Hər bir xalqın tarixində onun gələcəyini müəyyənləşdirən və mütləq şəkildə özünüqoruma istinkti yaradan hadisələr olur. Azərbaycan xalqının son 100 illik tarixinə nəzər yetirsək, belə bir faciənin 1918-ci ilin mart soyqırımı olduğunu qətiyyətlə demək olar. Mart soyqırımı sıradan bir hadisə deyildi. Bu, dinc əhalini kütləvi və amansız şəkildə xüsusi qəddarlıqla qətlə yetirən erməni vəhşiliyinin sübutu kimi yaddaşlara hopdu.
106 il öncə, 1918-ci il martın 30-na keçən gecə erməni daşnakları tərəfindən Bakıda 20 minə yaxın dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirildi. Səbəb onların azərbaycanlı olması idi.
İnsanlığın düşməni, bütün fəaliyyəti dövründə xalqımıza nifrət və düşmənçillik mövqeyini açıq şəkildə çirkin əməlləri ilə nümayiş etdirən faşist təxəyüllü Stepan Şaumyan və onun başçılıq etdiyi quldur dəstələri qətliamla yanaşı, xislətlərinə uyğun bir şəkildə paytaxtda bir çox dini və mədəni abidələrimizi yerlə- yeksan etmişdilər. Hədəf bütövlükdə bir xalqı tam olaraq soyqırımı etmək, qədim mədəniyyətini, tarixini Yer üzündən silmək və özgə ərazisində yeni dövlət qurmaq idi. Ona görə də təkcə 31 martda deyil, sonrakı günlərdə də erməni daşnakları yurdumuzda kütləvi qırğınlar həyata keçirdilər, şəhərlərimizi, yaşayış yerlərimizi viran qoydular. Düşmənin soydaşlarımıza qarşı soyqırımı siyasəti təkcə Bakı ilə məhdudlaşmadı. Martın 31-də Şamaxı qəzasında, eləcə də Qubanın kəndlərində də minlərlə günahsız azərbaycanlı milli mənsubiyyətinə görə ermənilər tərəfindən öldürüldü. Daşnaklar Lənkəranda, Muğanda və Dağlıq Qarabağda minlərlə kəndlərimizi yandırdı, on minlərlə insanı vəhşicəsinə qətlə yetirməklə məmləkətimizi qan gölünə çevirdilər. Bundan başqa, bu genosidin davamı olaraq 1918-ci ilin yayında Şərurda və Naxçıvanda, Zəngəzurda minlərlə azərbaycanlı, 50 mindan çox soydaşımız evlərindən didərgin düşdü.
Rusiya imperiyasının süqutundan sonra Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəyən ermənilər ölkə boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini silah gücünə apardılar.
1919-cu ildə AXC parlamenti 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi, sonrakı dövrlərdə ölkəmizi işğal etmiş keçmiş SSRİ dövründə imperiya mənsubları bu faciənin xalqımızın yaddaşından silinməsinə cəhd etdi, saxta tarix təlqin olundu. Lakin işğal dövründə keçmişimizi unutmadıq, ağrımızı-acımızı ürəyimizdə daşıdıq, yaşatdıq və yeni nəsillərə bəyan etdik, gerçək tariximizi, yaşadığımız faciəni onlara pıçıldadıq və bu ağrını ümumxalq matəmi kimi keçirməyimizin tarixi məqam çatdı.
80 ildən sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlməklə azadlığımızı, müstəqilliyimizi qorumaqla, xoş, tarixi əlamətdar günlərimizi bizə qaytarmaqla yanaşı, xalq olaraq faciə yaşadığımız, zərbə aldığımız günlərin də unudulmaması üçün tarixi addım atdı.
Ulu öndərin 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanından sonra martın 31-ni hər il xalqımız hüzn günü kimi qeyd edir, soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla anır, faciənin acısını unutmur.
SSRİ-nin çöküşündən sonra da erməni daşnakları tarixi nifrətlərini yenidən büruzə verdilər. Çünki xalqımızın əziz övladı Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılması nankor qonşularımıza meydan vermişdi. Heydər Əliyevin siyasi hakimiyyətdə olmamasının nəticəsi olaraq yüz mindən çox azərbaycanlı ata-baba yurdlarından didərgin salındı. Bütün bunlar azmış kimi namərd qonşularımız tarixi torpaqlarımızda ikinci erməni dövləti qurmaq hikkəsini ortaya qoydular. Havadarlarının köməyi ilə beynəlxalq hüquqa məhəl qoymayaraq Qarabağı, ətraf rayonları işğal etdilər, bəşəriyyətin ən böyük faciəsi- Xocalı qətlimaını həyata keçirdilər. Yurdumuzun dilbər guşələrini xarabazara çevirdilər, dini-mədəni abidələrimizi dağıtdılar, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının izini itirməyə çalışdılar. Düşünürdülər ki, bu işğalla torpaqlarımızda əbədi qalacaqlar.
Amma yanıldılar.
Erməni barbarlığınının faciəsini yaşamış xalqımızın cavab haqqı 30 ildən sonra Prezident İlham Əliyevin liderliyi ilə gəldi. Cənab İlham Əliyevin komandanlığı və dünyanı heyrətləndirən milli birliyimizlə xalqımız torpaqlarımızda uzun müddət kök salmış erməni separatizminə, quldurluğuna, barbarlığına və cinayətkarlığına cəmi 44 gün ərzində son qoydu. Şərəfli və qəhrəman ordumuz mülki şəxsləri hədəf götürmədən işğalçılara döyüş meydanında hərb və ləyaqət dərsi verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixi qələbəmizlə biz təkcə ərazimizi bərpa etmədik, biz erməni faşizminin belini qırdıq. Bununla da, ölkəmiz ərazi bütövlüyünü təmin etməklə erməni cinayətlərinin qurbanı olmuş soydaşlarımızın ruhunu şad etdi.
Bu gün ölkəmizin bütöv, azad, tam təhlükəsiz olması ən böyük təskinliyimiz olsa da, soyqırımı qurbanlarını unutmuruq, kədər və nisgillə hər zaman ehtiramla yad edirik.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı