Ötən il və bu ilin əvvəlindən İranda kütləvi etirazlara, hökumətin xalqazidd mövqeyinə, inflyasiyanın güclənməsinə, həyat səviyyəsinin sürətlə aşağı düşməsinə, insan haqlarının, xüsusilə qadınların elementar hüquqlarının addımbaşı zora məruz qalmasına, edamların, güllələnmələrin vasitəsilə insanların qorxu-hürkü içərisində saxlanılmasına baxmayaraq, dini rejimin hakimiyyəti davam edir. Onun gücü kimlərdə və nədədir?
Cavab ilk baxışda asandır: rejimin canı İslam respublikasının institusional xarakterində, həmçinin böhranı xariclə əlaqələndirməsində, amansızlıq və proqmatizimlə vəhdətindədir. Bu cavablar həqiqəti əks etdirsə də, yarımçıqdır. “Arab Gulf Ştates” analitik mərkəsində hesab edirlər ki, İrandakı diktatura Pəhləvi rejimindən qatıdır, daha yüksək səviyyədə mərkəzləşib. Nəticədə, yaranan sabitlik özündən əvvəlkini xeyli geridə qoyub.
“Vilayəti-fəqih”in ali rəhbəri hökumət bürokratiyasından və ya siyasi təsir və iqtisadi qazanclar uğrunda yarışan elita fraksiyasından ibarət çoxsaylı güc mərkəzlərindən əsas güc mərkəzinə çevrilib. Ali dini rəhbər Xamenei konstitusiya ilə möhkəmlənmiş diktator salahiyyətlərini həyata keçirmək və üstünlüklərini tətbiq etməklə kifayətlənməyərək qərarların qəbulu prosesinə müxtəlif güc mərkəzlərini və hakim elitanı cəlb edib. Özü isə arbitur kimi son vəzifəni ölkəsinə götürüb.
Bu isə diktatorlara təkcə “güclü” idarəçiliyi təmin etmir, ali rəhbərin guya, “səhvləri” düzəltdiyi barədə yanlış rəy yaradır. Uğursuzluq yarandıqda məsuliyyət yükünü və günahı paylaşmağı bacarır.
***
İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ABŞ-ın NPR kanalına müsahibəsində müxbirdən tələb edib ki, İran İslam Respublikasını “rejim” adlandırmasınlar.
Abdullahiyan iddia edib: “Birincisi, bu, İranda bir rejim deyildir. Bizim müstəqil və qanuni hökumətimiz var. Sizə tövsiyəm odur ki, düzgün terminlərdən istifadə edəsiniz”.
Görəsən, bu böyüklükdə rəsmi şəxs o səviyyədə yalan danışanda heç olmasa, öz sözlərinə inanır, ya yox? Elə isə rejim nəyə görə dünya miqyaslı tədbirlərdən kənarda saxlanılır, yenə ayrı-seçkiliyə yol verilir? Bəs günahkar kimdir? Bəlkə, BMT-nin müşahidəçiləri, beynəlxalq təşkilatların təmsilçiləri? Bəs ilboyu günahsız adamları dar ağaclarına çəkənlər, elin gözü qarşısında güllələyənlər, qadınları yerlə sürükləyənlər, kişiləri şallaqlayanlar… bu əzab-əziyyəti humanizmə görəmi edirlər?
Quranda adamları çörəklə imtahana çəkmək günah sayılır. Amma rejim bunu kompleks tədbirləri sırasına daxil edib. Ölkədə ən ucuz nemət çörək sayılsa da, bunun əvəzi digər yeyinti məhsullarından çıxılır. Budurmu sizin humanizminiz?
İranda rejimin elə klassik formaları tətbiq olunur ki, adamın əli ağzında qalır. Yəni mollalar keçmiş iki şahın da atasına rəhmət oxudurlar. Hüseyn Əmir-Abdullahiyan, görünür, “sınmış güzgülər” diyarında yaşayır ki, hər şeyi tərsinə görür. Bu ölkənin molla rejimi Savama, Bəsic, Pastar… kimi əzrailin vəzifələrini icra edənlər zor aparatını var gücü ilə işə salmaqla dünyaya “demokratiya havası” oxuyurlar. Bax bu da sizin “rejim” ifadəsinə etirazlarınıza cavab.
Kamal NİKBİN


