Qlobal Bakı Forumunda Afrikanın geostrateji əhəmiyyəti və imkanları müzakirə mövzusu olub

post-img

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu martın 11-da işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forumun 10-cu panel iclası “Afrikanın geostrateji əhəmiyyəti: perspektivlər və çağırışlar” mövzusuna həsr olunub.

2015-2018-ci illərdə Mavritaniyanın Prezidenti olmuş Amina Qurib-Fakimin moderatorluğu ilə keçirilən iclasda hazırda ciddi problemlər yaşayan Afrika qitəsinin vəziyyəti müzakirə olunub, geostrateji əhəmiyyəti qeyd edilib. İnkişaf üçün böyük potensialı olan bu qitənin perspektivlərindən danışılıb.

Malavinin sabiq Prezidenti Coys Banda iqlim dəyişikliyinin, su çatışmazlığının törətdiyi fəsadlardan danışıb. Bildirib ki, insanlar su qıtlığından əziyyət çəkirlər və ölkəsində qadınlar su daşımaq üçün xeyli yol qət etməli olurlar. Qlobal Bakı Forumunda QHT nümayəndəsi kimi iştirak etdiyini deyən C.Banda Afrikanı çətin vəziyyətdən çıxarmağın ən optimal variant kimi “ağıllı şəhər” və “ağıllı kənd” layihəsini qeyd edib.

"Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri, Mərakeşin İqlim Dəyişikliyi üzrə sabiq xüsusi nümayəndəsi Hakima El Haite Afrikanın ən çox zərər görən qitə olduğunu və müstəmləkəçiliyə məruz qaldığını qeyd edib. Vurğulayıb ki, afrikalılar öz imkanlarından istifadə edərək bölgəni yenidən dirçəltmək istəyirlər. “Afrika çox zəngindir, lakin bölgənin sakinləri kasıb insanlardır. Günəş enerjisi üçün ən böyük qaynaq məhz Afrikadadır. Təəssüflənirik ki, qitəmizdə bu qədər zəngin ölkə kasıblıqdan və aclıqdan əziyyət çəkir. Afrika nəhayət inkişaf etmək, öz yerini tutmaq istəyir”, - deyə o əlavə edib.

BMT-nin Baş katibinin Qərbi Afrika və Somali üzrə sabiq xüsusi nümayəndəsi Ahmedu Uld-Abdullah qonaqpərvərliyə və yüksəksəviyyəli tədbirə görə təşkilatçılara təşəkkür edib. O bildirib: “Paytaxt Bakı çox təmiz və təhlükəsiz şəhərdir. Yaxınlarımdan Azərbaycanda təhsil alanlar var. Bura mənim çox xoşuma gəlir”.

Afrikanı bir vaxtlar “ümidsiz qitə” adlandırdıqlarını xatırladan natiq bildirib: “Hazırda Afrika ciddi çətinliklərlə üz-üzədir. Əslində, Afrika qitəsinin çox böyük potensialı var. Sadəcə, bu potensialdan düzgün istifadə edilməlidir”.

Nigeriyanın sabiq xarici işlər naziri, BMT-nin Kot d'İvuar üzrə sabiq xüsusi nümayəndəsi, “IPITI Consulting”in hazırkı baş icraçı direktoru Ayşatu Mindaudu lobal Bakı Forumunda ikinci dəfədir iştirak etdiyini deyib və təşkilatçılara təşəkkürünü bildirib. Forumda çox aktual məsələlərin müzakirə edildiyini vurğulayan baş icraçı direktor Afrikanın mövcud vəziyyəti ilə bağlı fikir mübadilələrinin aparılmasının önəmini qeyd edib.

Seneqalın sabiq Baş naziri Aminata Ture qitəsinin böhran vəziyyətində olmasından narahatlığını ifadə edib. Bildirib ki, Afrika kimi zəngin ehtiyatları və potensialı olan qitə susuzluq problem yaşayır və aclıqdan əziyyət çəkir. O, problemləri həll etmək və vəziyyətdən çıxmaq üçün koalisiya yaradılmasının vacibliyini vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.



Siyasət