Nazirlər Kabinetinin QƏRARI

post-img

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi və “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 877 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissədə “hissəsi” sözü “və 1-2-ci hissələri” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 1-2-ci hissə əlavə edilsin:

“1-2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşan əhalinin icarəsinə birillik və çoxillik əkinlərin aparılması üçün verilən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarə haqqının aşağı həddi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “26” “dekabr” 2024-cü il

№ 544

Nazirlər kabinetinin qərarları