Hilallı bayraqların qürurlu əsgərləri

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə digər səfərləri kimi, iyunun 12-13-də gerçəkləşdirdiyi dövlət səfəri də qarşılıqlı dostluq-qardaşlıq mesajları ilə yadda qaldı. Xüsusilə, iki ölkə prezidentinin geniş tərkibli görüşündə səslənmiş fikirlər və liderlərin mətbuata bəyanatları Türkiyə–Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya, o cümlədən, bədxah qonşularımıza nümayiş etdirdi.

“Bir millət, iki dövlət” fəlsəfəsinin ru­huna uyğun olaraq, münasibətlərin bütün vektorları kimi müdafiə və müdafiə səna­yesi sahələrində əməkdaşlıq da durmadan inkişaf edir. Çünki müasir dünyada güc faktoru çox önəmlidir. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin mət­buata bəyanatındakı sözlərindən iqtibas gətirmək yerinə düşər: “Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparı­lan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində apa­rılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq”.

Əlaqələr şərəfli tarixi keçmiş üzə­rində bərqərar olub

Həqiqətən də müasir dünyada bey­nəlxalq hüquq çalışmır və güc amili öz sözünü deyir. Eyni zamanda Cənabi-Haqq haqlı olanın gücünə güc qatır. Onu düşmən­ləri qarşısında daha güclü edir. Necə deyər­lər, haqq nazilsə də, üzülmür. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə Türkiyədən böyük mənəvi və siyasi dəstək aldı. Bu dəstək qədirbilən xalqımız tərəfin­dən heç zaman unudulmayacaq. Eləcə də Çanaqqala savaşında yüzlərlə azərbaycan­lının türk qardaşları ilə çiyin-çiyinə vuruşa­raq şəhid olması Türkiyədə daim ehtiramla xatırlanır. Azərbaycan–Türkiyə dostluq və qardaşlığının daha bir nümunəsi 1918-ci il olaylarıdır. Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin Bakının və digər bölgələrin erməni işğalından azad edilməsində qan tökmələri, can vermələri, böyük fədakarlıq etmələri ortaq tariximizin qürur örnəyidir. Bu şərəfli keçmişin üzərində kök atan Tür­kiyə–Azərbaycan hərbi əlaqələri getdikcə daha üstün səviyyəyə qalxır. Hətta, bəzi siyasi və hərbi ekspertlər iki ölkənin yaxın gələcəkdə vahid orduya malik olacağını qeyd edirlər. Onlar bildirirlər ki, Türkiyə və Azərbaycan orduları son zamanlar sanki bir orqanizmdir.

Gücümüzə güc qatan birgə hərbi təlimlər

Sirr deyil ki, Türkiyə–Azərbaycan hərbi əlaqələrinin inkişafında birgə hərbi təlimlərin rolu danılmazdır. Cənab İlham Əliyev iyunun 13-də mətbuata bəyanatın­da bu haqda dedi: “Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məm­nuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı ar­tıq keçirilmişdir. Mən İkinci Qarabağ mü­haribəsindən sonra demişdim ki, Azərbay­can Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istə­yirəm”.

Ölkələrimizin qardaşlığı elə bir səviy­yəyə gəlib çatıb ki, artıq Anadoluda keçi­rilən hərbi təlimləri Azərbaycansız, odlar yurdunda baş tutan hərbi təlimləri isə Tür­kiyəsiz təsəvvür etmək çətindir. İl ərzində planlaşdırılan 16 birgə təlimin 6-sının başa çatması hər ay bir ortaq hərbi təlimin təşki­li deməkdir. Bu intensivlik gələcəkdə əldə edəcəyimiz böyük uğurlardan xəbər verir.

Türkiyə modeli əsasında inkişaf böyük perspektiv deməkdir

Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdirilməsinin də üstünlükləri var. Artıq imzalanmasının ikinci ili tamam olan Şuşa Bəyannaməsində iki ölkənin təhlükə yaranacağı təqdirdə bir-birinə hərbi kömək göstərəcəyi qeyd olunub. Bunun üçün Bakı və Ankaranın mövcud sahədə daha çox yaxınlığı, inteqrasiyası lazımdır. Hərbi sahənin inteqrasiyası, birgə fəaliyyət göstərərək qayşıya qoyulan hədəflərə nail olmaq bir günün işi deyil. Burada çoxlu təlimlər, birgə tədbirlər tələb olunur. İki ölkənin sabah hansısa döyüş tapşırığını yerinə yetirə bilməsi üçün ordular bir-birinə son dərəcə bağlı olmalıdırlar. Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı əslində böyük perspektivlərə açılan pəncərədir. İnkişafın sonunun olmadığı kimi, bu perspektiv də ucsuz-bucaqsızdır. Azərbaycan–Türkiyə ordularının birgə fəaliyyətində ümumən qarşılıqlı hərbi əlaqələrin inkişafında da sonluq yoxdur, ümman var.

Digər tərəfdən, Türkiyənin hərbi sə­naye kompleksi ilə Azərbaycanın müdafiə sənayesi bir-birinə inteqrasiya məqsədilə, müxtəlif səmərəli layihələrin reallaşdırıl­ması istiqamətində sazişlər imzalayıblar. Azərbaycanda bu sahə üzrə bir neçə yeni müəssisə inşa olunur. Həmin müəssisələr­də birgə istehsal nəzərdə tutulub.

Əminliklə demək olar ki, Türkiyə–Azərbaycan hərbi əməkdaşlığı bundan sonra daha da dərinləşəcək, iki qardaş ölkə yeni nailiyyətlər əldə edəcək. Xalqlarımı­zın iradəsinə uyğun uğurların əldə olunma­sı isə məhz türk dünyasının iki böyük şəx­siyyətinin – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın adı ilə bilavasitə bağlıdır. Onların dostluğunun, qardaşlığı­nın nəticəsi kimi qiymətləndirilməlidir.

 

Şair RAMALDANOV,
olan polkovnik

– Azərbaycan–Türkiyə əlaqələri bütün istiqamətlər üzrə yüksələn xətt üzrə inkişaf edir. Hərbi sahədə iki ölkənin işbirliyi isə mən deyərdim ki, digər sahələrdəki əməkdaşlığı üstələ­yir. Bu da təbiidir. Ona görə ki, hazırda gedən proseslər “sülh istəyirsənsə, müharibəyə hazır olmalısan” deyimi­nin aktuallığını itirmədiyini göstərir. Sülhü bərqərar etmək üçün güclü ol­maq lazımdır. 

Bu gün dünyada Azərbaycan–Tür­kiyə münasibətləri nümunədir. Çünki digər ölkələrin müttəfiqliyindən fərqli olaraq, Bakı–Ankara hərbi müttəfiq­liyi və əlaqələrin yüksələn xətt üzrə artması regionumuzda sülhə, inkişa­fa, bölgədəki xalqların rifahını yük­səltməyə xidmət edir. Burada gedən proseslərin, böyük iqtisadi layihələrin həyata keçirilməsinin nəinki bölgədəki ölkələrin marağında olduğunu dəfələr­lə eşitmişik. Belə olan halda burada sabitlik lazımdır. Sabitliyi də təmin edə biləcək yeganə vasitə gücdür. Bugünkü ikili standartlar və dünyada gedən hərc-mərclik, bəzi dövlətlərin digər dövlətləri təsir altına salmaları diplomatiya sahəsinin sülhü qoruma imkanının az olduğunu göstərir. Azər­baycan–Türkiyə hərbi müttəfiqliyinin məqsədi də regionda sülhün dayanıq­lığını təmin etməkdir. Bizim preziden­timiz də qeyd etdi ki, bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzə­rindən Türkiyə–Azərbaycan birliyi amili çox önəmlidir.

2021-ci ilin iyunun 15-də imzalan­mış Şuşa Bəyannaməsi Türkiyə–Azər­baycan hərbi əməkdaşlığının inkişafı­nın bəhrəsi idi. Qazi Mustafa Kamal Paşa Atatürkün, ulu öndər Heydər Əli­yevin, cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın dostluq-qar­daşlıq istiqamətində atdıqları addımlar Türkiyə-Azərbaycan əlaqələrinin in­kişafının təminatçısı və lokomotividir. Hazırda bu dostluq xalqlarımıza, ümu­miyyətlə türkdilli toplumlara xidmət nümunəsidir, habelə bütün dünyaya örnəkdir. Bu dostluqdan hamı ancaq müsbət nəticələr əldə edir. Biz “Bir yumruq” deyəndə Türkiyə ilə Azər­baycanın yumruq kimi birləşməsini nəzərdə tuturuq. Münasibətlərimizin möhkəmlənməsi isə yumruğumuzun daha güclü olması deməkdir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət