Azərbaycan muğamını dünyaya çatdıran tarzən

post-img

Mansurovların nəsildən-nəslə keçən musiqi estafeti

İki əsr olar ki, Mansurovlar nəslinin taleyini tar musiqi alətinin səsi-sədası müşayiət edir. Babalardan atalara, atalardan övladlara sirayət etmiş sənət sevgisi bu şəcərənin ömrünün-gününün bəzəyinə çevrilib. Bugünlərdə 115 yaşını qeyd etdiyimiz Xalq artisti Bəhram Mansurov isə tarı dünya musiqisində böyük urvata mindirənlərdəndir. 

Bəxtinə tarın nəğməsini su kimi alışan ruhuna çiləmək düşmüş Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakının İçərişəhərində musiqiçi ailəsində anadan olub. Onların evi əsl muğam ocağı idi. Burada musiqişünas Baba Məşədi Məlik bəyin təşkilatçılığı ilə muğam gecələri təşkil olunur və Azərbaycanın hər yerindən xiridarlar, xanəndələr, sazəndələr həmin məclislərə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev də bu məclislərin qonağı olublar. Bəhramın atası Məşədi Süleyman bəy tarda ifa edir və muğamın bütün incəliklərini bilirdi. Əmisi Mirzə Mansur uzun müddət konservatoriyada çalışıb.

Evləri xalq çalğı alətləri muzeyini də xatırladırdı. Məşhur tarzən Qurban Pirimovun ifalarından təsirlənmiş Bəhram fürsət tapan kimi tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Artıq 12–13 yaşında ürəklənib ifaçılıq baxımından mürəkkəb sayılan “Rast”, “Çahargah”, “Bayatı-Şiraz”, “Qatar” kimi muğamları solo ifa edirdi. 

Nə gözəldir ki, ala tarı xiridar əlinə,
Düşməsin hər yetənin çəngü-dəfi-tar əlinə!

Bəhram Mansurov Bakıda pedaqoji texnikumda oxuduğu vaxtlardan tarzən kimi sürəkli alqışlar qazanıb və o, ilk notlu xalq çalğı alətləri orkestrinə, sonradan Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edilib. Bəstəkarlar Üzeyir və Zülfüqar Hacıbəyovlar, Müslüm Maqomayev gənc ifaçıdan qayğılarını əsirgəməyiblər. Bəhram operada Hüseynqulu Sarabski, Yavər Kələntərli, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova, Zeynəb Xanlarova və digər sənətkarlarla birgə işləyib. 

…O 30 yaşı olanda Azərbaycandan dəvət edilən konsert qrupunun tərkibində Moskvaya estrada artistlərinin festivalına yola düşüblər. Qatar Rostova çatanda müharibənin başlanması xəbəri yayılıb və hərbi vəziyyətlə əlaqədar onlar Bakıya qayıtmalı olublar. Sonra bir çox mədəniyyət işçisi kimi, o da “bron” alıb, xüsusi təşviqat qruplarının sərəncamına göndərilib. Dəfələrlə cəbhə xəttində döyüşçülər, arxada isə qospitalda yaralılar qarşısında konsertlərlə çıxış edib. Həmin il Bəhram Mansurov Bakı Musiqi Texnikumuna dəvət edilib və ömrünün sonuna qədər orada pedaqoji fəaliyyət göstərib. O, muğamın tədrisi metodikasında atası Məşədi Süleymanın və əmisi Mirzə Mansurun məsləhətlərinə istinadla özünün orijinal tədris metodunu yaradıb. 

İrana ezamiyyəti zamanı Tehran, Təbriz, Ərdəbil, Nəmin, Sərab, Mərənd, Xoy, Mani, Marağa və digər şəhərlərdə uğurlu çıxışlar edən Bəhram Mansurov orada əslən Bakıdan olan məşhur xanəndə Mirseyid Mirbabayevə rast gəlib. Bu, həmin Mirseyid idi ki, milyonçu olandan sonra sevimli sənətindən əl çəkmiş, qrammafon vallarını belə sındırıb atmışdı. Bəhramın atasını tanıdığı üçün görüşləri çox kövrək notlarda keçib. Mirseyid sənəti atmağının peşmanlığını çəkdiyini bildirib. Xatırladaq ki, bəstəkar Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasında baş qəhrəmanın prototipi məhz acı taleli Mirseyid Mirbabayev olub. 

İkinci Dünya müharibəsindən sonra Bəhram Mansurov bir çox ölkədə qastrol səfərlərində olub. İlk dəfə UNESCO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz odur. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Bəhram Mansurovun çalğısını çox bəyənib, onunla sıx əməkdaşlığa başlayıblar. Bu qurumun xəttilə məşhur tarzənin ifasında 2 val və CD diski yazılaraq dünyaya yayılıb. Həmin vallar və disk bu günə kimi bir çox ölkədə satılır. Bəhram Mansurov beynəlxalq muğam simpoziumlarında da Azərbaycanı layiqincə təmsil edib. 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Bir vaxtlar görkəmli bəstəkar Fikrət Əmirov “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının yazarkən qocaman musiqiçilər Seyid Şuşinski və Qurban Pirimovla məsləhətləşərdi. Sonuncu simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz”ı isə Bəhram Mansurovun ifası əsasında yaratdı.

Dünya muzeylərini Azərbaycan xalq musiqi mədəniyyətinin tarixinə aid qiymətli materiallar, foto və sənədlərlə zənginləşdirən, tarlarından biri Yaponiyanın Osaka şəhər muzeyinin ekspozisiyasını bəzəyən Bəhram Mansurovun övladları da incəsənətə layiqli xidmət göstərən varislərdir. Onlardan biri – mərhum dostum, musiqiçi və kinooperator Aydın Mansurov uzun illər AzTV-də çalışıb. Əməkdar mədəniyyət işçisi idi. Aydınla çoxlu birgə işlərimiz olub, zövqü, çalışqanlığı, səmimiyyəti ilə yadda qalıb. 

Elxan Mansurov isə atası ilə eyni ayda, fevralın 21-də anadan olub. O da tarzəndir, Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əməkdar artist fəxri adına layiq görülüb. Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Atasından sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə sənətçidir. Digər qardaşı – bəstəkar, Əməkdar incəsənət xadimi Eldar Mansurovun məşhur “Bəhramnamə” layihəsində o, solo partiyalarını atasından yadigar qalmış tarda böyük məharətlə ifa edib. 

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət