Türkiyəli professor İsmayıl Koyuncunun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub

post-img

Mayın 31-də Milli Məclisdə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Sadiq Qurbanov mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsinin Azərbaycan xalqını da sevindirdiyini bildirib. O, dünyanın yeni nizamının qurulduğu bir dövrdə iki qardaş ölkənin birliyinin, həmrəyliyinin vacib olduğunu qeyd edib.

Elm və texnologiyanın inkişafının labüd proses olmasından danışan komitə sədri bu kontekstdə yaşıl enerjinin əhəmiyyətini vurğulayıb. Hazırda bərpaolunan enerjiyə tələbatın artdığını diqqətə çatdıraraq hər zaman öndə olmaq üçün Azərbaycan və Türkiyənin elm adamlarının səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib.

Ekoloji problemlərin bəşəriyyətə qarşı törətdiyi təhdidlərdən bəhs edən komitə sədri bu problemlərin həllinin vacibliyini vurğulayıb, ölkələrimizin bu istiqamətdə birgə həyata keçirə biləcəyi layihələr barədə fikirlərini bölüşüb.

İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncu qardaş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu dilə gətirib və Bakıda bir sıra mühüm görüşlər keçirdiyini bildirib. O, ətraf mühitin mühafizəsi, su qıtlığı, minatəmizləmə sahəsində və digər məsələlərlə bağlı Türkiyənin təcrübəsindən danışıb. Bildirib ki, ölkələrimizin elm sahəsində birgə fəaliyyəti dövrün tələbidir.

Deputatlar İltizam Yusifov və Fatma Yıldırım ölkələrimizin su qıtlığı məsələsinə toxunublar, Ermənistanın işğalından sonra torpaqlarımızın mina terrorundan əziyyət çəkdiyini diqqətə çatdırıblar. Deputatlar ekoloji problemlərin həlli və ətraf mühitin təhlükəsizliyi ilə bağlı fikirlərini bildiriblər.

Sonra söhbətdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Anar Məmmədov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Siyasət