Türkiyəli general: “Mustafa Kamal Atatürk–2023” təlimi çox böyük önəm daşıyır

post-img

Bu il Azərbaycan–Türkiyə hərbi əlaqələriinn qurulmasından 32 il, birgə keçirilən hərbi təlimlərdən isə 10 il ötür. Ümumilikdə isə, il ərzində Türkiyə və Azərbaycan arasında həyata keçirilən birgə hərbi təlimlərin sayı təxminən 20-yə çatır. Bunlar havada, suda və quruda, həmçinin Xüsusi Təyinatlı Qüvvələrlə birgə keçirilən təlimlərdir. 

Bu fikirləri “Mustafa Kamal Atatürk–2023” birgə taktiki təliminin əhəmiyyəti haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz XQ-yə bildirdi. 

Yücel Karauz dedi ki, dünyada hazırda qeyri-sabitlik hökm sürür və günbəgün bir çox yerlərdə münaqişə ocaqları yaranmaqdadır. Bu mənada, “Mustafa Kamal Atatürk–2023” təlimi həm vaxt, həm də adı etibarı ilə çox böyük önəm daşıyır. 

General qeyd etdi ki, bu təlimlərdə ordularımız həm havada, həm də quruda dünyanın ən çətin manevrlərini nümayiş etdiriblər. İki böyük ordunun keçirdiyi təlimlərin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunması Azərbaycanın qədirbilən dövlət olduğunun göstəricisidir.

Qeyd edək ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçirilmiş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Ordu