Yan Fişer: Bakıda olmaqdan və Qlobal Bakı Forumunda iştirakdan çox şadam

post-img

Bakıda olmaqdan və Qlobal Bakı Forumunda iştirakdan çox şadam. Forumda bizi maraqlandıran və narahat edən məsələlər müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Çexiyanın sabiq Baş naziri Yan Fişer X Qlobal Bakı Forumu çərçivəsində martın 11-də “Avropa İttifaqı kontekstində Qərbi Balkan regionu” mövzusunda keçirilən panel müzakirələrdə səsləndirib.

Çexiyanın sabiq Baş naziri Yan Fişer qeyd edib ki, zaman tez keçir və biz vaxtdan istifadə etməliyik. O, Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasından danışıb: “Adama elə gəlir ki, bu proses gedir və ümid edirəm, biz bunu tezliklə görəcəyik. Üç əsas məsələyə diqqəti yönəltmək istəyirəm. Bunlar cari vəziyyət, indiyədək Avropa İttifaqı ilə Qərbi Balkan ölkələri arasındakı inkişaf və ümumi siyasi icmanın yaradılması məsələsidir”.

Ukrayna müharibəsindən danışan Fişer bunun ağır fəsadlarını qeyd edib və sülhün, sabitliyin təmin olunmasının mühüm olduğunu bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının dünya səhnəsində böyük oyunçu olması üçün bir çox amillər tələb olunur.

Bildirib ki, Avropa İttifaqı və Qərbi Balkan ölkələri arasında əməkdaşlıq əlaqələri mövcuddur. Amma bu əlaqələri genişləndirmək lazımdır. Qərbi Balkan ölkələrinin idxalının üçdə iki hissəsinin Avropa İttifaqının payına düşdüyünü diqqətə çatdıran natiq əlaqələrin inkişafında bazar iqtisadiyyatının rolunu vurğulayıb. “Biz əlaqələrin inkişafı və inteqrasiya üçün lazımi mexanizmlər hazırlamalı və siyasi iradə nümayiş etdirməliyik. Bu məsələnin geosiyasi əhəmiyyəti vardır. Ümid edirəm ki, Qərbi Balkan ölkələrinin nümayəndələri tezliklə Avropa İttifaqının rəsmiləri ilə bir masada əyləşə biləcəklər”.

Siyasət