Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət başçısı Emoməli Rəhmon ilə aprelin 5-də geniş tərkibdə görüşündə iki ölkə xalqlarını qədim tarixi köklərə malik ənənəvi dostluq telləri bağladığı vurğulanıb, ötən illər ərzində həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli şəkildə genişləndiyi bildirilib.
İki ölkə arasında münasibətlərin dinamik inkişafı dövlət başçılarının mətbuata bəyanatlarında da öz ifadəsini tapıb. Tacikistan Prezidenti bəyanatında iqtisadi əməkdaşlığın perspektivlərindən danışarkən sənaye kooperasiyası sistemində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların, habelə metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. Dost ölkənin dövlər başçısı energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğu, eyni zamanda, respublikamızın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasının dəstəklənəcəyini, Tacikistanın dövlət və kommersiya strukturları tərəfindən yükdaşıma həcmlərinin artırılması məqsədilə müəyyən layihələr həyata keçiriləcəyini də vurğulayıb.
Azərbaycan Prezidenti isə bəyanatında respublikamızın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu bildirərək, bunu dost ölkənin bizə yaxın dövlət olması, orada sabitlik hökm sürməsi ilə əlaqələndirib: “İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.
Xatırladaq ki, bəyanatda səsləndirilən iqtisadi-ticari məsələlərlə, ümumiyyətlə, səfərin nəticələri ilə bağlı bu il Tacikistanda keçiriləcək hökumətlərarası komissiyanın iclasına qədər müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Başqa sözlə, nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası təşəbbüslərinin reallaşdırılması planlaşdırılıb.
Dövlətimizin başçısının Tacikistan səfəri çərçivəsində iki ölkə arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması, gömrük xidmətlərinin tənzimlənməsi, kənd təsərrüfatı, investisiyalar, startapların təşviqi kimi məsələlərə aid sənədlərin imzalanması bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumu da ikitərəfli əlaqələrin daha da yaxşılaşdırılması baxımından mühüm önəm daşıyıb. Həmin tədbirdə hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Forumda iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı barədə ətraflı məlumat verilib, biznes strukturlarının iştirakı ilə gerçəkləşdirilən işgüzar tədbirlərin Azərbaycan və Tacikistan sahibkarları arasında daha sıx əlaqələrin qurulmasında, əməkdaşlığın səmərəliliyinin artırılmasında önəmi vurğulanıb.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Tacikistan arasında münasibətlərin dərin tarixi və mədəni köklərə malik olduğunu, dövlət başçılarının müxtəlif formatlarda keçirdikləri görüşlərin, xalqlarımız arasındakı dostluq münasibətlərinin birgə əməkdaşlığımızın əsasını təşkil etdiyini deyib. Azərbaycanın Tacikistanla ikitərəfli iqtisadi əlaqələrin inkişafına önəm verdiyini xatırladan Sahib Məmmədov diqqətə çatdırıb: “İki ölkə arasında sənaye, ticarət, kənd təsərrüfatı və digər sektorlarda əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdəndir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti bu potensialın reallaşdırılması üçün yeni imkanlar və geniş üfüqlər açır. Birgə təşəbbüslərin həyata keçirilməsində özəl sektorun fəallığı və işgüzar dialoqun genişləndirilməsi xüsusilə əhəmiyyətlidir”.
Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə dövlətimizin başçısının Tacikistanın Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin hər iki dövlət başçısının mətbuata bəyanatlarla çıxışları bunun bariz ifadəsidir.
Azərbaycan Tacikistanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib və nəticədə qarşılıqlı səmərəli məsələlərin həlli və beynəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirib.
İkitərəfli əməkdaşlığın hüquqi bazasını, əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 saziş təşkil edib. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərlərinin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humanitar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlığını əhatə edib.
Xatırladım ki, Prezident İlham Əliyev bundan əvvəl Tacikistanda 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib və ötən müddətdə iki ölkə arasında siyasi, sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə olunub.
İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan və Tacikistan respublikaları arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası reallaşıb. Sonuncu iclas isə ötən il fevralın 22-23-də Düşənbədə gerçəkləşib.
Hökumətlərarası Komissiyanın iclaslarında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbərliyə alınıb. Məhz bu səyin nəticəsidir ki, 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. Cari ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsi təkcə bu ilin ilk iki ayı ərzində 824 590 dollar təşkil edib ki, bunun da 3 270 dolları Tacikistanın ixracının, 821 320 dolları isə Azərbaycanın ixracının payına düşüb.
Bütün bunlarla yanaşı, Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Keçən il SOCAR tərəfindən dost ölkəyə 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib.
Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının səmərəliliyinin artırılması da daim diqqətdə saxlanılır. Kvota çərçivəsində “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankının mübadilə edilməsi də bu məsələyə xüsusi önəm verilməsinin bariz ifadəsidir.
İki ölkə arasında münasibətlərin bu cür dinamik inkişafı iqtisadi sahədə yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

