ABŞ Dövlət Departamenti konkret olmalı idi...

post-img

Azərbaycan–Ermənistan danışıqlarının, sülh gündəliyinin intensivliyinin iki ölkənin şərti sərhədində hərbi toqquşmalarla əvəzləndiyi hazırkı dövrdə, Rusiyanın bir sıra kütləvi informasiya vasitələri Bakı–İrəvan nizamlanmasının aktiv Qərb formatını gözdən salmağa çalışırlar. Mövcud xüsusda ABŞ-ın üzərinə, belə demək mümkünsə, yüklənmələr var. Daha konkret söyləsək, Rusiyanın bəzi media orqanları bildirirlər ki, Birləşmiş Ştatlar Qarabağ ermənilərinə Bakı ilə dialoq aparmaq üçün təzyiq göstərməkdədir. Əslində, başlıca diqqət yetirilməli məqam məhz dialoq məntiqinin qabardılmasıdır. Əlbəttə, mövcud xüsusda daha bir neçə vacib detalı da nəzərdən qaçırmaq olmaz. 

Ancaq əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçında doğma yurd-yuvalarına qayıtmış rayon sakinləri ilə görüşündə səsləndirdi­yi fikirləri diqqətə çatdıraq. Dövlətimizin başçısı Qarabağdakı separatçı rejimin təmsilçilərinə amnistiyanın şamil oluna biləcəyindən söz açmışdı. Cənab İlham Əliyev separatçı rejimin nümayəndələri­nin bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət edəcəkləri təqdirdə, onlara amnistiya şamil edilə bilmə ehtimalını qabartmışdı: “Ona da biz hələ baxacağıq. Mənim sö­züm qətidir, bunu hər kəs bilir, həm Azər­baycanda, həm dünyada, o cümlədən, Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də ha­vada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”. 

Qeyd edək ki, ABŞ Dövlət Departa­menti Azərbaycan Prezidentinin mövqe­yini alqışlayan açıqlama yaymışdı. Bu, Ermənistandakı siyasi dairələrin nara­zılığına səbəb olmuşdu. Rusiyanın bəzi kütləvi informasiya vasitələri isə mani­pulyasiyalara baş vurmuşdular. Onlar apardıqları təbliğatla elə təəssürat yarat­mışdılar ki, sanki Vaşinqtonun Prezident İlham Əliyevin mövqeyini alqışlaması ABŞ-ın Qarabağda yaşayan ermənilərin taleyinə biganəliyidir. 

***

“Amerikanın səsi” radiostansiyasının erməni xidməti məhz bu mövzuda ABŞ Dövlət Departamentinə sorğu ünvan­layıb. Əlbəttə, sorğuda konkretlik var. Sual təxminən belədir: “Rusiya KİV-ləri bildirirlər ki, Vaşinqton Qarabağa ABŞ-ın vasitəçiliyi ilə üçüncü ölkədə görüş keçir­məklə bağlı təzyiq göstərir. Bu doğrudur­mu?” 

Dövlət Departamentinin cavabı diplo­matikdir. Cavabda, ilk növbədə, bildirilir ki, Rusiya mediası dezinformasiya yayır. Bu motiv hətta bir qədər də sərt ifadə olunur: “Bildiyiniz kimi, Rusiyanın dezin­formasiya tarixi var”. İkincisi: “Biz ardıcıl olaraq israr etmişik ki, regionda sülhə Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması daxildir. Biz buna töhfə verən istənilən dialoqu alqışlayırıq”.

Bəli, bu cavaba diqqət yetirəndə demək olmaz ki, ABŞ məsələyə birmə­nalı obyektiv münasibət bildirməkdədir. Yəni, faktiki olaraq onun da təşəbbüsü ilə aparılan kollektiv Qərb nizamlama xəttin­də Qarabağ erməniləri ilə bağlı hər hansı məqam yoxdur. Birləşmiş Ştatlar Azər­baycanla Ermənistan arasında vasitəçilik edir. Mövcud xüsusda hansı məsələlər var, o da cəmiyyətə açıqlanıb. 

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2021-ci ildə “CNN Türk” televiziya kanalına müsahi­bəsində bildirmişdi ki, Xankəndidə və ət­raf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yara­dacaq. Dövlətimizin başçısı mayın 28-də laçınlılarla görüşündə isə bildirdi: “Mə­nim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikin­ci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlı­ğının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək”.

Ümumən, Azərbaycan dövlətinin rəs­miləri dəfələrlə bəyan ediblər ki, ölkəmi­zin Qarabağ ermənilərinə yanaşması, onların yalnız icma statusunun vurğu­lanması xüsusundadır. O icmalardan isə Azərbaycanda çoxdur. Yəni, ölkəmizdə digər xalqların nümayəndələrinin birlik­ləri var və buna yanaşma çox normaldır. Mövcud reallığı ABŞ-ın da, digər vasitə­çilərin də qəbul etməsi vacibdir və qəbul edirlər də. 

***

O ki qaldı, bilavasitə Dövlət Depar­tamentinin “Amerikanın səsi”nin erməni xidmətinin sorğusuna cavabının daxili mahiyyətinə, hesab edirik ki, qurum ölkə­nin danışıqlar müstəvisindəki mövqeyini cavabına kifayət qədər uyğunlaşdıra bil­məyib, sanki “nə şiş yansın, nə kabab” düşüncəsi ilə davranıb.

Birincisi, cavabda “Dağlıq Qarabağ” ifadəsi yer alıb ki, bu, qətiyyən yolveril­məzdir. Çünki Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahi­di yoxdur. İkincisi, söhbət Qarabağın er­məni əhalisindən gedirsə, onların hüquq və təhlükəsizliyi baxımından Azərbayca­nın müəyyənləşdirdiyi məsələlər var. Bir az əvvəl bildirdik ki, Qarabağ erməniləri də ölkəmizdə yaşayan digər xalqlar kimi eyni hüquqlara malikdirlər. Onlar indiki durumda öz hüquqlarından məhrum və­ziyyətdədirlər. Ona görə ki, bölgədəki se­paratçı rejim buna maneə törədir. Ermə­nistan dövləti və hakimiyyəti isə Qarabağ erməniləri üçün hüquq və təhlükəsizlik ritorikası ilə daha çox həmin separatçı rejimin müdafiəsinə köklənib. 

Yəni, yaxşı olardı ki, ABŞ Dövlət De­partamenti həm haqqında söz açdığımız sorğuya cavaba konkret yanaşaydı. Bu gələcəkdə mümkün olacaq sorğu ca­vablarına da dürüst və obyektiv mövqe­nin göstərilməsi baxımından vacibdir. Nəzərə alaq ki, belə olduqda Birləşmiş Ştatlar yekun sülh prosesinə daha çox töhfə vermiş olar. İndiki durumda isə Dövlət Departamentinin qətiyyətsiz təsiri bağışlayan cavabı əslində Qarabağdakı erməni separatizminə, bir növ, qol-qanad verməkdə, heç də hər şeyin itirilmədiyinə dair ümid formalaşdırmaqdadır. Bunu er­məni mediası və cəmiyyəti vurğulayır və mövcud vurğulanma istər Ermənistanın ictimaiyyətində, istər avantürist hakimiy­yətində, istəsə də Qarabağdakı separatçı rejimdə illüziya yaradır. Unutmaq olmaz ki, illüziyalar sonradan ziyanlı nəticələr doğurmaq təbiətinə malikdir. 

R.ƏVƏZ, “Xalq qəzeti”

Siyasət