2025-ci il üzrə təsdiq edilmiş hazırlıq planına uyğun olaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində silsilə maarifləndirici və ideoloji tədbirlər təşkil olunub.
Müdafiə Nazirliyindən XQ-yə verilən məlumata görə, tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm ictimai-siyasi əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, həmin qərar hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, milli suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və cəmiyyətin bütün sahələrində inkişaf prosesinə töhfə verir.
Tədbirlərin davamında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, Zəfərin əldə olunmasında xalqımızın nümayiş etdirdiyi möhkəm birlik və hərbçilərin göstərdiyi qəhrəmanlıq nümunələri vurğulanıb.
Şəhidlərin xatirəsinin daim uca tutulacağı qeyd olunub, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin, habelə “Böyük Qayıdış” prosesinin dövlətimizin və xalqımızın doğma torpaqlara verdiyi yüksək dəyərin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.






