Azadlığı istəmirəm zərrə- zərrə, qram- qram
Qolumdaki zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm SƏMA kimi!
GÜNƏŞ kimi!
CAHAN kimi!
Çəkil! Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq.
Mən ümmanlar təşnəsiyəm!
Azadlıq carçısı Xəlil Rza Ulutürkün bu harayı Vətənini azad görmək istəyən, onun işıqlı gələcəyinə ümidlə boylanan qəhrəman bir xalqın azadlıq uğrunda mübarizəsinin əks sədası, haqq uğrunda ucalan gur səsi idi. Azadlığa təşnə olan xalq azadlığı qurtum-qurtum deyil, ümmanlar tək istəyirdi.
1990 - cı il 20 Yanvar! Bu istəyə doğru ümidlə addımladı xalq. Qəsbkarlar millətin arzu dolu qəlblərini susdurmaq üçün ürəkləri nişan aldılar! Kimisi şəhid, kimisi şahid oldu! Şəhidlər sussa da, şahidlər danışdı, xalqın gözlərindən qan yaddaşına köçdü həmin gün!
Azərbaycan xalqı, Vətənin azadlığı uğrunda əliyalın döyüşərək canından keçən, xalqı əsarət buxovlarından xilas edən 20 Yanvar şəhidlərini heç vaxt unutmayacaq! Bu gün onların əziz xatirəsi böyük qürur və ehtiram hissi ilə anılır! Ruhunuz şad olsun, qərənfil ətirli şəhidlər! Ruhun şad olsun, azadlıq carçısı Xəlil Rza Ulutürk!
Zülfiyyə Ziya
Elşən AĞALAR(foto)
XQ