Həyatda olduğu kimi, diplomatiya dünyasında da yazılmış və yazılmamış qanunlar var.
Qədim və çağdaş tarixin özü şahidlik edir ki, Yer üzündə mövcud bütün dövlətlər, istisnasız olaraq, öncə milli və dövlət maraqlarlarına söykənərək hərəkət edir, sonra beynəlxalq hüquq və qaydalara riayət etməyə çalışırlar. Səbəbi çox sadədir. Həmin qaydalar adətən böyük güclər tərəfindən yazılır, onlara riayət etmək isə zəiflərdən tələb olunur. Bu “ədalətsizlik kodeksi”nin fəsadlarını biz Azərbaycan türkləri dərimizdə hiss etmişik. Söhbət güclülərin zəiflərə qarşı tətbiq etdikləri ikili standartlardan gedir. Azərbaycana qarşı belə münasibəti “qoca qitə”dən, okeanın o tayındakılardan, eləcə də şimal qonşumuz Rusiyadan az görməmişik. Son otuz ildə bunun altını çəkmişik, amma heç nəyi unutmamışıq. Sovet dövründə rusun sevimli müğənnisi Vladimir Vısotskinin oxuduğu kimi, - “mən sərxoş deyildim, hər şeyi xatırlayıram”. Bəli, o zaman sovet xalqı üçün ideoloji tiryək istehsal edən Kreml, deyəsən, bu missiyanı postsovet coğrafiyasında da davam etdirmək niyyətindədir.
Altniyyətlinə məsuliyyətsiz bəyanatlar
Otuz il əvvəl Rusiya ordusunu ölkədən çıxarmağa nail olmuş Azərbaycanın indi suveren ərazisində öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadir ordusu da var, iradəsi də. Moskva isə otuz il əvvəl olduğu kimi, bu gün də münaqişəni dondurmağa çalışır. Yəni, onun üçün Qarabağla bağlı son nöqtənin qoyulmaması, qeyri-müəyyənliyin davam etməsi Cənubi Qafqazda mövcudluğunun davamı ilə düz mütənasibdir. Amma Bakı artıq belə düşünmür. Azərbaycan Qarabağ münaqişəsinin tarixə gömüldüyünü ən yüksək səviyyədə, həm də dəfələrlə bəyan edib. Fəqət Kreml–İrəvan tandeminin məhz bu yöndə son vaxtlar sərgilədiyi diplomatik fəaliyyət onu göstərir ki, Rusiya 10 noyabr razılaşmasının müəllifi və sülh danışıqlarında əsas vasitəçi olaraq poblemin tam aradan qalxmasında maraqlı deyil. Bununla bağlı rəsmi Moskvanın gerçək mövqeyini və sözünü, həmişə olduğu kimi, dırnaqarası politoloqlar, beyin mərkəzlərinin rəhbərləri, institut direktorları, ya da Dumadan kimlərsə dilə gətirirlər. Onlardan biri də vaxtilə məhz ermənipərəst çıxışlarına, separatçılığa görə Bakının təkidi ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan qovulmuş psevdopolitloq Mixail Aleksandrovdur. Bu uğursuz diplomatın Ermənistanın “Armenian News - NEWS.am” portalına müsahibəsində dediklərinə fikir verin: “Sülhməramlıları bölgədə saxlamağın ən münasib variantı BMT Təhlükəsizlik Şurasının Rusiyaya Dağlıq Qarabağda (?) idarəçiliyinin daha 20 il artırılması barədə qərarı olardı”. Belə bir qərarın əldə edilməsi üçün Kremlə alternativ yanaşma təklif edən Aleksandrov hətta güman edir ki, Azərbaycanın Qarabağ problemini nizamlamağa nail ola bilməməsi ilə bağlı birtərəfli bəyanatın verilməsi daha doğrudur: “Rusiya bölgədə etnik təmizləməyə (?) yol verə bilməz. Bakı və Dağlıq Qarabağ (?) erməniləri arasında münaqişə nizamlanana qədər özünün sülhmətramlı kontingentini orada saxlayacaq”.
Göründüyü kimi, psevdosiyasətçi Aleksandrov bu açıqlaması ilə Moskva və İrəvan arasında sülhməramlılarla bağlı hansısa gizli razılaşmanın olduğunu ortaya qoyub. Sülh danışıqlarında vasitəçi tərəf Rusiyanın Qarabağın statusu məsələsinin müzakirəsini sonrakı mərhələlərə qədər təxirə salmaq təklifi də Kremlin İrəvanla gizli sövdələşməsinin mövcudluğundan xəbər vermirmi? Ermənistan baş naziri Nikol Paşinyan bu sözləri ötən ilin oktyabr ayında Soçi sammitində çıxış edərkən deyib: “Mən sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənədi imzalamağa hazıram. Rusiya Prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mənim özüm də bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir”. O, hətta bu təklifi ayrıca bənd kimi sammitin yekun bəyannaməsinə daxil edilməsini irəli sürmüşdü. Amma təklif qəbul olunmadı. Erməni “politoloq” David Arutyunov isə xəyalları gerçəklik kimi təsəvvür edərək deyir ki, sülhməramlıların Qarabağda qalma müddətinin uzadılması, ilk növbədə, Azərbaycana təzyiq göstərmək vasitəsinə çevrilə bilər. O, bir az da irəli gedərək, bu məsələdə İranın və Rusiyanın diplomatik resurslarından yararlanmağı tövsiyə edir. Necə deyərlər, siz təklif, tövsiyə və məsləhətlərinizi verməkdə olun, Bakı da suverenliyin, beynəlxalq hüququn və ədalətin verdiyi ixtiyarla daxili məsələlərini özü həll etməyində.
Veto qaçılmaz olacaq
İki il beş aydan sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin səlahiyyət müddəti başa çatır. Son vaxtlar intensivləşən və ümidləri göyərdən sülh danışıqları bu müddət bitməmiş özünün məntiqi sonluğuna çata bilər. Bu ehtimalın gerçəkliyə çevrilməsi üçün hazırda bütün şərtlər yetişmək üzrədir. Britaniyalı jurnalist, “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının (New York. 2003) müəllifi Tomas De Vaal bu ilin fevralında belə yazırdı: “Bunların hamısı Rusiya sülhməramlı qüvvələrinin hələ müəyyən olunmamış mandatı məsələsi ilə bağlıdır. Moskva və Bakı bu barədə razılığa gələ bilməyiblər. Məsələnin Azərbaycanda narazılıqla qarşılandığı sirr deyil. Ehtimal olunur ki, Moskva indi beynəlxalq mandat əldə etmək istəyir”.
Bir anlığa güman edək ki, BMT Təhlükəsizlik Şurasının Baş Assambleyası Rusiyanın Qarabağdakı sülhməramlı hərbi kontingentinə “mavi dəbilqəli” mandatının verilməsi və onun bölgədə qalma müddətinin uzadılması məsələsini gündəliyinə daxil edir. Bəs səsvermədə özündən və Fransadan savayı, Təhlükəsizlik Şurasının beş daimi üzvündən Amerika və Böyük Britaniyanın elçiləri təklifin lehinə əllərini qaldıracaqmı? Hələ Moskvaya strateji müttəfiqi kimi baxan Çinin bu məsələdə hansı mövqeyi tutacağını birmənalı söyləmək mümkün deyil. Yəni, təklifin gündəlikdən çıxarılması üçün tələb olunan bir deyil, yüzfaizli azı iki vetonun qoyulması indidən təmin olunub.
Moskvanın yeni ideyası: Honkonq modeli
Rusiya hökumətinə yaxın media qurumlarından biri Azərbaycana Qarabağın statusu ilə bağlı “Honkonq modeli”ni təklif etməyi “məsləhət görüb”. Bakı üçün bu “yeni və maraqlı ideyanın” müəllifləri düşünürlər ki, Böyük Britaniya imperiyasının tərkib hissəsi olan, 1999-cu ildə Çinin tərkibinə verilmiş Honkonqu Qarabağla eyniləşdirmək mümkündür. Guya oradakı qismən müstəqillik elementlərini Qarabağ ermənilərinə də şamil etmək olar. Tamamilə qeyri-ciddi, təxribatçı xarakter daşıyan bu təklifə hətta ciddi yanaşmağa çalışsaq belə, bunun beynəlxalq hüquqa və Azərbaycan reallığına qətiyyən uyğun gəlmədiyi aydındır. Ölkəmizdə ermənilərdən başqa digər azlıqlar da var. Dövlətimiz onlar kimi ermənilərin də hüquqlarını və təhlükəsizliyini qorumağa hazırdır. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Görünür, Kreml bu cür xəyali ideyaları gündəmə gətirməyə çalışmaqla, Azərbaycanı öz mövqeyindən çəkindirmək məqsədini güdür. Uğursuz cəhdlərdir. Bakı artıq öz gücünə bütün problemləri, o cümlədən Qarabağdakı erməni sakinlərlə bağlı məsələni tənzimləməyə qadirdir.
Mandat etimad deməkdir
Mövzuya yekun vuraraq oxucuların nəzərinə onu da çatdıraq ki, Rusiya hərbi qüvvələrinin Qarabağda sülhməramlı statusu Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatında müəyyən edilməli məsələdir. 2020-ci il 10 noyabr Bəyanatının 5-ci maddəsinə görə, bölgədə Rusiya-Turkiyə Birgə Monitorinq Mərkəzi qurulub. Bu Mərkəz bilavasitə sülhməramlıların işinə nəzarətetmə səlahiyyətinə malikdir. Razılaşmaya əsasən, həm Mərkəzin, həm də rus sülhməramlılarının mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidir. Sülhməramlı qüvvələrin mandatı məhz bu formatda həllini tapdığı zaman 10 noyabr Bəyanatındakı Ermənistan ifadəsi də öz əhəmiyyətini itirməlidir.
“Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən sülhməramlı kontingent”. Bu ifadə artıq xeyli müddətdir ki, Bakının rəsmi bəyanatlarında öz əksini tapır. Yerli siyasi ekspertlərin fikrincə, ölkəmiz bununla Moskvanın sülhməramlı fəaliyyətindən narazılığını biruzə verir.
Azərbaycanın özünün suveren ərazisi üzərində nəzarəti bərpa etmək hüququ var və Laçın yolunda Həkəri postunu qurmaqla, bu yöndə ilk addımı atdı. Bəli, Bakının buna beynəlxalq mandatı var. Bu mandatı isə o, beynəlxalq hüquqla yanaşı, həm də dediyi sözün ağası, verdiyi vədin təminatçısı kimi etimadla qazanıb.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Moskva və İrəvan dəridən-qabıqdan çıxsalar belə, sülhməramlıların Qarabağda qalma müddətini artırmaq üçün heç bir imkanları yoxdur. Azərbaycan 2025-ci ilin iyun ayında, müddətin bitməsinə altı ay qalmış bəyan edəcək ki, daha sülhməramlıların Qarabağda iştirakına zərurət yoxdur. O zaman da ermənilərin təhlükəsizliyi və sair məsələləri qabartmağa çalışacaqları şübhə doğurmur. Bəli, bizim hansısa alternativ təkliflərimiz ola bilər. Mən belə düşünürəm ki, Ağdamda yerləşən yüz iyirmi nəfərlik Rusiya-Turkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini davam etdirməsi mümkündür. Məsləhət bilinərsə, həmin monitorinq qrupuna, misal üçün, Qazaxıstandan, Belarusdan da zabitlər əlavə etmək mümkündür. Sadəcə müşahidəçi qismində. Qarabağda sülhməramlılara ehtiyac qalmayacaq. Yəni, həmin müşahidəçilər lazım gələndə hansısa gərginliyin yaşandığı əraziyə gedib baxış, çəkiliş apara bilərlər. Sülhməramlı kontingentin alternativi kimi, bu xarakterli fəaliyyət göstərilməlidir.
Müddət bitdikdən sonra isə nə Rusiyadan, nə də Avropadan heç bir mülki, ya hərbi missiyanı yaxın buraxmayacağıq. Dediyim kimi, bu missiyanı Rusiya-Turkiyə Birgə Monitorinq Mərkəzi həyata keçirəcək. 2025-ci ildən sonra başqa cür ola da bilməz.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


