Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu

post-img

ADA Universitetində “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirildi.

Tədbirin açılışında ADA Uni­versitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Xarici işlər naziri Ceyhun Bay­ramov bildirib ki, müstəqil xarici si­yasət hər bir dövlətin əsas atributla­rından biridir. Bütün digər sahələrdə olduğu kimi, ölkəmizin xarici siyasət kursunun əsasının qoyulması da ulu öndərin adı ilə bağlıdır.

Nazir, həmçinin qeyd edib ki, ümummilli lider hakimiyyətə qa­yıtdıqdan sonra Azərbaycanın dövlətçilik mənafelərini hər şey­dən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və xüsusilə Azərbaycan ilə bağlı maraqlarını, bu bölgədə ambisiyalarını nəzərə alaraq çevik manevrlər və xüsusi taktiki gediş­lər etdi. Ulu öndərin uğurlu xarici siyasət kursu nəticəsində xüsusilə keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi kimi məsələ həllini tapmışdı.

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə­mizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Azərbaycanın post­münaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. İşğaldan azad edilmiş torpaqları­mız bu gün dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezi­dent Mehriban Əliyevanın fəal iş­tirakı ilə yenidən dirçəlir. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır”, – deyə nazir diqqətə çatdırıb.

Prezidentin köməkçisi – Prezi­dent Administrasiyasının Xarici si­yasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ulu öndər Heydər Əliyevin xarici siyasət sahəsindəki böyük xidmətlərindən bəhs edib. 

Hikmət Hacıyev bildirib ki, 1987-1990-cı illərdə ulu öndərə qarşı rep­ressiyalar dövrü idi. Həmin dövrü təhlil etdikdə məlum olur ki, nəinki ümummilli ideri siyasi məkandan silmək, hətta onun fiziki cəhət­dən məhv edilməsi istiqamətində məqsədli siyasət aparılırdı.

“Tarixçilər öz araşdırmalarında diqqət etməlidirlər ki, biz bəzən er­mənilərin Azərbaycana qarşı ərazi iddiaları kontekstində yalnız Qa­rabağ mövzusuna baxırıq. Amma sənədlərə nəzər yetirdikdə tam aydın olur ki, təkcə Qarabağ yox, Naxçıvan Muxtar Respublikasının da Ermənistana birləşdirilməsi, hə­min zonanın Şərqi Ermənistan kimi təsvir edilməsi prosesi var idi. Ulu öndərin Naxçıvana gəlməsi ilə on­ların bu istəyi də baş tutmadı. Ulu öndər Naxçıvanı Qarabağın aqibə­tini yaşamaqdan xilas etdi. 1993-cü ilə qədər Azərbaycanı tam şəkil­də müstəqil hesab etmək olmaz­dı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Konfrans işini panel müzakirələ­ri ilə davam etdirib.

“Xalq qəzeti”



Siyasət