Qeyri-neft sektoru daha da genişlənir

post-img

Azərbaycanın tarixi müstəqilliyinin son 20 ili sosial-iqtisadi həyatın bütün sahələrinin yüksək inkişaf dinamikası ilə xarakterizə olunur. Belə ki, ötən müddətdə ölkəmizdə iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 3 dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında ölkəmizdə 39 milyard 986,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Hazırda Azərbaycanda ÜDM-in hər nəfərə düşən həcmi 3945,5 manat təşkil edir ki, bu da dünyanın inkişaf etməkdə olan ölkələri arasında yüksək göstərici sayıla bilər.

Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft stra­tegiyasının uğurlu nəticələri hesabına tə­min olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi is­tiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2022-ci ildə bu göstərici 69,8 milyard manat təşkil edib. 

2023-cü ilin 4 ayında ölkə iqtisadiy­yatının qeyri-neft sektorunda 3,1 faiz ar­tım qeydə alınıb. Bununla belə, Dünya Bankının proqnozlarına görə, cari ilin so­nunadək ÜDM-də qeyri-neft sektorunun payının 3 faizdən çox olacağı gözlənilir. Azərbaycanın dövlət büdcəsinin forma­laşdırılmasında iki növ gəlirdən istifadə olunduğunu bildirən iqtisadçı ekspert Ey­yub Kərimli bildirib ki, neft sektorundan ölkə büdcəsinə daxilolmalar, hələ ki, üs­tünlük təşkil etsə də, qeyri-neft sektoru­nun mühüm sahələri olan kənd təsərrüfa­tı, xidmət, tikinti, sənaye, turizm və digər sahələrdən, eləcə də enerji və qiymətli metalların ixracından, nəqliyyat və logis­tika sektorundan gələn tranzit haqları da büdcə gəlirlərinin formalaşmasında mü­hüm rol oynayır. Ötən il qeyri-neft sekto­rundan daxil olan gəlirlər hesabına ÜDM-də artımın baş verdiyini bildirən ekspert, həmçinin deyib ki, işğaldan azad edilmiş ərazilərdə həyatın tədricən əvvəlki məc­rasına qayıtması ilə bu göstərici getdikcə yaxşılaşacaq. 

Yeri gəlmişkən, “Qazprombank”ın Ba­zarın Təhlili Departamentinin rəis müavi­ni Gülnarə Xaydarşina da bu yaxınlar­da bildirib ki, qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azərbaycanın ən yaxın tarixində maksi­muma çatacaq. O deyib ki, Qarabağda reallaşdırılan yeni layihələr və Azərbay­canın Avrasiya regionunda artan logis­tik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxla­maqla 2024-cü ilə qədər onun ÜDM-də payı 70 faizə yaxınlaşacaq. 2026-cı ilə qədər Qarabağda icra olunan layihələrə təxminən 10 milyard ABŞ dolları (ÜDM-in 18 faizi) sərmayə qoyulacağını bildirən G. Xaydarşinanın sözlərinə görə, infrast­rukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına və ixracına yönəlmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq.

2018-2022-ci illədə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri həm fakti­ki qiymətlərlə, həm də real ifadədə 77,3 faiz artaraq 1,72 milyard ABŞ dolların­dan 3,05 milyard ABŞ dollarına çatıb. Bu sahədə artım tendensiyası cari ilin ötən dövründə də davam edib. Belə ki, bu ilin birinci rübündə ölkəmizin qeyri-neft sektoruna yönəldilən investisiyalar 51,7 faiz artıb. İyunun 8-də “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən yerli şirkətlərin sərgisində iqti­sadiyyat nazirinin müavini Sahib Məm­mədov deyib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac isə 15,6 faiz artıb. Bu da ölkədə məşğulluq, əmək haqları, sosial müavinətlər və pensiya­ların sürətlə artmasına imkan yaradıb. Azərbaycanın qeyri-neft ixracının 21,8 faiz artdığını vurğulayan nazir müavini, həmçinin bildirib ki, son illər bütün ölkə ərazisində, o cümlədən Qarabağda və Naxçıvanda azad iqtisadi zonaların yara­dılması əmtəə dövriyyəsinin, xüsusən də Azərbaycandan ixracın artmasına səbəb olub. “Qarabağ regionun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iq­tisadi rayonun potensialının daha yük­sək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək. Hər iki istiqamətdə inkişafın təmin olun­ması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər pa­keti qəbul edilib. Bu da sahibkarların hə­min bölgələrə investisiya qoyuluşu üçün cəlbedici addımlardır”, – deyə S.Məm­mədov bildirib.

Azərbaycanda qeyri-neft sektorunun avanqard qüvvəsi sayılan sahibkarlara dövlət qayğısı ildən-ilə artır. Yaxın vaxt­larda isə ölkədə sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi bir qədər də genişləndiriləcək. İqtisadiyyat naziri­nin müavini S. Məmmədovun dediyinə görə, qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilmə­si və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, yerli alətlərin tətbiq edil­məsi Azərbaycanda sahibkarlığın inkişa­fına töhfə verəcək.

Son illər ölkəmizdə özəl sektorun in­kişafına mühüm töhfələr verən kiçik və orta biznes (KOB) subyektlərinin sayı da getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2018-ci ildən bəri ölkədə KOB subyektlərinin sayı 45 faiz artaraq 356 minə yaxınlaşıb. İqtisadiyyat Nazirli­yi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun məlumatına görə, ötən müddətdə KOB-ların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 26,6 faizə, qeyri-neft ixracında payı isə isə 23,3 fa­izdən 59,8 faizə yüksəlib. Bu da ölkədə yaradılmış əlverişli biznes mühitinin nə­ticəsidir. Yeri gəlmişkən, hazırda KOB-lar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də biznes qurmağa çalışır­lar. O. Məmmədovun dediyinə görə, bu məqsədlə agentliyə artıq 1400-dən çox müraciət daxil olub ki, onların da 500-ə yaxını xarici şirkətlərə aiddir. 

Göründüyü kimi, ölkəmizdə sosial-iq­tisadi inkişafın sürətləndirilməsinə yönəl­dilmiş məqsədli dövlət proqramlarının qəbulu, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun ümumi daxili məhsulda pa­yının getdikcə artmasına səbəb olacaq. Bunun da nəticəsində ixracda qeyri-neft mallarının payı ildən-ilə artacaq.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat