ATƏT sədri Cənubi Qafqaza gəlir

post-img

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın Xarici işlər naziri Bujar Osmani Cənubi Qafqaz regionuna səfər edəcək. O, Gürcüstan, Azərbaycan və Ermənistanda olacaq. Səfər zamanı cənab Osmaninin hökumət rəsmiləri, parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcəyi bildirilir. 

ATƏT-n rəsmi saytında vurğulanır ki, “Səfər ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq vasitəsilə sülh və sabitliyin təşviq edilməsi məqsədi daşıyır”. Niyyət yaxşıdır, lakin ATƏT sədrinin gəlişi “məzlum ermənilərin” absurd şikayətlərinə qulaq asaraq, Minsk qrupunu dirildilməsinə yönəlik ümiddolu bəyanatlar səsləndirməklə yekunlaşarsa, o zaman  səfərin mənası aydındır.

ATƏT dedikdə hər bir azərbaycanlının ağlına ilk növbədə Minsk qrupu gəlir. Çünki təsis olunduğu gündən Ermənistan ̶ Azərbaycan münaqişəsinin həlli ilə məşğul olsa da, bu istiqamətdə bir addım da irəliyə gedə bilməməsi qurumun fəaliyyəti barədə haqlı narazılıq doğururdu. 30 illik erməni işğalına son qoyulsa da, ATƏT-in Minsk qrupunun dirildilməsinə dair bəyanatlar həl ədə səsləndirilir. 28 il problemi həll etmək istəməyən, Ermənistanın işğalçı siyasətinə gözyuman Minsk qrupuna yeni nəfəs verilməsi, əslində, mənasızdır. 

Təbii ki, ATƏT sədri regiona gəlməlidir, təhlükəsizlik və əməkdaşlıq məsələləri təşkilatın prioritetidir. ATƏT-ə sədrlik hər iki ildən bir təşkilata üzv ölkələr arasında dəyişir və sədrliyi həmin ölkənin XİN başçısı icra edir. Qurum sədrinin təşkilatın üzv ölkələrinə səfərləri prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu bir faktdır ki, Minsk qrupunun 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyasının uğursuzluğunun əsas səbəblərindən biri regionda və dünyada gedən prosesləri, eləcə də Azərbaycan dövlətinin və xalqının iradəsini nəzərə almaması idi. 44 günlük müharibədən sonra Cənubi Qafqazda təhlükəsizlik konfiqurasiyasını dəyişdirən yeni reallıqlar meydana çıxdı. Buna görə də, ATƏT fəaliyyətini bu yeni reallıqlara uyğunlaşdırmalıdır. Qurum Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir. 

Azərbaycan gizlətmir ki, ATƏT-in Minsk qrupundan heç nə gözləmir. Fəaliyyətsiz təşkilatdan nə gözləmək olar ki? Bununla belə, məğlub olmuş “məzlum” ermənilər suda boğulan adamın saman çöpündən yapışdığı kimi, Minsk qrupunun olmayan ətəyindən tutub regiona gətirmək istəyirlər. Ermənistan da anlayır ki, indi ATƏT çətin günlərini yaşayır. Bununla belə, haylar hesab edirlər ki, ATƏT-in məsuliyyət zonasındakı bütün münaqişələr təşkilatın və onun strukturlarının diqqət mərkəzində olmalıdır. İrəvan hələ də sərsəm bəyanat səsləndirir ki, münaqişənin siyasi həlli əldə olunmadığından Minsk qrupu hələ də məsuliyyət daşıyır. Ermənistan inanır ki, ATƏT öz strukturlarını prosesə cəlb etməklə təkcə sülhün əldə edilməsində deyil, həm də sülhün qorunmasında mühüm rol oynaya bilər. 

Burada artıq nə demək olar? Ermənilərin birmənalı olaraq nüfuzdan düşmüş qurumdan imdad ummaları reallıqların qiymətləndirilməsi kimi yox, Azərbaycanla konstruktiv dialoqdan qaçmaq istəyi kimi dəyərləndirilməlidir. İki ildən artıqdır ki, Qarabağ problemi həll olunub. Azərbaycan ATƏT-in Minsk qrupunun himayəsi altında Ermənistanla substantiv danışıqları gözləmədən problemi güc yolu ilə həll etdi. Ancaq haylar mövcud reallıqla barışa bilmir, daimi gözləntilər içərisində çapalayırlar. Rusiyadan, KTMT-dən, ABŞ-dan, Fransadan, Aİ missiyasından və digər strukturlardan kömək gözləyirlər. Ermənistan anlamaldır ki, yeganə çıxış yolu qonşularla etibarlı sülh müqaviləsini imzalamaqdadır. 

S.ELAY,

“Xalq qəzeti”

Siyasət