Terrorçu İran-işğalçı Ermənistan “qardaşlığı” dünyada riyakarlığın simvoluna çevrilib

post-img

İran parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi bəyanat molla rejiminin növbəti riyakarlığıdır.

İranın yüksək hakimiyyət dairələrinin sifarişi ilə atılan bu mənfur addım Azərbaycanın daxili işlərinə müdaxilə, suveren hüquqlarına hörmətsizlik kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

O qeyd edib, İsraildə və ya digər ölkələrdə səfirlik açması Azərbaycan Respublikasının müstəqil hüququdur. İran parlamentinin nümayəndələri Azərbaycanın Qüdsdə səfirlik açmasını İslam dünyasına “zərbə” adlandırır. Əslində isə İslam adına ən böyük ləkə molla rejiminin özüdür.

Siyasi şərhçi vurğulayıb ki, İran vaxtilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə birbaşa dəstək verən ölkədir. Üstəlik, otuz ilə yaxın işğal dövründə ərazilərimizin talanmasında, viran edilməsinə İran yaxından iştirak edib, məscidlərimizin təhqir edilməsinə göz yumub. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini həzm edə bilməyən də İranın molla rejimdir. Belə olan halda, Tehran dövləti Azərbaycanı hansı haqla İslama ləkə vurmaqda ittiham edə bilər?

“Tehranın dövlətinin bu mövqeyi həqiqətən də gülüncdür və ikrah hissi doğurur. İran erməni işğalına nəinki biganə qalan, hətta gizli və ya açıq dəstək verən ölkə olub. Həmin dövrdə minlərlə azərbaycanlının soyqırımlarına məruz qoyulması, dünyada görünməmiş vəhşiliklə qətlə yetirilməsi, bir milyondan çox insanın öz yurdundan məcburi köçkün düşməsi nədənsə İranın heç tükünü də tərpətmədi. Bu azmış kimi, Azərbaycanın Qarabağ Zəfərindən sonra İran Ermənistana hərtərəfli dəstək verməkdə davam edir. Bu gün terrorçu İran və işğalçı Ermənistan qardaşlığı dünyada riyakarlığın simvoluna çevrilib. İslam dünyasına əsl hörmətsizlik, ən böyük zərbə budur. Bu iyrənc siyasətin təməlində isə heç şübhəsiz İranın Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissi dayanır”, - deyə Sahil Kərimli bildirib.

Siyasi şərhçinin sözlərinə görə, rəsmi Tehran Azərbaycana zərbə vurmaq üçün islam dəyərlərinə qənim kəsilmiş Fransa kimi ölkə ilə həmrəy olursa, bu, artıq siyasi əxlaqsızlığın pik nöqtəsidir. İran Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığını, dünyada sürətlə güc sahibinə çevrildiyini yaxşı anlayır. Molla rejimini narahat edən, yuxusunu ərşə çəkən də bu amillərdir. Bir sözlə, Azərbaycan əleyhinə qəbul edilən hər hansı bəyanat bizim üçün ən uzağı kağız parçasıdır.

Siyasət