə veriləcəyi deməkdir. Yada salaq ki, V.Putin məhz bu səbəbdən, BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cə­nubi Afrika Respublikasından ibarət döv­lətlərarası birlik-S.H.) cari ilin avqustun 22-24-də Yohannesburq şəhərində ke­çirilən XV sammitində iştirak edə bilmə­mişdi. Çünki Cənubi Afrika Respublikası Roma statutunun iştirakçısıdır və BCM-in yurisdiksiyasını tanıyır. Əgər V.Putin onun ərazisinə gələrdisə, ölkə hakimiy­yəti BCM-in orderi əsasında onu həbs etməyə borclu idi.

İndi isə Rusiya Prezidentini belə bir aqibət ən yaxın strateji müttəfiqlərindən biri olan Ermənistan Respublikasında da gözləyir. O Ermənistan Respublikasında ki, onun yaradıcısı Rusiya imperatoru I Nikolaydır. İmperatorun 1828-ci il martın 21-də – Azərbaycan xalqının böyük coş­ğu ilə qeyd etdiyi Novruz bayramı günü imzaladğı sərəncamla keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Er­məni vilayəti” yaradılıb. Sonrakı dövrdə– istər digər çarların, istər Sovet İttifaqının, istərsə də müasir Rusiya Federasiya­sının ermənilərə və Ermənistana necə böyük himayədarlıq etdiyi hamıya yaxşı məlumdur. İndi belə bir dövlətdə Rusi­ya Prezidentinin həbsinin, hətta nəzəri baxımdan gündəliyə gəlməsi rusları son dərəcə hiddətləndirib. Rusiya XİN-in rəs­mi nümayəndəsi M.Zaxarovanın Ermə­nistan hökumətinin məsələyə aydınlıq gətirməli olduğunu deməsi bu hiddətin diplomatik ifadəsidir.

***

Qeyd etdiyimiz kimi, Ermənistan Konstitusiya Məhkəməsinin Roma statu­tunda təsbit edilmiş öhdəliklərin konstitu­siyaya uyğunluğunu tanıyan qərar qəbul etməsi Beynəlxalq Cinayət Məhkəməsi­nin V.Putinin həbsi ilə bağlı order çıxar­ması ilə eyni vaxta təsadüf etmişdi. Bun­dan sonra Rusiyada və Ermənistanda qızğın müzakirələrin başlanması Paşin­yan hökumətini fasilə götürməyə məcbur edib. Hiss olunurdu ki, məsələ gündəlik­dən tamamilə çıxarılmayıb, rəsmi İrəvan coşmuş emosiyaların səngiməsini gözlə­yir. Belə də oldu. Ermənistan hökuməti sentyabrın 1-də Roma statutunu ratifika­siya üçün parlamentə göndərib.

Rusiyadan isə buna ciddi etirazlar var. Hələ iki ay öncə – iyulun 20-də Rusi­ya parlamentinin yuxarı palatasının (Fe­deral Məclisin Federasiya Şurası-S.H.) sədr müavini, Ermənistan–Rusiya par­lamentlərarası komissiyasının həmsədri Yuri Vorobyov bildirmişdi ki, Ermənistan parlamenti Roma statutuna qoşulmağın nəticələrini öyrənməlidir. İrkutskda parla­mentlərarası komissiyanın iclasında çıxış edən Vorobyov Ermənistan Konstitusiya Məhkəməsinin 2023-cü il martın 24-də Roma statutunun ölkə konstitusiyası­na zidd olmadığı barədə qərarını şərh edərkən demişdi: “Anladığımız kimi, bu, o deməkdir ki, Ermənistan Haaqa Tribu­nalının baxdığı bütün işlərə münasibətdə yurisdiksiyasını tanıyır. Biz ondan çıxış edirik ki, erməni tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır, lakin buna baxmayaraq, praktikada, bu, Rusiya–Ermənistan münasibətlərinə cid­di ziyan vurur. Biz müttəfiqlərimizi Roma statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”. O qeyd etmişdi ki, hazırda məsələ ilə bağlı Rusiya və Ermənistan xarici işlər nazirlik­ləri arasında dialoq aparılır.

Hayastan parlamentinin sədr müavini Akop Arşakyan cavabında bildirmişdi ki, sənədin qəbulu məsələsi heç bir halda Rusiyaya qarşı yönəlməyib və Azərbay­canın, guya, Ermənistanın suveren əra­zisinə təcavüzünün (?) qarşısını almağa xidmət edəcək.

O qeyd etmişdi ki, Roma statutunun qəbulu məsələsi Ermənistan və Rusiya XİN-in ekspert dairələrində fəal müza­kirə olunur. Arşakyan məsələnin mütləq hüquqi həllinin tapılacağına, bunun Er­mənistan və Rusiya üçün məqbul olaca­ğına inandığını bildirmişdi.

***

Göründüyü kimi, Ermənistan hö­kuməti özünün anti-Rusiya addımını pərdələmək üçün Azərbaycanın adını hallandırır. Guya, sənədin ratifikasiya­sı Azərbaycanın Ermənistan ərazisinə hansısa “təcavüzü”nün qarşısını almağa kömək edəcək. Rəsmi İrəvan Azərbayca­nı məhkəməyə vermək niyyətini gizlətmir. Ancaq məsələ ondadır ki, Azərbaycan Roma statutunu imzalamayıb və belə­liklə, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb. Azərbaycanın qoşulmadığı sənədlər bağlı onu “mühakimə” etmək praktik olaraq mümkün deyil. Üstəlik, məhkəmənin çıxaracağı qərarın İrəvanın xeyrinə olub-olmayacağı məsələsi var.

Rusiyalı politoloq Aleksey Naumov da bu fikirdədir ki, Ermənistanın BCM-in yurisdiksiyasına daxil olması Azərbay­canla qarşıdurmasında İrəvana heç bir şəkildə kömək etməyəcək. “İrəvan BCM-dən Azərbaycana qarşı dəyənək kimi istifadə etməyə ümid edir. Amma başa düşmək lazımdır ki, Bakı Qarabağ məsələsində tamamilə öz hüququna malik olduğundan BCM-nin heç bir sə­lahiyyəti yoxdur və Azərbaycan əleyhinə heç bir qərar çıxarmayacaq. Bu, İrəvanın Azərbaycanı hansısa formada incitmək, daha çox təzyiq göstərmək üçün növbəti cəhdidir, lakin uğur qazanmaq üçün heç bir şansı və perspektivi yoxdur”, – deyə politoloq “Nyus.ru”ya müsahibəsində bil­dirib.

Naumov əmindir ki, sənədin ratifika­siyasına Moskvadan dərhal reaksiya ol­mayacaq. Lakin iki ölkə arasında müna­sibətlər geridönməz şəkildə pozulacaq, çünki Moskva birbaşa təzyiqlərə döz­məyəcək: “Səfirin ölkədən çıxarılması və digər güclü qərarlar olmayacaq. Amma bu, təbii ki, Rusiya–Ermənistan müna­sibətlərinin tabutuna mismar vuracaq. Məsələ burasındadır ki, Ermənistan Ru­siyanın müttəfiqi olmaqla özünü həmişə müttəfiq kimi aparmır. Ekspertlər arasın­da tez-tez Moskvanın İrəvanla ittifaqdan Cənubi Qafqazdakı hərbi baza ilə bağlı bəzi ümumi sözlərdən başqa nə əldə et­diyi ilə bağlı suallar qaldırılır. Əslində, heç nə əldə etmir. Ermənistan bu vəziyyətdən həzz alır. İndi isə bunu etmək mümkün deyil – bütün maskalar yırtılıb”.

Rusiyanın məşhur “Rıbar” teleqram kanalının müəllifləri də qeyd edirlər ki, Roma statutunun ratifikasiyası Ermə­nistana Azərbaycan qarşısında heç bir üstünlük verməyəcək. Bunun əvəzində Rusiya ilə münasibətlərdə təxribatların möhkəm təməli qoyulacaq. Bura gələ­cəkdə ölkələr arasında münasibətləri pozmaq təhlükəsi yarada biləcək təxri­batlar da daxildir.

Göründüyü kimi, Paşinyan hökuməti­nin bu avantürist qərarı ilə Ermənistan–Rusiya münasibətlərinə daha bir zərbə vuruldu. Əgər Ermənistan parlamenti Roma statutunu ratifikasiya etsə, bundan Azərbaycanı “mühakimə etmək üçün” yararlana bilməyəcək, əvəzində isə Bey­nəlxalq Cinayət Məhkəməsinin orderləri bundan sonra Ermənistan ərazisində məcburi olacaq. O cümlədən, Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün BCM-nin mart ayında verdiyi order. Bun­dan sonra Ermənistan–Rusiya müna­sibətlərinin necə olacağını isə təsəvvür etmək çətin deyil.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru:

– Roma statutu ilə bağlı məsələ­nin siyasi və hüquqi tərəfi var. Rusi­ya əsasən məsələnin siyasi tərəfi ilə bağlı narahatlığını bildirir. Bildiyimiz kimi, BCM Rusiya Prezidentinin həb­si ilə bağlı order çıxarıb. Əgər Ermə­nistan sənədi ratifikasiya etsə, Putin həmin ölkənin ərazisinə daxil olduğu anda onu həbs edib BCM-ə təhvil verməlidir. Məhz bu məsələyə görə Putin BRİKS-in sammitində iştirak edə bilmədi. CAR rəhbərliyi ilə Ru­siya rəhbərliyi arasında fikir ayrılığı yarandı. İndi Ermənistanın da belə bir öhdəlik götürməsi Putinlə bağlı məsələni aktuallaşdırır. Məsələnin siyasi tərəfi budur və anti-Rusiya ad­dımı kimi qiymətləndirilir.

Ermənistan isə bunun sırf hüquqi məsələ olduğunu israr edir. Bu məsələ hüquqi baxımdan da əsassız bir iddiadır. Çünki sənədi ratifikasiya etsələr belə, onun hüquqi qüvvəsi geriyə şamil olunmur. Yəni, sənədin hüquqi qüvvəsi onun ratifikasiya olu­nacağı gündən sonra baş verən ha­disələrdə keçərlidir. Digər tərəfdən, onların iddia etdikləri “hərbi cinayət­lər” Ermənistan Respublikasının ərazisində baş verməlidir. Onlar Qa­rabağla bağlı heç bir halda müraciət edə bilməyəcəklər. Yəni, sənədin Azərbaycana qarşı istifadə olunma­sı, demək olar ki, qeyri-mümkündür. Bundan əlavə, Azərbaycan Roma statutuna qoşulmayıb və belə olan halda BCM-in qərarları Azərbaycan üçün keçərli hesab edilmir.

Səxavət HƏMİD
XQ





Siyasət