Paşinyanın Bakıya möhtac etirafı

post-img

Ermənistanın baş naziri Nikol Pa­şinyan Soçidə Avrasiya İqtisadi Bir­liyinin iclasındakı çıxışında Azərbay­canın moderatorluğu altında həyata keçirilən regional nəqliyyat layihələri ilə bağlı fikirlər səsləndirib. O, əvvəlki bəyanatlarından fərqli olaraq, nəinki bu layihələrin önəmini təsdiqləyib, həmçinin, Ermənistanın da buna dəstək verməyə hazır olduğunu bil­dirib: “Ermənistan “Şimal–Cənub və Şərq–Qərb strateji istiqamətlərinin inkişafı üçün şəraitin təmin edilməsi üçün səylər göstərir”.

Paşinyan təsdiqlədi: “Çətinliklərlə üzləşirik”

Maraqlıdır, bəs necə olur ki, uzun illər ərzində bu aydın həqiqəti inkar etməkdən yorulmayan Ermənistan, indi birdən-birə tamam fərqli mövqe nümayiş etdirməyə başlayıb?

Paşinyan Soçidəki çıxışında fərqinə varmadan bu sualın cavabına aydınlıq gətirib: “Artıq atılan addımlara baxma­yaraq, hələ də müəyyən çətinliklərlə üzləşirik. Bu baxımdan mən logistika zəncirlərinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və modern­ləşdirilməsi məsələlərində üzv dövlətlər arasında əməkdaşlığın vacibliyini vurğu­lamaq istərdim”.

Göründüyü kimi, Paşinyan etiraf edir ki, məhz Ermənistanın üzləşdiyi logis­tika problemləri, beynəlxalq nəqliyyat layihələrindən kənarda qalması gerçəyi rəsmi İrəvanı proseslərə yenidən, tamam fərqli aspektdən yanaşmaq məcburiy­yəti qarşısında qoyub. İrəvanın hadisə və proseslərə qərəzsiz baxışı nəticə­sində məlum olub ki, Ermənistanın tut­duğu inkarçılıq mövqeyi, Azərbaycanla əməkdaşlıqdan imtina etməsi bu ölkəni beynəlxalq aləmdən əhəmiyyətli dərəcə­də təcrid olunması ilə nəticələnib. Lakin Ermənistanın 30 illik işğal dönəmi və post-müharibə dövründə itirdikləri yalnız bununla bitmir.

Qarabağın işğalı Ermənistana yalnız ziyan vurub

Ermənistanın ötən əsrin 90-cı illə­rində həyata keçirdiyi işğal siyasəti hər şeydən öncə onun Azərbaycan və Tür­kiyə ilə bütün əlaqələrinin sıfırlanması ilə nəticələndi. İqtisadi baxımdan yüksək in­kişaf edən Türkiyə, habelə iqtsadi resurs­larla zəngin Azərbaycanla sərhədlərin bağlanması, münasibətlərin düşmənçilik üzərində köklənməsi zəif Ermənistan iqti­sadiyyatı üçün ölüm fərmanı demək oldu. Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələrdən məhrum olan Ermənistan İran və Rusiyanın yardımları ilə ayaqda qalmağa cəhd etdi. Lakin bu yardımlar əvvəlcədən də bəlli olduğu kimi, kompen­sasiya etmədi. Zəif iqtisadiyyata malik ölkə tam olaraq çökdü, iqtisadi müstəqil­lik imkanından məhrum vəziyyətə düşdü.

İşğal siyasəti Ermənistanı beynəlxalq iqtsiadi layihələrdən də kənarda qoydu. İqtisadi təcrid və sürətlə yoxsullaşma prosesi ölkənin büdcəsini boş qoymaqla yanaşı, əhali araında da sosial vəziyyətin kəskin şəkildə ağırlaşmasına səbəb oldu.

2020-ci ilin 27 sentyabr tarixində baş­lanmış və erməni faşizminin rüsvayçı məğlubiyyəti ilə başa çatmış 44 günlük Vətən müharibəsi Ermənistanın hərbi potensialının 80 faizini sıradan çıxardı. Müharibə ölkənin ümumi büdcəsinə də sarsıdıcı zərbə vurmaqla, orada azsaylı sosial layihələrin tamamilə dayanması ilə nəticələndi. Müqayisə üçün qeyd edək ki, Azərbaycan hətta müharibə dönəmində belə, heç bir sosial layihəni təxirə salma­mış, əksinə, pandemiya dönəmi ilə əlaqə­dar olaraq bu layihələrin say və miqyasını əhəmiyyətli dərəcədə artırmışdı.

Tarix Prezident İlham Əliyevi yenə də haqlı çıxardı...

Xatırladaq ki, Prezident İlham Əliyev 10 yanvar 2023-cü ildə yerli televiziya­lara müsahibəsində Zəngəzur dəhlizinin açılacağını, bu məsələdə Ermənistanın iradəsinin həlledici rol oynamadığını açıq şəkildə bəyan etmişdir. Prezident bildir­mişdir ki, Ermənistan istəsə də, istəməsə də bu dəhlizini fəaliyyəti təmin ediləcək: “Zəngəzur dəhlizinin Azərbaycan üçün iqtisadi səmərəsi danılmazdır. Lakin dəhliz bizim üçün yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi bizim təbii hüququmuzdur və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da əksini ta­pıb. Sənəddə konkret Zəngəzur dəhlizi ifadəsi yoxdur, lakin Azərbaycanın qərb rayonları və Naxçıvanla nəqliyyat əlaqə­sinin təmin olunması göstərilib. Bu da Zəngəzur dəhlizinin açılması ilə müm­kündür. Nəzərə alaq ki, Zəngəzur dəhlizi ifadəsini geosiyasi leksikona Prezident İlham Əliyev daxil edib.

Zəngəzur dəhlizi layihəsi baş tutacaq

Paşinyanın Soçi görüşündə səslən­dirdiyi fikirlər göstərir ki, artıq Ermənis­tan da məsələdə söz sahibi olmadığının fərqindədir. Bu gün İrəvan Azərbayca­nın moderatorluğu altında gerçəkləşən nəqliyyat layihələrini təqdir etməklə, proseslərdən kənarda qalmamağa, bu layihələrdən müəyyən qədər də olsa, faydalanmağa can atır. Əslində, Paşin­yanın Soçidə ortaya qoyduğu siyasi kurs İrəvanın Bakının mərhəmətinə möhtac olmasının etirafı kimi dəyərləndirilə bilər. Azərbaycan isə ilk gündən bəyan edib ki, ölkəmiz Ermənistanın iqtisadi inkişafına kömək etməyə hazırdır. Ancaq bunun üçün bütün tələblərimizi qəbul etməli, sülh və təhlükəsizlik üçün təhdid olmaq­dan çıxmalıdır. Yalnız bu halda Ermənis­tan Azərbaycanın dəstəyinə, xoş müna­sibətinə ümid bəsləyə bilər.

Seymur ƏLİYEV

Siyasət