Azərbaycan iqtisadi münasibətlərdə etibarlı tərəfdaş imici qazanmış azsaylı dövlətlərdəndir - Hüquq müdafiəçisi

post-img

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması zamanı Avropa İttifaqı komissarı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycanla bağlı söylədiyi fikirlər də bir daha təsdiq etdi ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı hesab olunur. Beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş amili ciddi məsələdir. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri hər zaman layiqincə yerinə yetirib.

Bu sözləri AZƏRTAC–a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Azərbaycanın iqtisadi münasibətlərdə etibarlı tərəfdaş imici qazanmış azsaylı dövlətlərdən olduğunu vurğulayan hüquq müdafiəçisi bildirib: “Bizimlə tərəfdaş olan istənilən ölkə əmindir ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi vaxtında, keyfiyyətlə yerinə yetirəcək. Bir çox Avropa dövlətlərinin liderləri Prezident İlham Əliyevin istənilən şifahi vədini belə artıq müqavilə sənədi kimi qəbul edirlər. Əslində, Prezident İlham Əliyevin vaxtilə Avropanın enerji təhlükəsizliyinə yönələn təkliflərinin hamısı qəbul olunsaydı, bu gün Avropada enerji böhranı olmazdı. Bu baxımdan Azərbaycan nəinki etibarlı tərəfdaşdır, həm də gələcəyə yönələn və qlobal təşəbbüslər irəli sürən bir dövlətdir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli Lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, sülhə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin edir”.

Sahib Məmmədov qeyd edib ki, Azərbaycan dövləti Qoşulmama Hərəkatı çərçivəsində də bir sıra qlobal təşəbbüslər irəli sürüb. Bu baxımdan ölkəmiz qlobal səviyyədə böyük işlərə imza atır və dünyada mühüm söz sahibinə çevrilir. Bunun da əsasında duran ilk amil Azərbaycanın etibarlı və beynəlxalq hüquqa hörmət edən dövlət imicidir. Bir sıra böyük siyasi xadimlər də etiraf edirlər ki, son illər Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər nəinki region, həm də bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bölgədə və dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olan ölkəmizin göstərdiyi təşəbbüslərin, atdığı addımların böyük dəstək qazanması, alqışlarla qarşılanması Azərbaycanın həm də beynəlxalq aləmdə söz sahibi olmasından xəbər verir.

Siyasət