Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilər arasında son vaxtlar hərəkətlilik müşahidə olunur. Bu da təsadüfi deyil.
Çünki ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi, dövlət suverenliyinin bütün ölkə ərazisində bərqərar olması istiqamətində son aylarda bir sıra əlamətdar hadisə baş verib. Şübhəsiz ki, onlardan ən önəmlisi aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmağımızdır. Bu addım yolda hərəkət şəffaflığını, qanunun aliliyini, ümumən təhlükəsizliyi yaradıb. İndiyədək isə Ermənistan tərəfi Laçın–Xankəndi yolundan sui-istifadə edirdi. Belə hallara Azərbaycan ərazisindəki erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyasını, silah-sursatın daşınmasını, terrorçuların keçidini, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi bütün bu əməllərə son qoydu.
Sülhməramlılar separatçıların gedişinə mane olurlar
Bu hadisədən bir ay sonra – mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi 4,5 saatlıq mətbuat konfransında 86,6 min kvadratkilometrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, bura Qarabağın da daxil olduğunu bəyan etməsi, haylar arasında aydın səmada çaxan şimşək effekti yaratdı. Bu, çox vacib bəyanat idi. Çünki indiyədək ölkənin heç bir rəsmisi oxşar məzmunda fikir səsləndirməmişdi.
Mayın 28-də isə Prezident İlham Əliyev Laçına qayıdan əhali ilə görüşdə tarixi çıxış etdi. Dövlət başçımız bildirdi ki, biz öz doğma torpağımızdayıq və hazırda ermənilərin yaşadıqları Qarabağ bölgəsi əzəli, hüquqi yurd yerimizdir. Cənab İlham Əliyev dedi: “Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.
Bəli, son günlərdə baş verən hadisələr Azərbaycan Bayrağı altında yaşamaq, ölkəmizin qanunlarına tabe olmaq istəməyən, onun normal, loyal vətəndaşlarına çevrilməyi düşünməyənlərin ayıldıqlarını göstərir. Onlar Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə, Ermənistana üz tuturlar. Ancaq Rusiya sülhməramlıları hər vəchlə onların birdəfəlik gedişinə mane olmağa çalışırlar. Məqsədləri aydındır. Onların bölgədəki varlıqları erməni amilindən, indiki halda həm də separatçılığın mövcudluğundan asılıdır.
Separatçılar yenə torpaq yolla hərbi yük daşıyır
Dünən yayılan videoda separatçıların qeyri-qanuni silahlı dəstələri üçün yüklərin torpaq yollarla daşındığı aydın görünür. O da görünür ki, Rusiya sülhməramlı kontingenti həmin yüklərin mühafizəsini həyata keçirir. Sülhməramlılar ZTR-82A zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolundan istifadə etməklə ermənilərin 4 ədəd yük “KamAZ”ını, 1 ədəd çən olan “KamAZ”ını və 1 ədəd “UAZ”ını onların döyüş mövqelərinə çatdırıblar.
Ermənilər Gorus istiqamətində maneəsiz hərəkət edirlər
Dünən Xankəndi–Gorus istiqamətində Qarabağın erməni sakinlərinin Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub. Qarabağın erməni sakinləri yenə qeyd olunan istiqamətdə maneəsiz şəkildə Ermənistana keçiblər. Ümumən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən, günün istənilən saatında məntəqədən istifadə edə bilirlər. Onların rahat keçidi üçün hər bir şərait yaradılıb.
BQXK 15 xəstəni Qarabağdan Ermənistana apardı
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları isə iyunun 9-da Qarabağdan olan 15 xəstəni, onları müşayiət edən şəxslərlə birlikdə, Ermənistandakı ixtisaslaşmış tibb mərkəzlərinə aparıblar. Bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb. Eyni zamanda müalicə olunmaq üçün Ermənistana göndərilən 16 xəstə də öz müşayiətçiləri ilə Qarabağa qayıdıb. Qeyd edək ki, bu məlumat Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin heç bir maneəsiz, sərbəst hərəkət etdiyinin növbəti təsdiqidir.
Qriqoryana tutarlı cavab verildi
Bu arada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı Azərbaycana qarşı iddialar səsləndirib. O deyib ki, guya Azərbaycan Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirir, güc tətbiqi siyasəti yürüdür, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu iddialarla bağlı bəyanatı özünü çox gözlətməyib. Nazirlik bildirib ki, Armen Qriqoryanın səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır: “Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir. Armen Qriqoryana xatırladırıq ki, Ermənistan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. Azərbaycanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub”.
Ümumiyyətlə, Ermənistan rəsmilərinin Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı əsassız iddiaları bizim üçün yenilik deyil. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı Nikol Paşinyan Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın yolunun Azərbaycan tərəfindən “qanunsuz şəkildə bloklandığını” bildirmişdi. Prezident İlham Əliyev N.Paşinyanın bu iddiasına cavab olaraq demişdi: “Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil”.
“GALLUP”un sorğusu nəyi aşkara çıxardı?
“GALLUP International Association”ın Ermənistanda keçirdiyi sorğunun dünən açıqlanan nəticələri də maraq doğurur. Sorğu nəticəsində Ermənistan vətəndaşlarının təxminən 82 faizinin baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatını mənfi qiymətləndirdiyi məlum olub. Bunu təşkilatın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan dünən jurnalistlərlə görüşü zamanı bildirib. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin yalnız 3,8 faizi baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatını tam müsbət qiymətləndirib. Respondentlərin 5,4 faizi bu bəyanatı kifayət qədər müsbət, 18,5 faizi kifayət qədər mənfi qiymətləndirib, 8,9 faizi cavab verməkdə çətinlik çəkib. Rəyi soruşulanların 63,4 faizi Paşinyanın Qarabağla bağlı bəyanatının qəti əleyhinə çıxıb. A.Navasardyan qeyd edib ki, sorğu telefon vasitəsilə 1100 vətəndaş arasında keçirilib.
Beləliklə, görünən odur ki, Rusiya Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasında maraqlı deyil. Ancaq ölkəmiz cənab İlham Əliyevin dediyi kimi, Vətən müharibəsindən ötən iki il yarım ərzində bütün planlarını ardıcıllıqla, tədricən həyata keçirib və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, biz sadəcə olaraq, dözüm göstəririk: “Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var”. Bu mənada verilən ismarıcdan İrəvanın, separatçı rejimin və onları himayə edən qüvvələrin nəticə çıxarmalarına ehtiyac duyulur.
Fikrət SADIXOV,
politoloq
– Sülhməramlılar Qarabağ iqtisadi rayonuna elə ermənilərin maraqlarını müdafiə etmək üçün yerləşdiriliblər. Azərbaycan onlara heç bir təhlükə yaratmaq fikrində deyil. Amma görünür, sülhməramlılar bu şüar altında orada öz mövcudluqlarını əsaslandırırlar. Buna görə də düşünürlər ki, əgər ermənilər Qarabağdan Ermənistana kütləvi axın etsələr, o zaman kimi qoruyacaqlar? Aydındır ki, onların missiyaları sona çatacaq. Onlar üçün isə bu yolverilməzdir. Nəticədə, sülhməramlılar ermənilərin Qarabağdan çıxmasına əngəl olurlar.
Şübhəsiz, Qarabağdan çıxmaq istəyən ermənilər çıxacaq. Bunu müxtəlif vasitələrlə edəcəklər. Heç kimi zorla saxlamaq fikrində deyilik. Getmək istəyən gedə bilər. Eyni zamanda əminəm ki, orada qalanların da sayı az olmayacaq. Amma sülhməramlılar gərək bu reallığı qəbul etsinlər. Yəni, onlar etnik ermənilərin maraqlarını güdmələri, hansısa inşaat işləri aparmaları, yaxud öz nəqliyyat vasitələri ilə separatçıların yüklərini müşayiət etmələri üçün və sair məqsədlər naminə bölgəyə yerləşdirilməyiblər.
Qarabağ erməniləri, o cümlədən sülhməramlılar bölgədə yaranmış yeni reallıqları qəbul etməlidirlər. Şübhə etmirəm ki, Azərbaycan tərəfi bundan sonra da məsələnin həlli istiqamətində qəti addımlar atacaq. Ölkəmiz Qarabağdakı etnik ermənilərin Azərbaycan vətəndaşlığına könüllü keçməsini təmin etməyə hazırdır. Onlar sadəcə olaraq qanunlarımıza riayət etməli, normal, loyal vətəndaşlarımız olmalıdırlar.
Səxavət HƏMİD, “Xalq qəzeti”


