Rusiyanın müxtəlif şəhərlərində Xocalı soyqırımının qurbanları yad edilib

post-img

Rusiyanın İjevsk, Kaluqa, Kirov, Mahaçqala, Murmansk, Nalçik, Perm, Solikamsk və Soçi şəhərlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirlərində Udmurtiyanın Azərbaycan İctimai Mərkəzi “Dostluq” Regional İctimai Təşkilatının sədri Zülfüqar Mirzəyev, Kaluqa Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əbülfət Qurbanov, Azərbaycan Mədəniyyət Mərkəszi “Birlik” Kirov Regional İctimai Təşkilatının sədri Osman Əliyev, Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, “Azərbaycan Mədəniyyət Mərkəzi" Murmansk Regional İctimai Təşkilatının sədri Afil Hüseynov, Nalçikdəki “Azəri” Milli Mədəniyyət Mərkəzinin sədr müavini Akif Məmmədov, “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Çingiz İsayev, Solikamsk şəhərindəki Azərbaycan icmasının rəhbəri Uğur Əfəndiyev, “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzi Soçi şəhər ictimai təşkilatının sədri İlqar Səlimov və digər diaspor falları çıxış ediblər.

Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri adlandıran soydaşlarımız bildiriblər ki, xalqımız bu qanlı qırğını heç bir zaman unutmayacaq. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının yad edildiyi, “Xocalıya ədalət!” tələbi ilə müxtəlif tədbirlər və aksiyalar keçirildiyi, son illər dünya ictimaiyyətinin bu faciənin tanınması istiqamətində ciddi addımlar atdığı diqqətə çatdırılıb. Bildirilib ki, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi və erməni cinayətkarlarının ədalət məhkəməsi qarşısında cavab verməsi mütləqdir.

Tədbirlər Xocalı soyqırımı qurbanlarının ruhuna duaların oxunması və ehsanların verilməsi ilə yekunlaşıb.

Tədbirlər çərçivəsində Xocalı soyqırımını əks etdirən anım guşələri və fotostendlər təşkil edilib.



Qan yaddaşı