Botanika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan bildirilib.
İnstitutun baş direktoru professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. O, 1992-ci ildə Xocalıda törədilmiş vəhşiliklər haqqında xarici mətbuatda yazılan məlumatları diqqətə çatdırıb. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
İnstitutun baş direktoru 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən və ölkə rəhbərliyinin uzaqgörən siyasətindən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
Tədbirdə institutun icraçı direktoru professor Şakir Qasımov, professor Aydın Əsgərov, Sadıq Qarayev çıxış edərək Azərbaycana qarşı hərbi təcavüzün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.
Tədbirdə soyqırımının nəticələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Botanika İnstitutunun əməkdaşları “Ana fəryadı” abidə kompleksini ziyarət ediblər.