“Şuşa və Vespermin dostlaşması türk dünyasının Avropa ilə mədəniyyət əlaqələrinin genişlənməsinə təkan verəcək”

post-img

“Şuşa və Vespermin dostluq əlaqələrinin təsis edilməsi türk dünyası ilə Avropa arasında mədəniyyət əlaqələrinin genişlənməsinə təkan verəcək”.

Bu fikirləri “Report”un Ankara Bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı deyib.

“Dünən Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Avropanın mədəniyyət paytaxtı olan Vesperm şəhəri ilə türk dünyasının mədəniyyət paytaxtı Şuşanın qardaşlaşmış şəhər elan olunması haqqında imzalanan protokol çox əhəmiyyətli hadisədir. Bu, türk dünyası ilə Avropa arasında mədəniyyət əlaqələrinin genişlənməsinə, türk dünyası mədəniyyətinin Avropada tanınmasına böyük təkan verəcək”, - o, vurğulayıb.

TÜRKSOY-un nümayəndəsi bildirib ki, Prezident İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə baş tutan bu rəsmi tədbir - “qardaşlaşmış şəhər” layihəsi türk dünyası və Avropa mədəniyyətini bir araya gətirən ilk layihədir:

“Avropanın müxtəlif şəhərləri hər il Avropanın mədəniyyət paytaxtı elan olunur və bu tədbirin açılışına TÜRKSOY nümayəndələri, eləcə də TÜRKSOY Daimi Şurasının qərarı ilə seçilən mədəniyyət paytaxtından da nümayəndələr dəvət olunur. Neçə illərdir bu ənənə davam edir. Keçən il də Serbiyanın mədəniyyət paytaxtı Novıy Sadın açılışına türk dünyası mədəniyyət paytaxtı Bursadan qonaqlar dəvət edilmişdi. Bu il də Macarıstanın Vesperm şəhəri mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar yanvarın 21-də tədbir keçirildi. Bu tədbirdə iştirak edən TÜRKSOY Baş katibi Sultan Rayev də qardaşlaşmış şəhər təklifini verdi. TÜRKSOY hər zaman Avropa və türk dünyası mədəniyyət paytaxtlarını birləşdirməyə çalışır”.

Onun sözlərinə görə, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması ilə əlaqədar may ayında TÜRKSOY-un təşkilatçlığı ilə Şuşada keçirilən açılış tədbirinə Avropadan da nümayəndələr dəvət olunacaq:

“Biz Vespermdən də qonaqlar dəvət edəcəyik. İnanıram ki, bu, Vesperm ilə Şuşa, Macarıstanla Azərbaycan və bütövlükdə türk dünyası ilə Avropa Birliyi arasında əlaqələrin inkişafına böyük töhfə verəcək. Fikrimcə, bu, çox təqdirolunan haldır. Bununla da Şuşa vasitəsilə daha bir tarixi bir hadisəyə imza atılmış oldu”.

Qeyd edək ki, yanvarın 30-da Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində "Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.

Siyasət