№ 241 Bakı şəhəri, 2 may 2024-cü il
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 532 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”nın “Nəzərə alınan ödənişlər:” hissəsinin dördüncü abzasında “, çoxnövbəli rejimli işə” sözləri “yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 573 (Cild I) ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın “Nəzərə alınan ödənclər:” hissəsinin dördüncü abzasında “, çoxnövbəli rejimli işə” sözləri “yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə” sözləri ilə əvəz edilsin.
3. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 283 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2-ci hissəyə “vaxtı” sözündən sonra “yerinə yetirilən işə” sözləri və “bu qərarla müəyyən edilmiş həddə” sözlərindən sonra “(Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
3.2. 3-cü hissəyə “vaxtı” sözündən sonra “yerinə yetirilən işə” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 629 (Cild I) ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”nın “Qeyd” hissəsində “və çoxnövbəli işə” sözləri “yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 130 (Cild I) 5-ci hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 30 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 30 faizi, gecə növbəsində isə 60 faizi həddində əlavə haqq müəyyən edilsin.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 50 (Cild I) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.3.5-ci yarımbəndə “gecə vaxtı” sözlərindən sonra “yerinə yetirilən işin” sözləri əlavə edilsin;
6.2. 2.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.6. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə
2.2.6.1. Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (2.2.6.2-ci abzasda nəzərdə tutulan işçilər istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödənilir.
2.2.6.2. Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:
a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) - saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında;
b) digər işçilərinə - vəzifə (tarif) maaşının 35 faizi miqdarında.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:
7.1. “XXX. Nəqliyyat” bölməsi üzrə:
7.1.1. “Tunellərdə yalnız gecə vaxtı daimi işlər” hissəsinin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin;
7.1.2. “Gecə də daxil olmaqla gündüz vaxtı və növbələrdə işlər” hissəsinin adı aşağıdakı redaksiyada verilsin:
“Gecə vaxtı və çoxnövbəli iş rejimində yerinə yetirilən işlər”;
7.1.3. “Metropoliten xətlərinin yerüstü istismarı üzrə gecə vaxtı daimi iş” hissəsinin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin;
7.2. “XXXV. Mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti” bölməsinin “Şəhər elektrik nəqliyyatının istismar müəssisələri” hissəsinin 41-ci bəndinə “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 963 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXVI. NƏQLİYYAT” bölməsinin “Metropoliten tunellərində və digər yeraltı tunellərdə yalnız gecə vaxtı daimi işlər” hissəsinin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 557 (Cild I) ilə təsdiq edilmiş “Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə əməyə görə ödəniş verilməsi Qaydaları”nın 2-ci hissəsində “, gecə vaxtı və çoxnövbəli iş rejimində görülən işə” sözləri “görülən işə, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli və 9 fevral tarixli 81 nömrəli qərarları) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5.1-ci və 21.5.2-ci yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilsin:
“21.5.1. tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr:
21.5.2. tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan rəhbərlər, mütəxəssislər, texniki icraçılar:”.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2-ci bəndinə “gecə vaxtı” sözlərindən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri