Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılmış, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzində Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov universitetin müəllim və tələbələri qarşısında çıxış edib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diplomatik korpusun nümayəndələri, universitetin müəllim və tələbələri, eləcə də AMM-nin əməkdaşları iştirak ediblər.
Akademik öz çıxışında Azərbaycan və Özbəkistan arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də uğurla davam etdirildiyini vurğulayaraq, ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. O, xüsusilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında elmi və akademik əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin hər iki ölkənin elmi potensialına mühüm töhfə verəcəyini bildirib.
Rafael Hüseynov eyni zamanda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Akademik vurğulayıb ki, Heydər Əliyev adına yaradılan belə mərkəzlər yalnız tədris məkanı deyil, həm də xalqlar arasında mədəni və elmi körpü rolunu oynayır. Onun sözlərinə görə, belə təşəbbüslər gənc nəslin Azərbaycan tarixi, dili və mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaratmaqla yanaşı, türk dünyasında ortaq dəyərlərin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd






