“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib

post-img

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təlimi başa çatıb. 

Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi uğurla icra olunub.

Məhz bu məqsədlə oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyəni milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistanın müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.

Təlimdə təmas xəttində yerləşən mövqelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri birgə sızma fəaliyyətlərini icra edilib

Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu və dərinliklərində hava və radiokəşfiyyat aparılaraq düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradıldığı zaman şərti düşmən sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radiolokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların növünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi fəaliyyətləri icra olunub.

Həmçinin düşmən pilotsuz uçuş aparatları ilə mübarizə aparan bölmələrimiz xüsusi vasitə ilə düşmən pilotsuz uçuş aparatına radiomaneələr tətbiq edərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməyə imkan verilməməsi, düşmən bölgəsinə geri qaytarılması və ya aldadılması tapşırığını icra edilib.

Şərti düşmənin HHM vasitələri zərərsizləşdirildikdən sonra açılan hava dəhlizində F-16 qırıcı təyyarələri və digər hücum helikopterləri onun cəmləşmə məntəqələrinə aviasiya zərbələri endirib.

Tank əleyhinə idarəolunan raket kompleksləri və düzünə tuşlamaya çıxarılmış T-90 tankları tərəfindən düşmənin 1-ci eşelonunda yerləşən zirehli döyüş maşınları və mövqeləri məhv edilib.

Bölmələrimizin mütəşəkkil irəliləməsini, düşmən üzərində atəş üstünlüyünün əldə olunması məqsədilə onun döyüş mövqelərinə, artilleriya və minaatan batareyalarına, KMM-lərinə, canlı qüvvə və atəş vasitələrinə artilleriya vasitələrindən kütləvi atəş zərbələri endirilib. Bölmələrimizin mütəşəkkil irəliləməsi təmin edilib, əldə olunmuş atəş üstünlüyü qorunaraq saxlanılıb, şərti düşmənin itirilmiş idarəetməsini bərpa etməsinə imkan verilməyib. Təminat yollarında batareyaların zərbə basqınlarından sonra Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupları hərəkətə keçib.

Mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar şərti düşmən mövqelərinə basqın edərək, onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri icra olunub. Sonra 2-ci eşelon bölmələrinin hərəkəti başlayıb. Düşmənin dayaq məntəqələri ələ keçirildikdən sonra irəliləyən bölmələrimizin effektiv və fasiləsiz atəş dəstəyini təmin etmək məqsədilə minaatan batareyalarının əsas mövqeyindən ehtiyat atəş mövqelərinə tağımlarla yerdəyişməsi prosesləri icra olunub. "Bayraktar TB-2" helikopteri vasitəsilə şərti düşmənin "İskəndər" və "Toçka-U" taktiki raket kompleksləri məhv edilib.

Bununla bərabər, düşmən mövqeləri piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilib, onun tank əleyhinə silahlarını təsirsiz hala gətirməklə, tankların çevik və sürətli manevr qabiliyyəti ilə vurucu atəş gücündən, eləcə də tüstü pərdəsinin qoyulmasından faydalanaraq piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyəti icra olunub.

Endirilmiş piyada manqaları düşmənin ön xətdə yerləşən canlı qüvvəsini ştat silahları ilə məhv edib. Minalardan və düşmənin birbaşa atışlarından qorunmaq məqsədilə piyadalar texnikaların arxası ilə hərəkət edərək mövcud vəziyyətə görə sıçrayıb və himayəli şəkildə irəliləyib.

Həmçinin, hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra olunub. Qrupların hava yolu ilə düşmən arxasına endirilməsi və düşmənin vəzifəli şəxsinin pusqu yolu ilə ələ keçirilməsi və yaşayış məntəqəsinin təmizlənməsi fəaliyyəti icra edilib.

Hədəf bölgəsi ələ keçirildikdən sonra bölmələrimizin hədəfdə tərtiblənməsi və sonrakı tapşırıqlarının atəş dəstəyini təmin etmək, atəş üstünlüyünü saxlamaq məqsədilə artilleriya batareyalarının əsas ateş mövqeyindən ehtiyat atəş mövqeyine taqımlarla yerdəyişməsi icra olunub.

Bütün təlim nöqtələrində sanitarların yaralı hərbi qulluqçuları təxliyə etməsi fəaliyyətləri icra olunub. Eləcə də, xüsusi təyinatlı qrupların minmə məntəqəsində toplanması və hava yolu ilə təxliyə olunması icra edilib.

Rizvan FİKRƏTOĞLU
XQ













Ordu