15 İyun: Milli Qurtuluşa aparan yol və liderin xilaskarlıq məramı

post-img

(əvvəli https://xalqqazeti.az/siyaset/130690-15-iyun-milli-qurtulusa-aparan-yol-ve-liderin-xilaskarliq-merami )

15 iyundan sonrakı tarixə qısa baxış

Heydər Əliyevin hakimiyyətə qayı­dışı ilə müstəqil Azərbaycan dövləti­nin və xalqının tarixində yeni bir mər­hələ başladı. Bu mərhələnin səciyyəvi cəhəti müasir müstəqil dövlətin xilası və möhkəm əsaslarda qurulmasıdır. Hakimiyyətə gəlişi ilə ölkəni parçalan­maqdan, xalqı vətəndaş müharibəsin­dən xilas edən Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənə­sinin və dərin dövlətin əsası qoyuldu. 

Uğurlu Horadiz əməliyyatı ilə düş­mənə zərbə vuruldu. Bir sıra ərazilər işğaldan azad edildi. İşğalçı ölkə və havadarları Azərbaycanın qəti mövqe­yini gördülər.

Dövlətin və millətin inkişafı baxı­mından tarixi əhəmiyyət daşıyan bir sıra məsələlər həll olundu. Azərbay­can dövləti 1994-cü ilin may ayının əvvəllərində NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı”na qatıldı. Hə­min ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi. Heydər Əliyev atəşkəsə torpaqları azad etmək üçün güclənməkdən, dövləti və ordu­nu qurmaqdan, xarici sərmayəni cəlb etməkdən ötrü vaxt qazanmaqda va­sitə kimi baxırdı. Elə ona görə də atəş­kəsdən sonra Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi naminə möhtəşəm bir addım atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrinin transmilli şirkətlərilə “Əsrin müqaviləsi” imzalandı. Hey­dər Əliyev bir-biri ilə didişən, rəqabət aparan ölkələri, transmilli şirkətləri or­taq məxrəcə gətirərək Azərbaycanda əməkdaşlığa cəlb etdi. Bəzi ölkələrdən ərazisinin böyük, əhalisinin sayının çox olmamasına baxmayaraq, Azərbaycan onları bir masa arxasında oturda bildi. Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, maraq dairəsinə çevirən amillər hansılar idi? Heç şübhəsiz, bu sualın konkret cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlə­rini, xalqın psixologiyasını deyil, dün­ya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarı­ğı, qətiyyəti. Təbii sərvət olan neft və qazı Azərbaycanın milli sərvətinə çe­virən Heydər Əliyev ölkənin inkişafı­nın açarını məhz enerji ehtiyatlarında gördü.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən sui-qəsdlər, dövlət çevrilişi və qiyam cəhdləri Azərbayca­nı yolundan döndərə bilmədi. 1994-cü ilin oktyabrında dövlət çevrilişi, 1995-ci ilin martında isə qiyam cəhdi Heydər Əliyevin qətiyyəti və siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çev­rilişlərin qarşısının alınmasının Azər­baycan üçün tarixi və ibrətamiz əhə­miyyəti oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı, utancverici təcrübəyə son qoyuldu.

Dövlət çevrilişi və qiyam cəhdləri­nin qarşısının alınması digər bir vacib məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi, sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermir, sərmayə qoymaqdan çəkinirdilər. Döv­lət büdcəsində isə vəsait yox idi. Döv­lət çevrilişi və qiyam cəhdlərinin qarşısı alındıqdan, sabitlik yaradıldıqdan son­ra Azərbaycana investisiya axını baş­ladı. Yeni neft strategiyası güclü döv­lətin qurulmasına, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin, gələcək inkişafına ciddi təsir edən, ölkənin tərəqqisinin və vətəndaşın rifah halının yaxşılaşdırılmasına yönələn siyasətin başlıca amillərindən biri oldu.

Heydər Əliyev Azərbaycan tarixin­də digər bir tarixi əhəmiyyətli məsələ­ni həll etdi. Bilindiyi kimi, Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etsə də hələ dövlətin ana qanunu qəbul edilməmişdi. Bilavasitə onun rəhbər­liyi altında Azərbaycan Respublikası­nın konstitusiyası işlənib hazırlandı və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Müstəqil Azərbay­can Respublikası parlamentinə çoxpar­tiyalı əsasda seçkilər keçirildi. Bununla da yaxın keçmişin acı qalmaqallı par­lament təcrübəsi tarixin arxivinə verildi. Parlament çevrilişlər və dövlət əleyhinə yönəlmiş fəaliyyətləri müdafiə edən de­yil, müstəqil dövlət quruculuğunda xü­susi yeri olan bir orqana çevrildi.

İqtisadiyyatın azad bazar tələblə­rinə uyğun qurulması üçün addımlar atıldı. İslahatlara başlanıldı. İqtisadiy­yatda liberallaşma genişləndi. Özəlləş­dirilmə həyata keçirildi.

Sabitlik bərqərar edildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə keçid baş verdi. Demokratik islahatlar aparıl­dı. Çoxpartiyalı sistemin əsasları möh­kəmləndirildi. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. “Alla­hın insana verdiyi canı yalnız Allah ala bilər” fəlsəfəsinə hakim olan Heydər Əliyev Azərbaycan tarixində nəhəng əhəmiyyət daşıyan qərara imza ataraq ölkədə ölüm hökmünü ləğv etdi.

Azərbaycanın hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Hərbi-sənaye kompleksi yaradılmağa başlandı.

Milli ideyaları vahid milli ideologiya olaraq sistemləşdirərək formalaşdıran Heydər Əliyev bütün ölkə vətəndaşları­nı azərbaycançılıq əsasında birləşdirdi. Etnik millətçiliyə dayanan yanaşmadan qətiyyətlə imtina edən Heydər Əliyev bütün vətəndaşların şəxsiyyət vərəqə­sində “Azərbaycan Respublikasının vətəndaşı” yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq siyasi milliyyətçiliyə, dövlət-millət an­layışına keçidin banisi oldu. Bu, Azər­baycan tarixində görünməmiş nəhəng fəaliyyət və ilk idi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq anarxiyadan sabitliyə, demokratiyaya, ağır həyat şəraitindən firavan yaşayışa keçid baş verdi. Azər­baycan xalqının sabaha və özünə ina­mı artdı.

Azərbaycan mədəniyyətinin inkişafı üçün yeni imkanlar yaradıldı. Dün­ya ölkələri ilə mədəniyyət sahəsində əlaqələr genişləndirildi. Heydər Əliyev xaricdə yaşayan həmvətənlərlə işin qu­rulması və reallaşdırılması üçün müva­fiq qurum yaratdı. Soydaşlarla əlaqələr genişləndirildi. Azərbaycan Respubli­kası dövləti onların qürur mənbəyinə çevrildi.

Beynəlxalq əlaqələr və xarici si­yasət sahəsində mühüm addımlar atıl­dı. Azərbaycan Respublikasının xarici siyasət strategiyasını müəyyənləşdirən Heydər Əliyev dövlətin maraqlarına cavab verən tarazlaşdırılmış xarici si­yasət xətti yürütməyə başladı. Heç bir dövlətin və ya dövlətlər qrupunun ya­nında yer almayan, yalnız özünün mil­li-dövlət maraqlarını güdən, çoxqütb­lü siyasət reallaşdıran Azərbaycan dövlətinin strateji müttəfiqləri, strateji tərəfdaşları, tərəfdaşları dəqiqləşdiril­di, mehriban qonşuluq münasibətlərini qurmaq üçün addımlar atıldı.

Şaxələndirilmiş ixrac neft boru kəmərləri işə salındı. Bakı – Novorossiysk şimal, Bakı – Supsa ilkin qərb, Bakı –Tbilisi – Ceyhan əsas ixrac neft boru, Bakı – Tbilisi– Ərzurum qaz boru kəmərlərinin əsası qoyuldu. Bu boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda Azərbaycan dövlətinin bey­nəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyini gücləndirən, xalqın maddi rifah halını və mənəvi-psixoloji ruhunu yüksəldən amillər oldular. Azərbayca­nın xarici ölkələrdən enerji asılılığına son qoyuldu.

Heydər Əliyevin bacarıqlı əmək­daşlıq fəaliyyəti nəticəsində Böyük İpək Yolu bərpa edildi. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqra­mı reallaşdırıldı. Mərkəzi Asiyanın yeni müstəqil dövlətləri Azərbaycan üzərin­dən qərbə çıxış əldə etdilər. Onların geosiyasi mövqeyi gücləndi. Dünya ticarət yolları üzərində əlaqələndirici qovşaq ölkələrdən biri olan Azərbay­canı dünyanın mərkəzlərindən birinə çevirən Bakı – Tbilisi – Qars dəmiryo­lu layihəsi və onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılması müstəs­na tarixi əhəmiyyət daşıyan hadisə idi.

Beynəlxalq mövqeləri möhkəm­lənən, Avropa ilə Asiyanın qovşağında yerləşən və əhəmiyyəti artan Azərbay­can Şərqlə Qərb arasında etibarlı kör­pü rolunu oynamağa başladı.

Problemlər necə həll edildi?

Azərbaycanın dövlət müstəqilliyi­nin itirilməsinin və ölkənin parçalan­masının qarşısını xalqa arxalanaraq top-tüfəngsiz, qan tökmədən alan Hey­dər Əliyev böyük uzaqgörənliklə ən va­cib problemləri həll etdi. Xalq isə ona etibar etdi və inandı. Problemlərin həl­lində Heydər Əliyev şəxsiyyəti amili və liderlik keyfiyyəti müstəsna rol oynadı. Separatçıların qadınlar tərəfindən ved­rələrlə qovulması ilə gələcəkdə belə xülyaya düşənlərə bir dərs verildi.

Heydər Əliyevin hakimiyyəti illərin­də Azərbaycanda dövlət möhkəmləndi­rildi, ölkə müasirləşmə, modernləşmə üçün hazırlandı. Yaxın illərin təcrübəsi sübut edir ki, yeni müstəqil dövlətlər­də hələ dərin ənənələr formalaşmadı­ğından mürəkkəb anlarda problemlər yaranır. Ona görə də həmin ölkələrdə dövlət rəhbərinin şəxsiyyəti və baca­rığı müstəsna aparıcı rol oynayır. Bu baxımdan İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezi­denti seçilməsi Heydər Əliyevin əsası­nı qoyduğu güclü dövlət, qüdrətli millət siyasətinin davam etdirilməsini istəyən vətəndaşların şansı oldu. 

Varislik, Heydər Əliyevin gerçəkləşən arzuları

Azərbaycan xalqının qarşısında dayanan ən böyük vəzifə torpaqları düşmən işğalından azad etmək idi. Seçicilərin böyük əksəriyyətinin səsi ilə İlham Əliyevin prezident seçilmə­silə Azərbaycan dövlətçiliyi və xalqının tarixində yeni mərhələ başladı. Bu, Azərbaycan Respublikasının müasir­ləşməsi, modernləşdirilməsi, ərazilərin Ermənistan işğalından qurtarılması uğrunda hazırlıq mərhələsi idi. Həmin məqsədə çatmaqdan ötrü o zamana qədərki Azərbaycan tarixində görün­məmiş bir sıra tədbirlər həyata keçiril­di. Ölkədə iqtisadi yüksəliş baş verdi. Azərbaycan rəqabətə davamlı bir ölkə oldu, borc alan ölkədən borc verən ölkəyə çevrildi. Yeni iş yerləri açıldı. Xalqın həyat şəraiti yaxşılaşdı. Ölkə­də müasir texnologiyalar tətbiq edildi. Güclü hərbi-sənaye kompleksi yaradıl­dı. Azərbaycan beynəlxalq silah satış sərgi-yarmarkalarının iştirakçısı oldu. Silahlı Qüvvələr dünyanın qabaqcıl ordularının cərgəsində yer aldı. Xalqın özünəinamı artdı və milli ruhu yüksəldi. Etnik və dini xoşgörünün, tolerantlığın hakim olduğu Azərbaycan model bir ölkə halına gəldi. Prezident İlham Əli­yevin planetar təfəkkürü və yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə millətin və dövlətin tarixində qürurverici bir ilk ya­şandı. Dövlət başçısının Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, dün­ya problemlərini gündəliyə gətirərək mümkün həlli yollarını göstərməsi dip­lomatiya tarixinin parlaq səhifələrindən biridir. 

Azərbaycan enerji, nəqliyyat və in­formasiya təhlükəsizliyini təmin etdi. Kosmos klubunun üzvü olmaqla mil­lətin tarixində yeni bir ilk yaradıldı. Məqsədə çatmaqdan ötrü “yumşaq güc”ün imkanlarından istifadə edildi. Musiqi yarışması olsa da Avroviziya müsabiqəsinin ilk dəfə olaraq Azərbay­canda mükəmməl bir şəkildə keçiril­məsi ilə ölkənin xəritədə axtarılmasına son qoyulması əhəmiyyətli hadisələr­dən biri idi. Bunun ardınca Birinci Avro­pa Oyunları və İslam Həmrəyliyi Oyun­ları keçirildi. 

2016-cı ilin aprelində aparılan uğur­lu hərbi əməliyyat nəticəsində işğal altındakı ərazilərin bir hissəsi düşmən­dən azad edildi. 

TAP və TANAP-ın həyata keçirilmə­si dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirdi. Bakı – Tbilisi – Qars dəmiryolu işə salındı. Bu və digər amil­lər Azərbaycanı başlıca vəzifələri ye­rinə yetirməyə yaxınlaşdırdı. 

Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müha­ribəsində düşmənin məğlub edilmə­si, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə Heydər Əliyevin arzuları və vəsiyyəti həyata keçirildi. Qələbədən ötən qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad edil­miş ərazilərin dirçəldilməsinə heç bir xarici yardım olmadan başladı. Yeni hava limanları, ağıllı kəndlər tikildi, məcburi köçkünlər dədə-baba torpaq­larına planlı şəkildə köçürülməyə baş­ladılar. İşlər indi də davam etdirilir.

İbrət dərsləri

30 ilin zirvəsindən baxıldıqda 15 iyun tarixindən ibrət alınası bir çox məsələlər vardır. Birincisi, demokrati­yanı bərqərar etmək üçün, ilk növbədə, dövlət olmalıdır. Zəif dövlət hakimiyyəti və anarxiya olan yerdə demokratik cə­miyyət qurmaq, insanın ali yaşamaq hüququnu təmin etmək mümkün de­yildir. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. 

İkincisi, xalq dövləti idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət–dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməlidir. Hakimiy­yətə küçədən gəlmək cəhdlərinə imkan vermək olmaz. 

Üçüncüsü, Azərbaycan xalqı­nın inkişafının və qarşısına qoyduğu məqsədlərə çatmasının, tərəqqinin, rifahının və demokratiyanın təməlində sabitlik, güclü dövlət və qüdrətli rəhbər dayanır. 

Dördüncüsü, rəhbərlik ilə xalq ara­sında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qo­runmalıdır. 

Beşincisi, fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması de­mokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirilməməli, küçələr­də, meydanlarda zor gücünə həll edil­məməli, problemlər masa arxasında çözülməli, ideyaların hansının daha real və çox fayda verəcəyi əsas götü­rülməlidir. 

***

Azərbaycan xalqı mövcud olduqca dövləti güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliye­vin milli dövlətçilik, dövlət milliyyətçili­yi irsinə müraciət edəcəklər. Beləliklə, Azərbaycan dövləti mövcud olduqca Heydər Əliyevin güclü milli dövlətçiliyə dair ideya-nəzəri irsi də yaşayacaqdır.

Ötən illərin təcrübəsi göstərdi ki, sabitlik, güclü hakimiyyət və qüdrət­li rəhbər olanda Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatır. Bunu Pre­zident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qaza­nılan qələbə bir daha sübut etdi. Bütün bunlar ondan xəbər verir ki, Azərbay­can xalqının gözəl gələcəyi vardır. 

Musa QASIMLI,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor



Siyasət