Ağstafada Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib

post-img

Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Ağstafada anım mərasimi keçirilib. Fevralın hüznlü havası şəhərin mərkəzində yerləşən Şəhidlər memorial abidə kompleksində toplaşan insanların sükutuna qarışmışdı. 

Anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Hər kəsin simasında eyni kədər, eyni ehtiram duyulurdu.

Memorial kompleksin əbədi məşəli önünə əklil qoyuldu. Müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə qızılgüllər və tər qərənfillər düzüldü. Güllərin rəngi sanki o qanlı fevral gecəsinin ağrısını xatırladırdı. İnsanlar abidə önündə baş əyərək, səssiz dua edərək Xocalı qurbanlarının xatirəsini yad etdilər.

Çıxışlarda bildirildi ki, Xocalı soyqırımı xalqımızın tarixində sağalmaz yara kimi yaşayır. Bu faciə təkcə bir şəhərin deyil, bütöv bir millətin ağrısıdır. İllər keçsə də, o gecənin izləri yaddaşlardan silinmir.

Bəli, Ağstafada keçirilən anım mərasimi də göstərdi ki, Xocalı şəhidlərinin xatirəsi unudulmur. Bu ağrı zamanla səngiməsə də, xalqımızın birliyini və ədalətə inamını daha da möhkəmləndirir.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

















Qan yaddaşı