Rustavidə 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram

post-img

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 20 Yanvar qətliamının 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərasimdə mərkəzin əməkdaşları, müəllimlər, ziyalılar, orta məktəb şagirdləri və valideynlər iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin rəhbəri Raidə Dərziyeva çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli faciəsi olmaqla yanaşı, ölkənin azadlıq uğrunda mübarizəsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Bakıda həmin gecə törədilən dəhşətli qırğından sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilmiş terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə ulu öndərin belə bir bəyanatla çıxış etməsi bir tərəfdən, böyük cəsarət tələb edirdisə, digər tərəfdən, xalqın etiraz səsinin bütün dünyaya çatdırılmasında əvəzsiz rol oynamışdı. 

Sonra tədbirdə Gürcüstanda yaşayan azərbaycanlı yazarlar Rafiq Hümmət və  Savalan Osmanlı çıxış edərək, tədbir iştirakçılarına Qanlı Yanvar hadisələrinin torpaqlarına təcavüz edilən Azərbaycan xalqının etiraz səsini boğmaq məqsədi daşıdığını, amma əksinə, xalqın birlik və monolitliyini daha möhkəmləndirdiyini qeyd ediblər. 

Rustavi şəhərindəki 18 saylı otra məktəbin müəllimləri Sveta İsayeva, Nurlana Əliyeva və Alidə Kazımova da çıxış edərək bu ümummilli faciənin təkcə Azərbaycan ərazisində deyil, bütün dünyada, eləcə də Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən böyük ürək ağrısı ilə qarşılandığını bildiriblər. 

Daha sonra mərkəzin Azərbaycan dili bölməsinin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim ediblər. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

XQ





Qan yaddaşı