Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd etdi. O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğuladı.
Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi və ölkələrimiz arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq məsələləri müzakirə edildi.
Prezident İlham Əliyev 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı.
Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olundu.