Fikrət Sadıxov: Rusiya zəifləsə də, bir əli bölgədədir

post-img

Rusiyanın Qafqaza yönəlik siyasəti həmişə işğalçılığı və müstəmləkəçiliyi ilə seçilib. Dünən belə olub, bu gün də belədir. Bölgənin məhz əlverişli hərbi-strateji coğrafiyaya malik olması vaxtilə çar Rusiyasının buranı işğal etməsinə səbəb olub. Bu gün də Cənubi Qafqazla bağlı Rusiyanın özəl planlarının və maraqlarının olduğu kimi, imperialist Avropa dövlətlərinin də özünəməxsus hərbi-siyasi niyyətləri var. Azərbaycan isə bu iki güc blokları arasında qızışan mübarizədə özünün milli maraqlarını qorumalı, ədalətli sonluğa nail olmalıdır. Sülhdən yayınan İrəvanın hərbi təxribatlarına baxmayaraq, Bakı tarixin keşməkeşli dövründə bu missiyasını uğurla yerinə yetirir. 

Tanınmış politoloq Fikrət Sadıxovla söhbətimizin mövzusu Qarabağ sülh pro­sesinin üzləşdiyi reallıq, bölgədə marağı olan güclərin mübarizəsində Bakının dip­lomatik manevrləri və sabaha ümidlərlə bağlıdır. Fikrət müəllim əvvəlcə Ermənis­tanın şərti sərhəddəki Laçin postunda, Şərqi Zəngəzurda törətdiyi hərbi təxri­batların səbəblərinə aydınlıq gətirməyə çalışdı: 

– Ermənistan tərəfi Laçın yolunda sərhəd postunun quraşdırılmasına etiraz edirdi. Guya biz bununla Qarabağdakı etnik erməniləri blokadaya salacağıq, onların İrəvana getmələrinə imkan ver­məyəcəyik, yol gediş-gəliş üçün bağla­nacaq və s. Amma tək ermənilərə deyil, bütün dünyaya sübut etdik ki, bu post beynəlxalq qaydalara uyğun, sivil şəkildə fəaliyyət göstərir, ermənilərin hərəkətinə də heç bir maneçilik törətmir. Əksinə, sərhəd buraxılış məntəqəsində onlar üçün lazımi şərait yaradılır ki, rahat gə­lib-getsinlər. Əlbəttə, bu postun qurul­ması müəyyən qüvvələri qane etmirdi. Azərbaycanın mövcud istiqamətdə atdığı addımlar həmin qüvvələri qıcıqlandırdı. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğanın Bakıya səfəri, buradan mühüm bəyanatların verilməsindən sonra belə bir təxribatın meydana gəlməsi təsadüfi sayıla bilməz. Ələlxüsus da Ərdoğanın Şuşada Türkiyənin Baş konsulluğunun açılacağı ilə bağlı qərarın qəbul olunma­sı mesajını heç də asan həzm edə bil­mədilər. Əslində, Türkiyə Prezidenti özü açıq şəkildə söylədi ki, bu xəbər müəy­yən qüvvələrə mesaj xarakteri daşıyır. Aydın məsələdir ki, Ərdoğanın söylədik­ləri Cənubi Qafqazda söz və nüfuz sahibi olmağa iddialı aktorların, eləcə də Qa­rabağda erməniləri dəstəkləyən Rusiya sülhməramlılarının xoşuna gəlməyib. 

– Fikrət müəllim, Ermənistanın son hərbi təxribatlarının ssenari müəllifi­nin onun şimallı tərəfdarının olması versiyasına yanaşmanız necədir?

– Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çox ma­raqlı açıqlama vermişdi. O, dedi ki, Ame­rika Qarabağda yaşayan etnik erməniləri Bakı ilə danışıqlara sövq edir. Qorxudur ki, əgər dialoqa getməsəniz, guya əks hücuma məruz qalacaqsınız. Bu və di­gər diplomatik davranışlar ona dəlalət edir ki, bunların arxasında konkret qüv­vələr var. Və həmin güclər gördüyümüz təxribatların törədilməsində tam maraqlı­dırlar. Təbii ki, Azərbaycan bunlara qarşı özünün adekvat addımlarını atıb və bun­dan sonra da atacaq. Bu addımlar həm diplomatik müstəvidə, həm də, ehtiyac yaranarsa, hərb meydanında atıla bilər. Nəhayət, Şimaldakı, Qərbdəki o qüvvələr başa düşməlidirlər ki, Bakının mövqeyi dəyişməz və prinsipialdır. 

– İrəvan hər dəfə sülh danışıqla­rının növbəti raundu yaxınlaşanda prosesə mane olmaqdan ötrü müxtəlif bəhanələr uydurur. Bu dəfə açıq hərbi təxribata əl atdı...

– Vaşinqton və Brüssel görüşləri onu göstərdi ki, məhz bu qüvvələr mövcud münaqişənin tam yatırılmasında, sülhə nail olunmasında müəyyən səylər göstə­rir. Hesab edirəm ki, keçən ayın əvəllə­rində Vaşinqtonda çox səmərəli dialoq alındı. Bu da özünəməxsus bir reallıqdır ki, dörd gün ərzində aparılan danışıqlar Amerikanın birbaşa vasitəçilik missiyası­nın müdaxiləsi olmadan baş tutdu. Sülh danışıqlarının bu formatda təşkili birin­ci dəfə idi və bunun müəyyən müsbət nəticələrinin əldə edildiyini deyə bilərik. Vaşinqton trekinin davamı kimi Brüssel sülh meydançasını qeyd etmək lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasına görə, həm Brüssel­dəki üçtərəfli danışıqlar, həm də Kişineu­dakı beştərəfli təmaslar məhsuldar və konstruktiv keçib. Yəni, bu o deməkdir ki, artıq Moskvanı mövcud müstəvidə sıxış­dırırlar. 

– Amma 10 noyabr Bəyanatına görə sülhyaratma missiyasına ma­lik Rusiyanın bölgədəki maraqlarını nəzərə almaya bilmərik.

– Bəli, bölgədə daim ciddi təsir rı­çaqlarına malik güclü oyunçu, dövlət kimi Rusiya amilini kənara qoya bilmərik. Amma reallıq budur ki, indi Moskvanı bu coğrafiyadan kənarlaşdırmağa çalışırlar. Şübhəsiz ki, bu, Kremli qıcıqlandıran əsas amildir və o, hazırkı durumla heç cür barışmaq istəmir. Bu prosesin qarşısını almaqdan ötrü Rusiya rəhbərliyi bölgədə hansısa təxribatın törədilməsinin tərəf­darı ola bilər. Onun üçün bunu İrəvanın vasitəsi, ermənilərin əli ilə həyata keçir­mək daha məqbul variantdır. Düşünürəm ki, sülh prosesinin digər meydançaları ilə müqayisədə biz hər halda Vaşinqton, Brüssel və Kişineu platformalarından daha çox faydalana bilərik. Ən azından ona görə ki, bu müstəvilərdəki danışıqlar­da konkret təkliflər irəli sürülür və həmin təkliflərin həyata keçirilməsi mexanizmlə­ri müzakirə olunur. Əgər Birləşmiş Ştatlar məsələnin tezliklə həllində maraqlıdırsa, bu halda özünün təsir gücünü daha açıq şəkildə nümayiş etdirməlidir. Bunun üçün Ermənistana ciddi təzyiq göstərməlidir. Vaşinqton heç bir halda Azərbaycanı Ermənistanla eyniləşdirməməlidir. Belə eyniləşdirmə bir sıra hallarda neqativ nə­ticələrə gətirib çıxarır. Kənardan görünən mənzərə də çox maraqlıdır. Ukraynada davam etdirdiyi xüsusi hərbi əməliyyat­larla bağlı Rusiya zəifləyib. İntəhası, yenə də Kremlin bir əli bizim bölgənin üzərindədir. Bunu Vaşinqtonda dərk et­məli, vəziyyəti düzgün qiymətləndirməli­dirlər. Məhz bu yanaşma tərzindən çıxış edərək, müvafiq tədbirlərini görməlidirlər.

Söhbəti yazdı:
İ.HƏSƏNQALA, “Xalq qəzeti”



Siyasət