Azərbaycanın Mərakeşdəki səfiri ICESCO-ya akkreditə olunub

post-img

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov ICESCO-nun Baş direktoru Salim Əl-Malikə həmin təşkilata daimi nümayəndə kimi akkreditasiya məktubunu təqdim edib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ICESCO-nun Baş direktoruna çatdırıb, ona ölkəmizlə əməkdaşlığa verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib. N.Səmədov diplomatik fəaliyyəti müddətində Azərbaycanın Təşkilat ilə mövcud olan yüksək səviyyəli əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Səfir İslam aləmində, sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara dəstək, mədəniyyət, mədəni irs, təhsil və digər sahələrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi rolunu xüsusi qeyd edib.

Nazim Səmədov ölkəmizin 2022-ci il mayın 20-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə ICESCO arasında imzalanmış və artıq qüvvəyə minmiş Sazişə uyğun olaraq, ən qısa zamanda paytaxtımızda ICESCO-nun Regional Ofisinin açılması və fəaliyyətə başlamasında maraqlı olduğunu qeyd edib. Eyni zamanda, ötən ilin dekabrında Azərbaycan və ICESCO arasında imzalanmış Fəaliyyət Planının icrası müzakirə olunub.

Səfir işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində mədəni sərvətlərə dəymiş ziyanı və mövcud vəziyyəti qiymətləndirmək üçün ölkəmizdə səfərdə olmuş ICESCO-nun texniki missiyası tərəfindən hazırlanmış hesabatın vacibliyini qeyd edib.

Baş direktor Azərbaycan və ICESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinə hər zaman hazır olduğunu bildirib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasət